Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:30

'Ötən il badımcanın kisəsini 3-4 manata verirdilər. İndi kiloqramı 1 manatdır'


Ötən ilə nisbətən pomidor bahadır
Ötən ilə nisbətən pomidor bahadır

Azərbaycan rayonlarının bazarlarında, marketlərdə kənd təsərrüfatı məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə yüksəkdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə ölkədə ərzaq məhsulları cəmi 2 faiz bahalaşıb. Amma yerli sakinlər bu rəqəmə şübhə ilə yanaşırlar.

Kənd təsərrüfatı məhsullarının tədarükü və satışı ilə məşğul olan Astara rayon sakini, sahibkar Asif Hüseynov (ad şərtidir) düşünür ki, qiymət artımı davam edəcək: "Ötən il bu vaxtı pomidorun 3 kiloqramını 1 manata satmışam. İndi pomidorun kiloqramını sahələrdən 1 manata tədarük edirəm. Meyvələr də elə. Ötən il badımcanın 17-18 kiloqramlıq kisəsini 3-4 manata verirdilər. İndi kiloqramı 1 manatdır. Ucuz mal yoxdur. İlin bu vaxtında qiymətlərin bu qədər qalxmasının şahidi olmamışam. Məhsulların keyfiyyəti də qane etmir. Alıcılıq qabiliyyəti də aşağıdır. Yarım kiloqram pomidor alırlar. Qışda göyərtinin qiyməti necə idisə, elə də qalıb".

Kənd təsərrüfatı məhsulları əkən Tarif Əliyevin bildirməsinə görə də, bahalaşan təkcə tərəvəz məhsulları deyil: "Keçən il bir hektardan çox pomidor əkmişdim. Qiyməti aşağı olduğu üçün ziyana düşdüm. Bu il pomidor az əkmişəm. Yaşıl çay sahələrim var. Yonca əkmişəm. Pomidorun qiyməti yüksəkdir. Bizə sərf edir, alıcıya yox. Keçən il sahələrdən pomidorun kiloqramını 20-25 qəpikdən yığırdılar, bu il isə 1 manatdan yığırlar. Ötən il pomidor yaxşı qazanc gətirmədi, ona görə bu il az əkiblər. Bir tərəfdən də xəstəlik imkan vermir. Açıq sahədə üç aydır əkiblər, çoxdan məhsul verməli idi. Çiçək açır, tökülür. Polietilen altında əkilən pomidor qurtarıb".

Rauf Rəhmanov
Rauf Rəhmanov

"Yanacağı da bahalaşdırdılar"

Astara rayonundakı sahibkarlardan Rauf Rəhmanov da deyir ki, ötən il ilə müqayisədə bu il pomidor az əkib: "Mal-qara da saxlayıram. Bir hektarda da çəltik əkmişəm. Min manatdan çox xərc çəkmişəm. Çəltik sahəsinə suyu motorla vururuq. Hər gün dizel yanacağı alıram. Yanacağı da bahalaşdırdılar. Tərəvəz əkmək çox çətindir. Əkdin, gərək yanında durasan. Bir də gördün ki, xəstəlik gəldi, hamısını apardı. Keçən il tərəvəz məhsulları su qiymətinə idi. Çox əkmişdlər. Ziyana düşdülər. Çoxları bu il tərəvəz əkmədi, ona görə də tərəvəz bahadır". (Bu il iyulun 1-dən Azərbaycanda dizel yanacağının 1 litri 80 qəpikdən 1 manata yüksəlib)

Masallı rayonunun Həsənli kənd sakini, sahibkar Toğrul Məhərrəmli isə tərəvəz məhsullarının bahalaşmasını təbii sayır: "Pomidorun az olmasının səbəbi mayda yağan leysan yağışları oldu. Pomidor sahələrini xəstəlik tutdu. Pomidor var, ancaq çox azdır. Elə fermerlər var ki, pomidorun toxumunu həmişə özü tədarük edir".

Onun sözlərinə görə, hansı məhsul bir il çox qazanc gətirirsə, torpaq sahibləri növbəti il üçün həmin məhsuldan əkirlər: "Pomidor az əkiblər, xəstəlik tutub. Ancaq bu il pomidor əkənlər ziyana düşməyiblər, qiyməti yüksəkdir. Bir hektar pomidor sahəsinə min manatdan da aşağı xərc çəkilir, bir hektar çiyələyin xərci isə 12-14 min manatdır. Pomidor əkininə az xərc çəkilir, qiyməti isə çiyələyin qiymətinədir. Pomidorun aşağı-yuxarı kiloqramı 1 manatdır. Çiyələkdə ziyan etmişəm, amma pomidorun məhsuldarlığı aşağı olsa da, ziyan etməmişəm".

Pomidor sahəsi
Pomidor sahəsi

"Çıxış yolunu Bakıya köç etməkdə görür"

T.Məhərrəmli deyir ki, bu il daha çox çiyələk əkib: "Bu il bir hektardan çox çiyələk əkmişəm. İşbazlar çiyələkdə də bizi sıxışdırdılar. Çiyələyin kiloqramını 1 manatdan aldılar, bu da maya dəyərindən aşağıdır. İndi qiyməti qalxıb, ancaq məhsul yoxdur. Bir nəfər səhərdən axşama kimi 500 kiloqram pomidor toplayır, həmin müddətdə isə 20 kiloqram çiyələk yığır. Bunlar hamısı maya dəyərinə təsir edir".

Onun fikrincə, dizelin bahalaşması da kənd təsərrüfatına mənfi təsir edir: "Dizel yanacağını bahalaşdırdılar. Torpaq sahibi ziyan edəndə çıxış yolunu Bakıya köç etməkdə görür. Kütləvi şəkildə Bakıya axın var. Axın edənlər də tərəvəz əkənlərdir".

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin direktoru Etibar Abbasov da deyir ki, əlverişsiz hava şəraiti pomidor sahələrinə ziyan vurub: "Yağış çox yağdı. Pomidor sahələrini xəstəlik tutdu. Həm də pomidor ötən ilə nisbətən az əkilib".

Rəsmi məlumata görə, bu il Astara və Masallı rayonlarının hər birində 400 hektardan çox pomidor əkilib. 2023-cü ildə Masallı rayonunda 535 hektar ərazidə pomidor əkilmişdi. Bu da bir il ərzində təkcə bir rayonda pomidor sahəsinin 100 hektardan çox azaldığından xəbər verir.

XS
SM
MD
LG