Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:33

Xəstə yaxını: 'Söz verdi ki, 3 gündən sonra yeriyəcək, amma...'


Əməliyyat. Foto illüstrasiya
Əməliyyat. Foto illüstrasiya

«O həkimin bərbad etdiyi ayağı 40 minə də bərpa etdirə bilmədik. Mən ona dəfələrlə anamın yaş həddini xatırlatdım, dönə-dönə soruşdum ki, «bu yaşda bu əməliyyatın təsiri olacaqmı?». Dedi, «işimə qarışmayın»».

Bakı sakini Şaiq Şirinov «Medical Hospital»ın həkimindən şikayətçidir. Onun sözlərinə görə, 65 yaşlı anasının diz qapağından şikayəti ilə bağlı həmin tibb mərkəzinə müraciət edib. Tibb mərkəzinin cərrah-travmatoloqu Emin Kazım da müalicəni üzərinə götürüb. Şaiq Şirinov əməliyyata görə klinikaya 7 min manat ödəyib. Əməliyyat baş tutsa da, nəticəsi olmayıb:

«Mən ona dönə-dönə dedim ki, «həkim, anam xəstə, yaşlı arvaddır, əməliyyatın nəticəsi olmayacaqsa, canını ağrıtmayaq». Müayinələrdən sonra «diz qapağında qığırdaq yeyilib» dedi və əməliyyatın yüz faiz müsbət nəticə verəcəyini vəd etdi».

AYAQDA ÇÜRÜMƏ VƏ ŞİŞMƏ BAŞLAYIB

Beləcə, bu il yanvarın əvvəli Şaiq Şirinov «Medical Hospital»a 7 min manat ödəyib və anası əməliyyat olunub. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Əməliyyatın nəticəsindən şübhələnən Şaiq Şirinov anasını başqa xəstəxanaya götürüb.

***Buna da bax-Pasiyent klinikadan 13 min 450 manat tələb edir

Müayinələrdən sonra bildirilib ki, əməliyyat zamanı ayaqdakı sinir zədələnib. Bu barədə əməliyyatı aparmış cərraha bildirəndə cərrah deyib ki, «bu, ötəridir, əməliyyat vaxtı belə hallar olur və tezliklə sağalacaq». Lakin Şaiq Şirinovun deməsinə görə, fəsadlar bir qədər də dərinləşib. Xəstə ayağını heç tərpədə bilməyib. Ayaqda çürümə və şişmə başlayıb. Başqa həkimlər ayağa qoyulmuş implantın keyfiyyətsiz olduğunu və çürümənin də bu səbəbdən baş verdiyini bildiriblər.

Ölkədəki xəstəxanalarda Şirinovlara bildirilib ki, sürətlə çürümə getdiyindən ayaq təcili kəsilməlidir. Yoxsa çürümə digər ayağa da keçəcək. Lakin Şirinovlar xəstəni bir də Türkiyədəki həkimlərə göstərmək qərarına gəliblər. Türkiyədə xəstəxanalardan birində xəstənin ayağındakı implant çıxarılıb, ayaq təkrar əməliyyat olunub. Ancaq qarşıda sinirin bərpası üçün daha bir neçə cərrahiyyə əməliyyatı gözlənilir.

Şaiq Şirinov cərrah-travmatoloqla bağlı Xətai rayon Prokurorluğuna şikayət edib. O, həkimdən 40 min manat tələb edir.

Məmurlar azərbaycanlı həkimlərə niyə güvənmir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

«MƏNƏ CƏMİ 1000 MANAT QALIB»

«Medical Hospital»dan «Qaynar xətt»ə bildirilib ki, xəstənin ailə üzvlərinin həkimdən 40 min manat tələb etməsi ağlasığmazdır:

«Bəlkə xəstənin ailəsi xəstəni 200 min manata müalicə etdirəcək, bu o demək deyil ki, həkim onlara tələb etdiklərini ödəməlidir. Həkim əlindən gələni edib ki, xəstə ayağa qalxsın. Bu iş prokurorluqdadır, araşdırma davam edir, son sözü də istintaq orqanı deyəcək».

Hospitaldan bildirdilər ki, Emin Kazım hazırda işdə deyil.

***Buna da bax-Səhv müalicələrə xərclədiyi pulları geri tələb edir

AzadlıqRadiosunun əlaqə yarada bilmədiyi cərrah-travmatoloq daha öncə azxeber.com-a danışıb. O, əməliyyat zamanı sinirin kəsilməsi ilə bağlı deyilənləri təkzib edib:

«Xəstənin yaxınlarına protest qoyularkən 1000 xəstədən 14-də belə halların yarana bilməsi ehtimalını dedim. Biz təkcə sol tərəfi əməliyyat etməmişik. Sağ ayağında hər şey normaldır. Birinci gün bəzi hərəkətlər oldu. Xəstənin yaxınları özləri səhlənkarlıq ediblər, onu fizioterapiyaya aparmayıblar. Nəticədə sinir ölüb. Məndən əməliyyatın pulunu tələb edirlər. Mən yalnız ölkə daxilində edəcəkləri müalicələrə müəyyən köməklik edə bilərəm. Ümumilikdə, 7 min manat ödəniş olunub. Onun da 5 mini protezə, 1000 AZN də klinikaya verilib. Mənə cəmi 1000 AZN qalıb. Onu da xəstəyə bir oğlu kimi verə bilərəm».

Xəstənin yaxınları ilə cərrah-travmatoloq arasındakı mübahisələrə prokurorluq və məhkəmə son qoyacaq.

XS
SM
MD
LG