Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

Parlament özünü yenidən buraxmağa toplaşır, yoxsa..?


Milli Məclis
Milli Məclis

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Bu barədə mayın 31-də spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasının yekun iclasında bildirib. Onun sözlərinə görə, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib. Növbədənkənar sessiya iyunda keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclis sədri prezidentin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Hələ bununla bağlı imzalar toplanarkən bəzi media orqanlarında və sosial şəbəkələrdə müxtəlif versiyalar da səslənmişdi.

Bəzi təhlilçilər hesab edirdilər ki, beş il əvvəl olduğu kimi, parlament yenidən özünü buraxacaq. Məqsəd payızda gözlənən parlament seçkilərini bir neçə ay əvvələ çəkməkdir. Bunun gözləndiyini bu yaxınlarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da demişdi. Onun sözlərinə görə, parlament seçkiləri noyabrda ölkədə COP29-un (BMT-nin iqlim konfransı) keçirilməsi ilə bağlı önə çəkilə bilər.

Başqa mənbələr isə sessiyanın çağırılmasını büdcəyə dəyişikliklər ilə izah etmişdilər.

Erkin Qədirli
Erkin Qədirli

"Daha iki oxunuş ilə bağlı müzakirələr keçirilməlidir"

Milli Məclisin deputatı Erkin Qədirli mayın 31-də "Turan"a bildirib ki, növbədənkənar sessiyasının çağırılması hər il baş verir və bu il də istisna olmadı: "Bu, dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi ilə əlaqədardır. Bu gün layihə birinci oxunuşdan keçib, amma daha iki oxunuş ilə bağlı müzakirələr keçirilməlidir. Eyni zamanda, bir neçə qanun layihəsi var ki, onların da ikinci və üçüncü oxunuşda qəbul edilməsi qalıb".

Növbədənkənar seçkilərə görə parlamentin çağırılması barədə versiyaya gəlincə, deputat xatırladıb ki, bununla bağlı rəsmi məlumat yoxdur.

2019-cu ilin sonunda parlament hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə özünü vaxtından əvvəl buraxmışdı. Az sonra 2020-ci ilin fevralında, vaxtından təqribən altı ay əvvəl ölkədə növbədənkənar parlament seçkiləri keçirilmişdi. Təşəbbüs müəllifləri bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Hərçənd, elə növbədənkənar seçki nəticəsində də əvvəlki deputatların böyük çoxluğu yenidən parlamentə düşmüşdülər.

Müxalifət isə növbədənkənar seçkiləri onu "tez-tələsik saxtalaşdırmaq" niyyəti ilə izah etmişdi. Sonradan da bir çox müxalifət partiyaları seçkilərdə total saxtakarlıqların olduğunu deyərək onun nəticələrini tanımaqdan imtina etmişdi.

Amma rəsmilər də bəyan etdilər ki, növbədənkənar parlament seçkilərində Azərbaycan xalqının iradəsi ifadə olunub.

XS
SM
MD
LG