Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:32

Hansı mənzillərin qiyməti artır. Ukrayna müharibəsinin də təsiri var


Mənzilin dəyərinin 40 faizini dövlət ödəyir? Sosial evlərdə xarici təcrübə
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Mənzilin dəyərinin 40 faizini dövlət ödəyir? Sosial evlərdə xarici təcrübə

"Bakıda mənzillər bahadır, yaxşısını da tapmaq olmur. Bu gün bəyəndiyin mənzilə beh vermirsənsə, sabah gələndə artıq satılmış olur". Bunu deyən Vüqar və Aytac Qasımov cütlüyü altı ildir ki, evlidir. Evləndikləri gündən pul yığıb Bakının mərkəzinə yaxın ərazilərdən mənzil almağı planlayırlar. Hər il mənzil bazarı ilə maraqlanan cütlük qiymətlərin bu il od tutub yandığını deyir.

"Təxminən dörd ildir ki, əmlakçılar ilə tez-tez danışırıq, 2018-ci ildə təklif edilən üçotaqlı evlər, indi dörd qat bahadır. Təzə tikili, ya da birinci əl evlərin sayı ötən illə müqayisədə azdır, qiyməti isə baha. Ərazi olaraq da qiymətlər dəyişir. Paytaxtın "Həzi Aslanov" metrosu yaxınlığında üçotaqlı ev 172 min manata satılırsa, eyni vəziyyətdə ev "Nizami" metrosu yaxınlığında 260 min manata təklif edilir. Köhnə tikililər nisbətən ucuzdur. Yenə "Nizami" metrosuna yaxın üçotaqlı, köhnə tikili ilə maraqlandıq, qiyməti 160 min manata idi. Bu il qiymətlərin kəskin artmasının səbəbini başa düşmürük, indi yığdığımız pul ilə üç il əvvəl yaxşı mənzil ala bilərdik, indi isə bu qeyri-mümkündür", – Vüqar Qasımov AzadlıqRadiosuna deyib.

"Nikolaydan" qalma qəzalı binalarda yaşamaq necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:18 0:00

5.5 faizlik artım

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda bu ilin doqquz ayında mənzillərin dəyəri ötən ilin eyni dövrünə nisbətən 5.5 faiz artıb. Bu dövrdə də ən yüksək qiymət artımı ilkin mənzil bazarında müşahidə edilib – 5.7 faiz, təkrar mənzil bazarında bahalanma isə 5.1 faiz olub.

AzadlıqRadiosu mənzil bazarındakı qiymət artımı və satış dinamikasının səbəblərini araşdırıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 2022-ci ildə Bakı üzrə əmlak bazarında ən bahalı mənzil 5 milyon manata satılıb. 13-15 milyon manata satılan villalar da olub.

"Rəsmi olmasa da, hesablamalarımıza əsasən, 2022-ci ilin ötən dövründə 170 min daşınmaz əmlak satışı həyata keçirilib. Tələbat, əsasən, dəniz mənzərəli, eləcə də mərkəzə yaxın ərazilərdə yerləşən mənzillərə olub. Bölgələr üzrə Gəncədə müsbət dinamika var. Həm satış bazarında canlanma hiss olunur, həm də qiymətlər artıb. Ötən illərlə müqayisədə Qəbələdə də satışlar artıb", – o söyləyib.

İpoteka kreditləri və MTK-lar

Rüstəmov deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti artırması satış dinamikasına müsbət təsir edib. Hər 10 mənzildən 7-si məhz bu fond vasitəsilə satılıb. Fond 2020-2025-ci illər üçün 20 min ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 1.7 milyard manat məbləğində ipoteka kreditini maliyyələşdirməyi nəzərdə tutub. "Bu vəsaitin təsiri ilə bazar ayaqda qalmağı bacardı", – əmlakçı deyib.

Bu ilin yanvar-sentyabr aylarında 51 mindən çox daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.5 faiz çoxdur. Məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yayıb.

Əmlakçı Rüstəmov Mənzil-Tikinti Kooperativlərinin (MTK) sayının artmasını da əmlak bazarındakı canlanmanın səbəbi hesabı edir. Onun sözlərinə görə, MTK sayı 10 il öncə ilə müqayisədə artıb və bu da rəqabət mühiti yaradır.

"Yeni tikililərin çoxalması qiymətlərin 15-20 faiz artmasına səbəb olur. Şəhərin müxtəlif yerlərində gedən söküntülərdən sonra yeni evlər tikiləcək və bunlar da daha yüksək qiymət ilə təklif ediləcək. Qiymətlərin bahalığı satışa təqdim edilən evlərin hazırkı dönəmdə daha az olması ilə bağlıdır. Bir müştəri ev almaq istəyəndə yaxşı mənzil tapa bilmir", – əmlakçı qeyd edib.

N.İbrahimov
N.İbrahimov

Köhnə tikililərə maraq

Əmlak eksperti Nüsrət İbrahimov qiymət artımı ilə yanaşı, satışın da çoxalmasını vətəndaşların köhnə tikililərə marağının artması ilə izah edib. Marağın səbəbi isə köhnə tikililərin yeni tikililərə nisbətdə ucuz olmasıdır. "Əgər yeni tikililərdə 106 kv.m-in qiyməti orta hesabla 172 min 200 manatdırsa, köhnə tikililərdə 124 min 500 manatdır. Ancaq bir ay əvvəl təmirli yeni tikililərdə orta qiymət 1 kv.m üçün 1 min 725 manat olubsa, bu gün 1 min 673 manatdır. Təmirli yeni tikili mənzilin orta qiyməti isə 176 min 576 manatdan 172 min 185 manata düşüb. Köhnə tikili və təmirli evlərin 1 k.m-i 1 min 644 manatdan 1 min 707 manata qalxıb. Mənzilin qiyməti isə 115 min manatdan 124 min 554 manata qədər bahalaşıb", – ekspert deyib.

Ukrayna müharibəsinin təsiri

Əmlak bazarındakı kəskin qiymət artımının digər səbəbi də Rusiya-Ukrayna müharibəsidir. Bunu əmlak eksperti Elnur Fərzəliyev deyir. Onun sözlərinə görə, sentyabrda Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra orada yaşayan azərbaycanlıların bir qismi ölkəyə qayıdıb və nəticədə yaşayış yerləri sürətlə bahalaşıb Ekspert ötən illə müqayisədə Bakıda daşınmaz əmlak qiymətlərinin 20 faiz artdığını söyləyir.

"Bu hal, əsasən, Yasamal və Nərimanov rayonlarının metroya yaxın ərazilərindəki "xruşşovka" tipli mənzillərdə müşahidə olunub. Digər tərəfdən, istismar müddəti bitmiş, yaxud qəzalı binalar var ki, artıq orada yaşamaq mümkün deyil və onların sökülməsi nəzərdə tutulub. Ancaq bu binaların alıcılarının azlığı tikinti işlərinin zəifləməsinə və investor şirkətlərin yatırım etməməsinə səbəb olur", – ekspert əlavə edib.

R.Osmanlı
R.Osmanlı

Daşınmaz əmlak eksperti Ramil Osmanlı Bakının mənzil bazarındakı ilin əvvəlindən müşahidə olunan bahalaşma dalğasının nə vaxt başa çatacağının qeyri-müəyyən olduğunu düşünür.

"Əvvəl əgər artım ipoteka kreditlərində idisə, indi proses bir qədər başqadır. Rusiya-Ukrayna müharibəsinin Azərbaycana təsiri böyükdür. Rusiyadan tikinti materiallarını gətirmək çətinləşib, bu da qiymətlərə birbaşa təsir edib", – ekspert söyləyib.

Azərbaycanda əcnəbilər də mənzil alır

Əmlak Məsələləri üzrə Dövlət Xidməti Azərbaycanda mənzil alan əcnəbilərlə bağlı göstəriciləri açıqlayıb. Həmin göstəricilərdən aydın olur ki, ilk yarımildə 40 fərqli ölkənin 773 vətəndaşı Azərbaycanda mənzil əldə edib, onlardan 500-ü Rusiya vətəndaşıdır. İkinci sırada Gürcüstan vətəndaşları gəlir ki, onların sayı 71-dir. Üçüncü yerdə gələn İran vətəndaşları Azərbaycanda 37 əmlak alıb.

Ötən il 1 min 339 xarici ölkə vətəndaşı Azərbaycanda ev almışdı. 2021-ci ildə bütün il ərzində Rusiya vətəndaşları Azərbaycanda 1 min 2 daşınmaz əmlak əldə edib ki, bu da ümumi göstəricinin 75 faizini təşkil edir.

Ekspertlərin sözlərinə görə, ümumilikdə, ilin sonuna qədər daşınmaz əmlak bazarında qiymətlərin artımı proqnozlaşdırılır.

XS
SM
MD
LG