Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Mikroçip qıtlığı iqtisadi itkilər doğurmaqdadır


Mikroçip
Mikroçip

Qıtlıq niyə yaranıb?

Son illər dünyada tələbin ən çox artdığı məhsullardan biri mikroçiplərdir. Avtomobillərdən təyyarələrə, peyk və raket texnologiyalarınadək, məişət texnikasından mobil telefon, kompüter və robotlaradək bir çox sahənin fəaliyyəti məhz mikroçiplərdən asılıdır. Ancaq pandemiyasonrası qapanmalar və təchizat zəncirindəki problemlər mikroçip istehsalını da gerilədib. Digər yandan, pandemiya dövründə təhsil və iş prosesinin uzaqdan gerçəkləşdirilməsi kompüter, smartfon və oyun konsullarına, eləcə də başqa elektrik mallarına tələbatı çoxaltdı. Beləcə, istehsal həcmcə artmasa da, tələbin çoxalması dünyada mikroçip qıtlığını gündəmə gətirdi. 5G texnologiyasının tətbiqi, süni zəka ilə çalışan cihazların çoxalması mikroçiplərin təkcə bugünün deyil, gələcəkdəki elmi-texnoloji yeniliklərin də hərəkətverici qüvvəsi olacağını göstərir. Bu baxımdan, çip qıtlığının aradan qaldırılması indən belə baş verəcək elmi-texnoloji yeniliklər, sənaye inqilabları üçün də çox önəmli amildir. Dünyada çip satışının həcmi də bu tip məhsullara tələbin artdığını göstərir. 2019-cu ildə qlobal səviyyədə 412 milyard dollarlıq mikroçip satılmışdısa, 2020-ci ildə bu rəqəm 439 milyard dollara yüksəlib. Ötən ilsə ilk dəfə 500 milyard dollar həddini keçib.

Tələb çox olsa da, yarımkeçirici mikroçip istehsalının artırılması bir o qədər asan məsələ deyil. Əvvəla, mikroçip hazırlayan yeni müəssisələrin qurulması elə də qısa müddətdə başa gəlmir. Üstəlik, bu proses çox böyük həcmdə yatırım tələb edir və mikroçip istehsalı heç də hər ölkəyə əlçatan olmur. Məsələn, Tayvanın TSMC şirkəti 2020-ci ildə üç yeni müəssisənin tikintisinə təxminən 20 milyard dollar xərcləyib. Ən önəmli məsələ də odur ki, mikroskopik ölçülərdə milyardlarla tranzistordan oluşan yarımkeçirici çiplərin istehsalına çox az ölkənin elmi-texnoloji potensialı var. Bu üzdən, yarımkeçirici mikroçiplərin istehsalı bir neçə ölkənin müştərək texnoloji əməkdaşlığı nəticəsində baş tutur. Deməli, mikroçip istehsalına siyasi proseslər də təsirsiz ötüşmür.

Bu baxımdan ən vacib məqamlardan biri Tayvanla bağlıdır. Axı dünyanın ən böyük çip istehsalçısı saylan TSMC və bu sahədə lider olan digər bir neçə şirkət məhz Tayvanda fəaliyyət göstərir. TSMC bazar kapitallaşmasının həcminə görə də dünyanın ən böyük 10 şirkətindən biridir. Tayvanın mübahisəli statusu, Çinin bu adanı özünün tərkib hissəsi sayması, burada tez-tez Çin əleyhinə baş verən etirazlar digər böyük iqtisadiyyata malik ölkələri mikroçip istehsalında Tayvandan asılılığı azalmağa məcbur edir.

Dünyanın ən böyük iki iqtisadiyyatına sahib ABŞ və Çin arasında ticarət savaşlarının yaşanması və aralarındakı rəqabətin sürətlənməsi mikroçip istehsalını daha strateji hala gətirir. Elə bu səbəbdən, ötən il ABŞ prezidenti Co Bayden mikroçip qıtlığının aradan qaldırılması barədə sərəncam imzalayıb. Sərəncamda yerli imkanlar hesabına strateji önəmli texnoloji məhsulları stimullaşdıracaq və təchizat zəncirini gücləndirəcək addımlar atılması nəzərdə tutulur. Bu məqsədlə ABŞ 37 milyard dollarlıq büdcə də ayırıb. Dövlətlə yanaşı, özəl sektorda fəaliyyət göstərən şirkətlərin də mikroçip istehsalına ayırdığı vəsait on milyardlarla dollar civarındadır.

Mikroçip istehsalına tələbatın tam ödənməməsi iqtisadiyyatların ciddi maliyyə itkisi yaşamasına səbəb olur. Sənayedə mikroçiplərin çatışmazlığı ucbatından ABŞ iqtisadiyyatı ötən il 240 milyard dollar itirib. 2021-ci ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul 55 milyard dollara yaxın olub. Başqa deyimlə, ABŞ iqtisadiyyatının təkcə mikroçip qıtlığına görə itirdiyi vəsait Azərbaycanın toplam daxili məhsulundan təxminən dörd dəfə çoxdur.

Avtomobil sənayesində böhran

Mikroçip tədarükündə yaşanan problemlərdən ən çox elektron sistem buraxan şirkətlər əziyyət çəkib. Avtomobil istehsalçıları da mikroçip qıtlığına görə ən çox gəlir itirənlər arasındadır. Dünya avtomobil sənayesi mikroçip təchizatı çatışmazlığından bütövlükdə 210 milyard dollar itirib. Avtomobil istehsalı və satışları Avropada da aşağı düşüb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, ötən il Avropada 9 milyon 700 min avtomobil satılıb. Bu, biröncəki illə müqayisədə təxminən 250 min avtomobil azdır.

İsveçin məşhur "Volvo Car Group" şirkəti də bu ilin yanvarında satışlarının Avropada 25 faiz, ABŞ-dasa 13 faiz azaldığını bildirib. Şirkətin avtomobillərinə yüksək tələb olsa da, mikroçip çatışmazlığı istehsalı da azaldıb. Almaniyanın "Volkswagen" şirkəti də çip çatışmazlığı üzündən son 60 ilin ən aşağı istehsal göstəricisinin qeydə alındığını açıqlayıb.

Çip qıtlığının avtomobil sənayesinə təsiri, ən azı, bu il də davam edəcək. "LMC Automotive" və "IHS Markit" analitik mərkəzlərinin hesablamalarına görə, 2022-ci ildə qlobal avtomobil istehsalı təxminən 10 milyon ədəd azalacaq. Hər iki təhlil mərkəzinin fikrincə, avtomobil istehsalı sahəsində bu ilin ikinci yarısınadək önəmli yaxşılaşma ağlabatan deyil. Dünyada mikroçip qıtlığınınsa 2023-cü ilədək davam edəcəyi ehtimal olunur.

XS
SM
MD
LG