Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:36

Mərkəzi Bank ötən il nə qədər zərər edib?


Azerbaijan -- Central bank in Baku, cbar
Azerbaijan -- Central bank in Baku, cbar

Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə xalis zərəri 63,955 milyon manat təşkil edib.

Bu barədə bankın 2022-ci il üzrə maliyyə hesabatında bildirilir.

Hesabata görə, bu, 2021-ci illə müqayisədə 60,7 faiz azdır. 2021-ci ildə Mərkəzi Bank ili 162,746 milyon manat xalis zərərlə başa vurmuşdu.

Eyni zamanda hesabatda bildirilir ki, ötən ildə Mərkəzi Bank dövlət büdcəsinə vəsait köçürməyib.

2021-ci ildə bank dövlət büdcəsinə 250 milyon manat vəsait köçürmüşdü.

Hesabatdakı digər məlumatına görə, AMB 2022-ci ildə xarici valyuta əməliyyatlarından 4,09 milyon manat gəlir əldə edib.

2021-ci ildə AMB xarici valyuta əməliyyatlarından 935 min manat zərər etmişdi.

Sənəddə qeyd olunub ki, cari ilin yanvarın 1-nə Mərkəzi Bankının yerli banklara verdiyi kreditlərin ümumi məbləği 288 milyon 889 min manat olub.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrlə müqayisədə 18,9 faiz azdır.

Eyni zamanda Mərkəzi Bankın bank olmayan kredit təşkilatlarına verdiyi kreditlərin məbləği də azalıb. Bu il yanvarın 1-nə Mərkəzi Bankının yerli bank olmayan kredit təşkilatlarına verdiyi kreditlərin ümumi məbləği 13 milyon 845 min manat olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,8 faiz azdır.

Mərkəzi Bankının aktivlərinə gəlincə, hesabata görə, cari ilin yanvarın 1-nə bankın aktivləri 30 milyard 861 milyon 987 min manat təşkil edib.

Qurum bildirir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 16,85 faiz çoxdur.

AMB-nin aktivlərinin 22 milyard 019 milyon 990 min manatını borc qiymətli kağızları (illik müqayisədə 26,8 faiz çox), 6 milyard 583 milyon 022 min manatını pul vəsaitləri və onların ekvivalentləri (3,7 faiz az), 1 milyard 196 milyon 216 min manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (4,9 faiz az), 288 milyon 889 min manatını isə banklara verilmiş kreditlər (18,9 faiz az) təşkil edib.

AMB-nin hesabatına görə, bu il yanvarın 1-nə qurumun torpaq, tikili və avadanlıqlarının dəyəri 287 milyon 951 min manat olub.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,8 dəfə çoxdur.

XS
SM
MD
LG