Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:52

Məhbus mübadiləsinin Putinə nə faydası var? 


AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva da məhbus mübadiləsi çərçivəsində azadlığa çıxıb
AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva da məhbus mübadiləsi çərçivəsində azadlığa çıxıb

Avqustun 1-də prezident Vladimir Putin hökumətinin azad etdiyi şəxslər arasında öz ölkələrində həbsə atılmış Rusiya vətəndaşları ilə yanaşı, Qərb dövlətlərinin vətəndaşları da var. Bəs Putin hökuməti nə əcəb onları azad etmək qərarına gəlib və bu qərarı məhz indi verib?

AzadlıqRadiosunun Rusiya, Ukrayna və Belarus masasının redaktoru Stiv Qatterman (Steve Gutterman) öz yazısında həmin suallara cavab axtarıb.

Hakimiyyətə gəlməzdən öncə sovet KQB-sinin əməkdaşı və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB-nin) rəhbəri olmuş Putin dəfələrlə Kremlin “düzgün” rusiyalı kimi gördüyü adamları, o cümlədən güvənlik xidmətlərinin sadiq üzvlərini ucaldaraq müdafiə etdiyini göstərməyə çalışıb.

“Avropa paytaxtlarında quldurları məhv edən şəxs”?

Bunun bariz nümunəsi keçmiş FSB zabiti Vadim Krasikovun, ən azı, Putin baxımından, bu məhbus mübadiləsinin mərkəzində durmasıdır. Krasikov 2019-cu ildə törətdiyi qətlə görə Almaniyada ömürlük həbs cəzasına məhkum edilib. O, günün günortaçağı Berlinin məşhur parklarından birində Çeçenistanda səhra komandiri olmuş Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini (Khanqoşvili) qətlə yetirib.

Almaniyada prokurorluq 2000-2004-cü illərdə İkinci Çeçen Savaşında separatçı qüvvələrin komandiri olmuş Xanqoşvilinin qətlinin Moskvanın sifarişi olduğunu iddia edib.

Fevral ayında amerikalı media fiquru Taker Karlsona (Tucker Carlson) müsahibəsində Putin Krasikovun adını çəkmədən onu tərifləmiş, "vətənpərvərlik hisslərinə görə Avropa paytaxtlarında quldurları məhv edən şəxs" adlandırmışdı. O, məhkum edilmiş qatilin azad edilməsinə və Rusiyaya qaytarılmasına çalışdığını da açıqca bildirmişdi.

Krasikov kimi şəxsləri ucaltmağa çalışan Rusiya dövləti öz siyasi opponentlərinə, vətəndaş cəmiyyəti qruplarına, dissidentlərə, özəlliklə Ukraynadakı müharibəyə qarşı çıxanlara basqısını get-gedə artırmaqdadır.

Rusiyada həbsə atılan dissidentlərdən bəziləri “ekstremist” fəaliyyətlərdə suçlanıb, bəziləri də Rusiya ordusunu gözdən salmaqda və Putin hökumətinin Ukraynada aaprdığı müharibə haqda “yanlış məlumat yaymaqda” təqsirli bilinib.

Ancaq indi Putin onlardan bəzilərini azad etməklə Kremlin dövlət düşməni və Qərbin əlaltısı saydığı adamlardan qurtulması siqnalını verir.

“Milçək kimi kənara tüpürəcəklər”?

Putin 2022-ci ilin martında - Ukraynaya savaş açandan az sonra demişdi ki, rusiyalılar “hər zaman gerçək yurdsevərləri alçaq və xainlərdən ayıra biləcək və onları, sadəcə, təsadüfən ağızlarına girmiş milçək kimi kənara tüpürəcəklər”.

Putin humanitar maraqlardan çıxış etdiyini də iddia edə bilər. O, daha öncə Mixail Xodorkovski kimi məhbusların işində də belə davranıb.

Bununla yanaşı, müxalifətçi Aleksey Navalnının ölümü hətta Rusiyadan kənarda yaşayacağı halda da onun azad olmasının istənmədiyini göstərir. Navalnının müttəfiqləri iddia edirlər ki, bu məhbus mübadiləsində o da azad edilməli idi və o ölən zaman bunun üzərində iş gedirdi.

Bir neçə dövlətin iştirakı ilə baş tutan bu məhbus mübadiləsi ABŞ-Rusiya danışıqlarının nəticəsidir. Mübadilə ABŞ-da prezident seçkilərindən cəmi 3 ay öncə baş tutub. Rusiya və başqa yerlərdə şübhəli ittihamlarla həbsdə saxlanan amerikalıların azad edilməsini təmin etmək istəyini dönə-dönə ifadə edən prezident Co Bayden (Joe Biden) ötən ay seçkilərdə namizədliyini geri götürüb.

Noyabrın 5-də keçiriləcək seçkilərdə keçmiş prezident Donald Trampın (Donald Trump), yaxud indiki vitse-prezident Kamala Harrisin seçilməsindən asılı olmayaraq, Rusiyada həbsdə saxlanan bir neçə amerikalının azad edilməsi seçkilərdən və növbəti dördillik prezidentlik müddətindən öncə bəlli yüngüllük gətirir.

Başqa sözlə, ABŞ və Rusiya arasındakı münasibətlərdə gərginlik yaradan mühüm amillərdən biri aradan qalxmış olur. Əslində, tam Ukraynaya qarşı müharibəyə fokuslanan Putin bu məhbus mübadiləsindən ABŞ-nin Ukraynaya yardımını zəiflətmək üçün yararlanmağa, ya da müharibəyə görə qoyulan sanksiyalarla bağlı güzəştlər əldə etməyə çalışa bilər.

Londondakı Kral Kollecinin (King’s College London) Rusiya İnstitutunun professoru Səm Qrin (Sam Greene) deyir ki, Kreml bu məsələni “Ukraynanı təcrid etməyə çalışmağa fürsət” saya bilər.

“Bu mübadiləni etməklə, Moskva: a) xoş niyyətlə danışıqlara gedə biləcəyini və b) Qərblə sövdələşmək istəyini göstərməyə çalışır. …Bu, Qərb hökumətlərini Kiyevə atəşkəsi qəbul etdirməyə çağıranların mövqeyini gücləndirəcək və bu cür atəşkəsin yaxın, orta və uzunmüddətli perspektivdə Ukrayna və Avropanın güvənliyini təhdid etdiyini düşünənlərin mövqeyini zəiflədəcək”, - Qrin “X”də belə yazıb və əlavə edib:

“Qərbdə Ukraynaya dəstəyi sürdürməyin faydası ilə bağlı şübhə toxumu səpməyin özü yetərincə böyük qazanc ola bilər. Ancaq Kreml bu riskə də gedir. Əgər bu işə yaramazsa və dəstək davam edərsə, sövdələşmə üçün daha nə qalır? Sadəcə eskalasiya”.

Putin Trampın seçilməsini istəyir?

Bir çox təhlilçi deyir ki, Putin Trampın seçilməsini istəyir. Kremlin bu mübadilənin gətirdiyi qazancdan Baydenin yararlanmasını istəmədiyi, Tramp seçiləcəyi halda bu addımı atmağa üstünlük verdiyi haqda söz-söhbət var. Burada da Kreml ABŞ-dən Ukrayna və regional təhlükəsizlik məsələləri ilə bağlı güzəştlər qoparmağa çalışacaqdı.

Ancaq bu da daxili auditoriyaya Qərbə yaltaqlanmaq kimi görünə, üstəlik, Harris seçilərsə, yersiz güzəşt təsiri bağışlaya bilərdi. Bu üzdən, Kreml həmin addımı məhz indi atmağı seçmiş ola bilər. Üstəlik, Kreml Baydenin məsələyə yanaşması, əsasən, bilindiyi halda, Tramp, yaxud Harrisin yanaşmasının necə olacağını öncədən hesablamaqda çətinlik çəkmiş ola bilər.

Ancaq məqalədə bu da deyilir ki, mübadilə ABŞ-dəki seçkilərlə çox bağlı olmaya, daha çox danışıqların əlverişli nöqtəyə gəlib çatması, eləcə də Putinin Krasikovu Rusiyaya qaytarmaqda maraqlı olması kimi amillərlə bağlı ola bilər.

XS
SM
MD
LG