Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:08

Mehriban Əliyeva təklif verib, amma nə qanun var, nə də...


Mehriban Əliyeva
Mehriban Əliyeva

►"Xeyriyyəçiliklə bağlı layihələr vergidən azad olunmalıdır"

Azərbaycan xeyriyyəçiliyə görə 145 ölkə arasında 122-ci yerdədir. Ümumdünya İanə İndeksi açıqlanıb. Bu indeks əhalinin ehtiyac içində olanlara necə yardım göstərdiyini ortaya qoyur.

Dünya ölkələrinin bu cür qiymətləndirməsini aparan isə Böyük Britaniyanın xeyriyyə fondu kimi tanınan “Charities Aid Foundation”dır.

Bu fondun dəyərləndirməsinə görə, dünyada ən çox yardım əli uzadan Asiya ölkələridir. Artıq ikinci ildir ki, siyahıya liderlik edən mətbuatda adı çox az hallanan, əhalisinin 80 faizindən çoxu buddist olan, həm də “saflıqlar ölkəsi” adlandırılan Cənubi Asiya ölkəsi Myanmardır.

Sonrakı yerlərdə Amerika Birləşmiş Ştatları, Yeni Zelandiya, Kanada, Avstraliya gəlir.

Hesabatda deyilir ki, builki reytinqdə müsəlman ölkələrində müsbətə doğru dəyişiklik var. Amma bu dəyişiklik daha çox Qırğızıstan və Qazaxıstanın hesabınadır. Bu ölkələr bir il öncə ilə müqayisədə müvafiq olaraq 65 və 45 pillə irəliləyiblər.

Azərbaycan isə siyahıda geriləyənlərdəndir. Əgər 2014-cü ildə xeyriyyəçilik göstəricisinə görə 87-ci yerdə, 2013-cü ildə 69-cu yerdə idisə, bu il xeyri geriləyərək 122-ci olub.

Buna da bax: "Balış altda" pulunuz varsa, bu yazını oxuyun

"CƏMİ BİR MANAT VAR DEDİLƏR"

Azərbaycanda yardım əli uzadanların sayı azalsa da, bu ələ ehtiyacı olanlar barədə bunu demək olmaz.

Ən azından sosial şəbəkələrdə, mətbuatda imkanlı insanlardan imdad uman, mərhəmət gözləyən xəstələr, əlil və köməksizlərlə bağlı elanlar, müraciətlərin getdikcə artdığını görmək olar. Ölkədə xeyriyyəçiliyin nə dərəcədə yayıldığını qiymətləndirmək isə çətindir, çünki bununla bağlı hər hansı statistika yoxdur.

Təbii ki, özəlliklə də sosial şəbəkələrdə yayılan müraciətlərə hamı yalnız göz atıb keçmir, ianə verənlər, mərhəmət göstərənlər də var. Məsələn, yada xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynova düşür. Qan xərçəngindən əziyyət çəkən gənc qız sonda sağlamlığına qovuşmasa da, onun üçün təşkil olunan yardımtoplama kampaniyası sanki bir çoxlarını silkələmişdi. İanə aksiyaları, “event”lər öz bəhrəsini vermişdi, kampaniyada yetərincə məbləğ toplanmışdı.

Mahal İsmayıloğlu
Mahal İsmayıloğlu

Amma əks nümunələr də var. Xəstəlikdən vəfat edən jurnalist Mahal İsmayıloğlunun qızı Ayanın atasının ölümündən sonra mətbuatda bir yazısı dərc olundu. Ayan atasını xilas edəcək məbləği toplamaq üçün yardım kampaniyası başladır və müraciətlər yayır.

“Banka gedib hesabımı yoxladım “cəmi bir manat var” dedilər. Əlim-qolum sınıb yanıma düşdü….Düşündüm ki, evə gedib atamın üzünə necə baxacam? Onun az da olsa, qalmış ümidinin bir daha qırılıb çilik-çilik olmasına dözə biləcəyəmmi? … Əvəzimə anam “Mahal, heç nə alınmadı, kömək edən yoxdur”, deyə bildi. Həyat gözündə qaraldı. Niyə? Niyə axı, kimsə səsimizi eşitmədi?” – yazır Ayan.

Nə baş verir? Xeyriyyəçilər var, sadəcə, onları tapıb üzə çıxarmaq gərəkir? Yoxsa tarixən xeyriyyəçilik ənənəsi olan xalqda indi xəsislikmi yaranıb, ya da güzəran dəyişib, hərənin başı ancaq öz dolanışığına qarışıb?

Buna da bax: Müsəlmanlardan Britaniyada keçirilən sorğuya etiraz

“DÖVLƏT DƏSTƏYİ OLARSA…”

Nazlı Mustafayeva
Nazlı Mustafayeva

Nazlı Mustafayeva gənc anadır, boynunda Hockin limfoması aşkarlanıb. Xəstəliyi başlanğıc mərhələdə olduğundan sağalma ehtimalı böyükdür. Amma buna görə bir neçə kimyaterapiya kursu keçməli, daha sonra Türkiyədə radioşüa almalıdır. Maddi imkanı əl vermədiyinə görə, xeyriyyəçilərə üz tutub, amma:

Nazlı Mustafayeva
Nazlı Mustafayeva

“1 ay öncə “Heydər Əliyev Fondu”na yazdım, amma indiyədək bir xəbər yoxdur. Bu gün yenə yazdım. Başqa bir yardım mərkəzinə də müraciət etdim, onlar evə gəlib mənimlə görüşdülər. Baxıb gördülər ki, yataq xəstəsi deyiləm. Amma şərt deyil ki, yatağa düşəsən sonra yardım edilsin. Xəstəliyin üstünə vaxtında, çox erkən mərhələdə düşmüşəm, amma hər kimyaterapiya kursu 700 manata başa gəlir.

Radioşüa almam üçün 10 min manata ehtiyac var, yoxsa xəstəliyim bütün bədənə yayıla bilər. Bağçada işləyirəm, əmək haqqım 150 manatdır, indi isə xəstəliyimə görə işə də çıxa bilmirəm. Bankda hesab açdım ki, bəlkə lazım olan məbləği yığa bilərəm. Amma 1 aydan çox keçib, ora cəmi 400 manata kimi pul yığılıb”.

Öz təcrübəsinə əsaslanaraq Nazlı da düşünür ki, yardım əli uzadanların sayında azalma var. Nazlıya görə, başlıca səbəb inamsızlıqdır. Deyir ki, xeyriyyəçilərin mərhəmətindən sui-istifadə halları getdikcə artır deyə, zaman-zaman əsl imdad umanlara da inam itir.

“Ümid.az” Xeyriyyə Forumunun rəhbəri İrina Əyyubzadə isə səbəbi daha çox yardıma ehtiyacı olanların susmasında görür. Deyir ki, Azərbaycanın bölgələrində yardıma ehtiyacı olanlar daha çoxdur, amma paytaxt Bakıdan fərqli olaraq, bu cür insanlar kimə, necə müraciət etməyi belə bilmirlər, cəmiyyətdə bu yöndə maarifçilik istənilən səviyyədə deyil.

Yardım göstərmək istəyənlərə gəlincə isə, forum rəhbəri bu cür adamların heç də az olmadığı fikrindədir. Düşünür ki, dövlət dəstəyi olarsa, bu say daha da artar və Azərbaycan həmin göstəriciyə görə dünya müstəvisində heç də geri qalmaz:

“Məsələn, özəl xəstəxanalarda bu cür yardımlara ehtiyacı olanlara, imkansızlara pulsuz laboratoriya xidmətləri göstərilə bilər və buna görə onlara, eləcə də digər xeyriyyəçilik edən iş adamlarına dövlət vergidə və ya başqa necəsə güzəştlər edə bilər. Düzdür, mərhəmətli insan ona güzəşt olunsa da, olunmasa da, yardım əlini uzadır, yəni xeyriyyəçilik bundan asılı deyil. Amma bu da olsa, düşünürəm ki, xeyriyyəçiliyin səviyyəsi qalxar, çünki bizim insanlar xeyriyyəçilik edən insanlardır, aramızda səxavətlilər çoxdur”.

Buna da bax: Lavrov Türkiyəyə getmədi [VIDEO]

NƏ QANUN VAR, NƏ DƏ KONSEPSİYA...

Azərbaycanda “Xeyriyyəçilik haqqında qanun”un qəbulu uzun müddətdir müzakirə olunmaqdadır. Ekspertlər, eləcə də bəzi millət vəkilləri düşünür ki, ölkədə xeyriyyəçilik fəaliyyəti də qanunla tənzimlənməlidir. Mütəxəssislərin fikrincə, Azərbaycan da bu məsələdə beynəlxalq təcrübədən yararlana bilər, məsələn, xeyriyyəçiliklə bağlı layihələri vergidən azad edə bilər.

Bir neçə il əvvəl Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva xeyriyyəçiliyin inkişafına dair milli konsepsiyanın hazırlanmasını təklif edib. Amma hələ ki, nə qanun var, nə də konsepsiya...

Həmçinin baxın: AzadlıqRadiosunun Youtube kanalında:

XS
SM
MD
LG