Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:43

Məhbusun ölüm səbəbləri araşdırılır


Faiq Qurbanov
Faiq Qurbanov

-

«Penitensiar Xidmətin Müalicə Müəssisəsində, mətbuatda yazıldığı kimi, bir neçə deyil, bir məhbus ölüb. Həmin məhbusun ölüm səbəbi hazırda araşdırılır».

Bu haqda AzadlıqRadiosuna Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Qurbanov məlumat verib:

«Həmin məhkum 6 saylı müəssisədə cəza çəkirmiş, həmin vaxt Müalicə Müəssisəsində olub. Müalicə Müəssisəsində mədə ağrılarından vəfat edib. Bu ölüm faktı ilə bağlı müvafiq istintaq orqanında araşdırma gedir. Ölüm faktı varsa, bu, araşdırmanın predmetidir. İşgəncə iddiasından asılı olmayaraq araşdırma aparılır. Güman edirəm ki, araşdırma nəticəsində onun hansı səbəbdən ölməsi bəlli olacaq».

Fevralın 12-də ölən məhbus Nurani İbrahimovun yaxınları AzadlıqRadiosuna deyib ki, o, işgəncədən ölüb, bədənində bunun izləri olub.

Faiq Qurbanov deyir, məhbus yaxınlarının dedikləri ilə o da tanışdır:

«Hazırda ekspertizalar keçirilir, araşdırma gedir. Bu iddiaların nə qədər həqiqətə uyğun olub-olmadığı araşdırma nəticəsində üzə çıxacaq».

«MÜALİCƏ İSTƏYƏN MƏHBUS CƏRİMƏ KAMERASINA SALINA BİLMƏZ»

Faiq Qurbanov 17 saylı Cəzaçəkmə Müəssisəsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun cərimə kamerasına salınmasına da toxunub. Məhbusun həyat yoldaşı Fəxriyyə Xasməmmədova bildirib ki, hüquq müdafiəçisinin müalicəyə ehtiyacı olub. Bununla bağlı müraciət edəndə isə 15 günlük cərimə kamerasına salınıb.

Ədliyyə Nazirliyi rəsmisi isə söyləyir ki, müalicə istəyən məhkum cərimə kamerasına salına bilməz:

«Bu iddia məntiqsizdir. Müalicə olunmalı adam müalicə istədiyi üçün cərimə kamerasına salına bilməz. Çünki hər bir müəssisənin sanitar hissəsi var. Xəstəlik sanitar müəssisədə müalicə oluna bilmirsə, məhbus Müalicə Müəssisəsinə köçürülür. Bizdə bununla bağlı müvafiq infrastruktur da mövcuddur. Ona görə bu, anlaşılmaz iddia kimi səslənir. O, müalicə üçün müraciət edibsə, buna əks-reaksiya verilməsini güman etmirəm. Məhkum cərimə kamerasına rejim qaydalarını pozanda salınır».

Həm ölən məhbus, həm də Taleh Xasməmmədovun cərimə kamerasına salınması ilə bağlı Ombudsman Aparatının işgəncələrin araşdırılması şöbəsinin müdiri Rəşid Rumzadəyə də müraciət etdik. Şöbə müdiri bildirdi ki, məlumatlar araşdırılır, yaxın günlərdə bu haqda məlumat veriləcək.

XS
SM
MD
LG