Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

'Məmmədli qrupu'da qalan keçmiş məhbuslara da bəraət veriləcəkmi?


Avropa İnsan Haqqları Məhkəməsinin binası, Fransa, Strasburq 11 sentyabr 2019
Avropa İnsan Haqqları Məhkəməsinin binası, Fransa, Strasburq 11 sentyabr 2019

Sentyabrın 17-da  Avropa Şurası Nazirlər Komitəsi «Məmmədli qrupu»na daxil olan işlərlə bağlı son toplantısının qərarını açıqlayıb. 

Bu qrupda hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla və Arif Yunusovlar, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, fəallar Qiyas İbrahimov, mərhum Bayram Məmmədov, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı yer alıb. Həmin qrupda olanlar vaxtı ilə müxtəlif ittihamlarla ( vergidən yayınma, iğtişaş salma və başqa ittihamlarla) həbs ediliblər. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onların hüquqlarının pozulduğunu tanıyıb.

Komitə İlqar Məmmədov, Rəsul Cəfərov işində olduğu kimi ( onlara AİHM qərarından sonra Azərbaycanda bəraət verilərək təminat ödənilib) Ali Məhkəmə vasitəsilə digər şəxslərin üzərindən də məhkumluğun götürülməsi, təcili əməkdaşlıq edilməsi və dekabrda mövcud vəziyyətlə bağlı aralıq qətnamə hazırlanmasına dair qərar verib.

Qurumun başqa bir qərarö isə ayrı-ayrı vaxtlarda Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilən üç vəkil – Xalid Bağırov, Aslan İsmayılov və Elçin Namazovla bağlıdır. Avropa Şurasının Nazirlər Komitəsi hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən bu şəxslər Kollegiyaya bərpa edilməlidir. Həmin şəxslər qanunvericiliyin tələblərini pozmaqda günühlandırılaraq kollegiyadan xaric ediliblər. Amma bəzi yerli hüquq müdafiəçiləri də hesab edirlər ki, bu məsələdə siyasi sifariş olub.

Bu məsələlər artıq bir neçə dəfədir Avropa Şurasının Nazirlər Komitəsində müzakirəyə çıxarılır. Qərarlar icra olunmasa Avropa Şurası hansı addımları ata bilər? Azərbaycan hökuməti bu qərarların fərqindədirmi?

«Bəzən biz səhv fikirlər eşidirik ki,…”

Elman Nəsirov, 2018
Elman Nəsirov, 2018

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov “Turan” Agentliyinə bildirib ki, Azərbaycan hüquqi və demokratik inkişaf yolu keçmiş dövlətdir:

«Bəzən biz səhv fikirlər eşidirik ki, hansısa dövlət demokratiyanın bayraqdarıdır, beşiyidir və sair. Bu yanaşmalar nisbi xarakter kəsb edir. Demokratiya bir prosesdir. Onun mərhələləri var və ölkələr illər keçdikcə müəyyən mərhələləri addıyırlar. Heç bir dövlət deyə bilməz ki, o demokratiyanın son nöqtəsindədir».

Komitə üzvünün sözlərinə görə, bu nöqteyi-nəzərdən Avropa Şurasının və onun müvafiq qurumlarının Azərbaycanla bağlı ara-sıra reallıqdan uzaq olan ittihamlarına da rast gəlinib:

«Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlar olub və onların icrası ilə bağlı problem olmayıb. Məsələn, İlqar Məmmədovun işi ilə bağlı qərar var və onun icrası həyata keçirilib. Ayrı-ayrı hallarda qərəzli şəkildə bu cür ittihamlar olub və qərəzli qərarlar çıxarılıb».

“…Hər dəfə reallığı əks etdirmir”

Onun fikrincə, Avropa Şurasının və onun müvafiq qurumlarının qərarları hər dəfə reallığı əks etdirmir:

«Çünki bu qurumlarda kifayət qədər ermənipərəst siyasi dairələrin olması faktını nəzərdən qaçırmaq olmaz. Onlar bir çox hallarda Azərbaycana təzyiq hədəfini seçirlər. Bu halda ən rahat və sınanmış üsul insanların hüquq və azadlıqları ilə bağlıdır. Bu gün onların bütün qərarları icra olunsa belə onlar yenilərini icad edəcəklər».

Deputatın qeyd etməsinə görə, Azərbaycan ictimaiyyəti sözügedən qurumların qəbul etdiyi sənəd və qərarlara o zaman inanardı ki, onların Qarabağ məsələsində mövqeləri haqlı olsun:

«Bizim bir milyondan çox qaçqın və məcburi köçkünlərin olduğu bir reallıqda onların pozulmuş hüquqlarının bərpası ilə bağlı hansı addımlar atdılar? Bəşəri cinayət olan Xocalı soyqırımı törədildi. Bu məsələdə AİHM-in bir qərarı olsaydı, cəmiyyətimiz görərdi ki, bu cinayətə əl atmış Ermənistanın vəzifəli şəxsləri hüquqi müstəvidə cəzasını alıb. Bu kimi halların heç biri olmadı».

“Ondan sonra isə yəqin ki, hansısa addımları atacaqlar»

Bəşir Süleymanlı, 2010
Bəşir Süleymanlı, 2010

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, sözügedən məsələ ilə bağlı Azərbaycan hökumətinə artıq bir neçə dəfədir vaxt verilir:

«Ötən il İlqar Məmmədov və Rəsul Cəfərov bu siyahı çərçivəsində bəraət aldı, digərləri isə saxlanıldı (bu qrupda olanlardan mərhum Bayram Məmmədovdan başqa hamısı hazırda azadlıqdadır). Məsələni həll etmək üçün sonuncu vaxt avqusta qədər verildi, indi isə noyabra qədər uzadıldı. Ondan sonra isə yəqin ki, hansısa addımları atacaqlar».

«Ciddi bir sanksiyaların olmasını mən gözləmirəm ”

Onun sözlərinə görə, addımlar çox güman ki, deklarativ xarakterli olacaq:

«Ciddi bir sanksiyaların olmasını mən gözləmirəm. Sadəcə bu, Avropa Şurası çərçivəsində Azərbaycanda məhkəmə, insan haqları vəziyyətini müzakirə edərkən dövlətin nüfuzuna qara bir ləkə kimi yazılacaq».

Onun fikrincə, əgər bu məsələ həll olunmasa Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə bağlı atdığı istənilən bir pozitiv addım effektiv olmayacaq:

«Onda bu addımlar yalnız imitasiya xarakteri daşıyacaq. Bu adları qeyd edilmiş vəkillər məsələsinə də aiddir».

XS
SM
MD
LG