Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

Minimum maaş və pensiya artımından qazanclı və zərərli çıxanlar


'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır' (Arxiv)

Yanvarın 5-də prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda minimum əməkhaqqı və minimum pensiyanın artırılması nəzərdə tutulur və bildirilir ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilir. Bu qəraradək ölkədə minimum əməkhaqqı 300 manat idi. Açıqlamada artımın təxminən 700 min insana təsir göstərəcəyi bildirilib. Qanunvericiliyə görə, minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir. Eyni sərəncamda minimum pensiyanın da artırılması nəzərdə tutulub. Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti 10 gün içində minimum pensiyanın 280 manata çatdırılmasına dair təkliflərini hazırlamalıdır. Minimum pensiyanın artımı 100 minə yaxın pensiyaçıya təsir edəcək.

Ötən il Azərbaycanda inflyasiyanın yüksək olması ilə yadda qaldı. İlsonuna olan göstəricilər hələ açıqlanmasa da, ilk 11 ayda qeydə alınan rəqəm 14 faizə yaxın idi. Bu baxımdan, ehtimal ki, hökumətin minimum əməkhaqqını 15 faiz artırması məhz elə inflyasiya qədər artım məntiqinə əsaslanır.

Pensiya kapitalı da artır

Minimum ödənişlərin artırılması ilk baxışdan sevindirici xəbərdir, axı ölkədə minimum səviyyədə maaş və pensiya alan yüz minlərlə insan var. Di gəl, bu xəbər heç də hər kəs üçün sevindirici sayıla bilməz, çünki Azərbaycanda pensiya və vergi sisteminin "özünəməxsus" qəribəlikləri var. Belə artımlar əhalinin bir hissəsinin xərclərini də çoxaldır. Bu baxımdan, ən ciddi problemlərdən biri minimum pensiyanın artmasının minimum pensiya kapitalını da artırmasıdır. Axı Azərbaycanda pensiya qanunvericiliyinə görə, 65 il yaşamaq hələ pensiya almaq demək deyil. Bundan ötrü vətəndaşdan ya 25 il iş stajı, ya da minimum pensiya kapitalı istənir. Minimum pensiya kapitalı isə minimum pensiya məbləğinin 144 qatına bərabərdir. Başqa sözlə, indiyədək Azərbaycanda minimum pensiya məbləği 240 manat olduğundan minimum pensiya kapitalı 34 min 560 manat idi. Minimum pensiya 280 manata yüksələndən sonra bu məbləğ də 40 min 320 manata yüksələcək. Deməli, hazırda çalışmaqda olanlar pensiya ala bilməkdən ötrü 6 min manat daha çox sosial ödəniş etməlidir.

İşi daha da çətinləşdirən məqam minimum pensiya ilə bağlı qeyri-müəyyənlikdir, çünki hazırda əmək müqaviləsi ilə çalışanlar pensiyaya çıxandan sonra nə qədər minimum kapital gərəkəcəyini bilmirlər. Elə belə hallar ölkədə qeyri-rəsmi məşğulluğu körükləyir. İnsanlar pensiya yaşına çatınca hansı şərtlərlə qarşılaşacaqlarını bilmirlər. Bu üzdən, hazırda vergi ödəməyə o qədər də maraqlı deyillər. Başqa deyimlə, nağdı nisyədən üstün tuturlar. Deməli, hökumətin sosial siyasətinin effektivliyini artırmaq üçün təkcə minimum ödənişləri artırmaq yetərli deyil. Hökumət hər kəsə cəlbedici sosial müdafiə mexanizmləri qurmalıdır. Bu baxımdan, minimum pensiya kapitalının minimum pensiya ilə bağlantısının kəsilməsi düşünülə bilər. Digər bir mübahisəli məqam da 144 ay tələbidir. Hökumətin fikrincə, pensiyaçılar ortalama 12 il pensiya alacaq. Ancaq ölkədə orta ömür müddəti pensiyaçıların heç də o qədər uzun yaşamadığını göstərir. Bu səbəbdən 12 il (144 ay) tələbinin aşağı endirilməsi həm pensiya kapitalını azaldar, həm də orta pensiya məbləğini artırar. Axı pensiya məbləği hesablanarkən vətəndaşın işlədiyi dövrdə topladığı pensiya kapitalı 144 aya bölünür və alınan rəqəm qədər pensiya təyin edilir.

Sahibkarların da xərci artacaq

Minimum pensiya ilə yanaşı, minimum əməkhaqqı artımı da əhalinin bir qrupunun xərclərini artıracaq, çünki pensiya sistemində olduğu kimi, Vergi Məcəlləsində də belə qəribə hesablama metodlarından istifadə edilir. Məsələn, tikintidənkənar sahələrdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ödədiyi sosial sığorta haqqı minimum əməkhaqqının 25 faizidir. Əgər bugünədək həmin sahibkarların aylıq sosial ödənişləri 75 manat idisə, yeni qərardan sonra bu məbləğ 86 manat 25 qəpiyə yüksələcək. Başqa deyimlə, 11 manatdan çox artacaq.

Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların icbari tibbi sığorta ödənişləri də artacaq, çünki Vergi Məcəlləsinə görə, bu ödənişin məbləği minimum əməkhaqqının 4 faizi miqdarındadır. İndiyədək sahibkarlar minimum əməkhaqqı 300 manat olduğundan ayda 12 manat ödəniş edirdilər. Minimum əməkhaqqı 345 manata yüksəldiyindən icbari tibbi sığorta ödənişi də 13 manat 80 qəpiyə qalxacaq.

XS
SM
MD
LG