Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:50

Asif Yusiflinin anası pensiyadan da məhrum olub


Sədaqət Yusifova
Sədaqət Yusifova

.

Sədaqət ana indi oğlunun Kürdəxanı təcridxanasından qapalı həbsxanaya köçürülməsini səbirsizliklə gözləyir, onu qucaqlayıb bağrına basmaq üçün...

“Bütün analar kimi mən də övladıma görə gedirəm o yolu, anayam, çəkdiyimi içimdə çəkirəm”.

63 yaşlı ana – Sədaqət Yusifova aylardır ki, həbsxana yollarını gedib-gəlir, səhhəti əngəllər yaratsa da. Oğlu – AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli ötən ilin noyabrından həbsdədir. Fəridə Zülfüqarova adlı bir zərərçəkənin şikayəti əsasında həbs olunub, onun vəsaitini mənimsədiyi iddia olunur. Söhbət 6 min 500 manatın mənimsənməsindən gedir.

Hələ məhkəmə hökmünü çıxarmamış Sədaqət ana, oğlu bu ittihamı qəbul etməsə də, pensiya kartını əlinə alıb banka üz tutub. Həmin məbləğdə kredit götürüb ki, zərərçəkənə ödəsin və bununla da iş bitsin, oğluna azadlıqda qovuşsun. Amma necə deyərlər, “it də gedib, ip də”.

Pul zərərçəkənə ödənsə də, Asif Yusifli buraxılmayıb. Heç bu, ona verilən hökmü də yumşaltmayıb, hakim 6 min 500 manat məbləğə görə 7 il 6 ay həbs cəzası təyin edib.

TƏQAÜDÜNDƏN VAZ KEÇİB Kİ...

Asif Yusifli
Asif Yusifli

İndi ananın aylıq 156 manat təqaüdü qəpiyinədək banka ödənir və bu durum hələ 1 il 7 ay da davam edəcək. Sədaqət ana deyir ki, zərərin ödənəcəyi halda həbs olunmayacağına Asif Yusifli özü də inanırmış:

“Özü mənə deyirdi ki, pul ödənsə, mənə iş verməzlər, ya da çox az iş verərlər. Mən də kredit götürdüm ki, oğlumu buraxacaqlar. Yəqin ki, məhkəməni də uzatmaqla gözləyirdilər ki, Asif təslim olacaq, əqidəsindən dönəcək və onu buraxacaqlar. Dönmədiyini görüb 7 il 6 ay cəza verdirlər”.

Əqidədən söz düşmüşkən, anasının dediyinə görə, Asif Yusifli AXCP-yə illər öncə, hələ Əbülfəz Elçibəyin dövründə qoşulub, ali məktəb bitirib, könüllü əsgərliyə gedib, qayıdanda isə partiyaya yazılıb. Valideynləri bu yoldan onu döndərməyə çox cəhd ediblər, amma:

“Atası da, mən də istəmirdik onun partiyaya getməsini. Deyirdik ki, hüquq kimi məktəb bitirib, gedib işləsin. Atası danlayırdı onu, deyirdi ki, “dəyişiklik etmək bir tək sənin gücün deyil, bunun üçün xalq birləşməlidir, birlik olmalıdır”. Amma dönmədi.

İndi də ətrafdakılar mənə deyirlər ki, “onu yolundan döndər, xəstə qızı, anası var”. Mən də deyirəm hələ o vaxt dönməyən adam indi 41-42 yaşında əqidəsini dəyişərmi, özü də bir mənim sözümlə?”

“BİZƏ “SALAM” VERMƏKDƏN QORXURLAR Kİ...”

Asif Yusifli Qarabağ müharibəsi əlilidir, bir əlini müharibədə itirib. Həbsindən az əvvəl isə ağır avtomobil qəzası keçirib, ayağından əməliyyat olunub, bir ayağı hələ də işlək deyil. Həbsxana şəraiti ağrılarını bir az da artırır.

“144 il azadlıqdan məhrum etsələr belə, xalqımın, millətimin yolunda qəbul etməyə hazıram. Fəxr edirəm ki, şərin yox, xeyrin tərəfindəyəm. Ola bilər ki, ədalət tərəfdarı yenə də məğlub olacaq, son nəfəsinə kimi qanına qəltan ediləcək, amma ən böyük loğman zamandır” – bu sözlər Asif Yusifliyə aiddir.

İyulun 30-da o, Bakı Ağır Cinayətlər Məhkəməsində son sözünü deyərkən həbsini siyasi fəaliyyəti ilə bağlayıb. Elə yerli və beynəlxalq təşkilatlar da onu siyasi məhbus sayır, məhz əqidəsinə, siyasi mövqeyinə görə həbs olunduğunu deyirlər. Artıq bu reallığı Sədaqət ana da qəbul edib. Deyir “yəqin azadlıq, demokratiya uğrunda hər ana bir oğul qurban verməlidir, mən də boynuma düşəni vermişəm”.

Ananın narahatlığı həm də oğlunun səhhətinə görədir. Asif Yusifli Qarabağ müharibəsi əlilidir, bir əlini müharibədə itirib. Həbsindən az əvvəl isə ağır avtomobil qəzası keçirib, ayağından əməliyyat olunub, bir ayağı hələ də işlək deyil. Həbsxana şəraiti ağrılarını bir az da artırır. Ailə həftəlik azuqə ilə yanaşı ona həm də dava-dərman aparır. Asifin bir sifarişi də kitablarla bağlıdır. Həbsdə vaxtını kitab oxumaqla keçirir, – həm ixtisası hüquqla bağlı kitablar oxuyur, həm də ədəbiyyat. Bütün bunları alıb aparmaq isə ailəyə heç də ucuz başa gəlmir. Amma Sədaqət ana deyir ki, nəinki maddi dəstək, bəzən ətrafdakılar siyasi məhbus ailəsinə mənəvi dəstək göstərməkdən də çəkinirlər:

“Deyirlər əsas ana – vətən və torpaqdır. Asif xalqa, vətənə görə anasından da keçib. Xalq yolunda tutulanlara gərək cəmiyyət də dəstək göstərə, gələ bir salam verib deyə ki, “Allah köməyi olsun”. Elə cəmiyyətik ki, bizdə bu yoxdur. Əksinə çoxu qorxur ki, bizə salam versə, onları da tutub apararlar”.

Sədaqət ana indi oğlunun Kürdəxanı təcridxanasından qapalı həbsxanaya köçürülməsini səbirsizliklə gözləyir. 8 aydır oğlunu yalnız şüşə arxasından görən, səsini ancaq telefondan eşidən ana üçün həbsxana onu bağrına basıb qucaqlamaq imkanı yaradacaq.

Vəkili Fəxrəddin Mehtiyevin dediyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Asif Yusifli barəsində çıxardığı hökmdən apellyasiya şikayətləri veriblər deyə, hələ ki o, Kürdəxanı təcridxanasında saxlanır, köçürülməsindən söhbət getmir. Apelyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi isə açıqlanmayıb.

XS
SM
MD
LG