Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:34

Ermənistan səfiri deyir ki, Bakı Vaşinqton görüşünə razılıq verib


Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan
Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan

Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan dekabrın 13-də Ermənistan ictimai televiziyasının efirində deyib ki, Azərbaycan Vaşinqtonda xarici işlər nazirləri Ceyhun Bayramov Ararat Mirzoyan arasında görüşün keçirilməsi üçün ABŞ-ın dəvətini qəbul edib:

"Hazırda bu barədə informasiyamız var, Brüssel üzərində iş heç vaxt dayanmayıb, Brüsseldə görüşün baş tutması üçün iş davam edir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səfirin sözlərinə görə bu görüş 2024-cü ilin yanvarında baş tutmalıdır.

Marukyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin razılaşdırılmış layihəsi hələlik yoxdur:

"Ümid onadır ki, yanvarda xarici işlər nazirləri səviyyəsində Azərbaycanın da razılıq verdiyi bu görüşdə biz razılaşma mətninin yekunlaşdırılacağı nöqtəyə çata bilərik”.

Azərbaycan tərəfi bununla bağlı hələki açıqlama verməyib.

Yerevan Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə çağırır

Azərbaycan danışıqlar masası arxasına qayıtmalıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu dekabrın 13-də özünün eston həmkarı Marqus Tsaxkna ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

“Biz bir neçə dəfə demişik ki, sülh müqaviləsi üzrə işin böyük bir hissəsi artıq görülüb. İndi bizə görüşərək çoxsaylı məsələlər üzrə yekun razılaşmalar əldə etmək lazımdır”.

Mirzoyan danışıqların formatı məsələsinə toxunarkən deyib ki, danışıqlar beynəlxalq aktorların vasitəçiliyi ilə davam etdirilməlidir:

“Amma bunun üçün Azərbaycanın siyasi iradəsi lazımdır”.

Bakı Vaşinqtonun təklifinə hələ cavab verməyib

Bu arada Ermənistan Milli Məclisinin hakim partiyadan olan üzvü, xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan deyib ki, Ermənistan Azərbaycanla danışıqlarda müəyyən ardıcıllığa nail olmaq istəyir.

Onun sözlərinə görə bundan əvvəlki razılaşmaların Qərb platformalarında əldə edildiyi nəzərə alınmalıdır.

Xandanyan əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Brüsseldə keçirilən danışıqlarda bir çox prinsipial məsələlərə dair razılaşmalar əldə olunub.

Azatutyun xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının təşəbbüsü ilə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən iki dəfə imtina edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da erməni həmkarı Ararat Mirzoyanla Vaşiqtonda noyabrın 20-də keçirilməsi planlaşdırılan görüşə gəlməyib.

Azatutyun yazır ki, Bakı Vaşinqton görüşünü ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayenin “erməniyönlü bəyanatlarına” görə ləğv etdiyini bildirmişdi.

Ceyms O’Brayen ötən həftə Bakıda Əliyevlə görüşündən sonra demişdi ki, dövlət katibi Antony Blinken xarici işlər nazirləri Bayramov və Mirzoyan arasında görüşün Vaşinqtonda keçirilməsini gözləyir.

Ermənistanın xarici işlər naziri belə bir görüşə hazır olduğunu desə də, Azərbaycan tərəfindən hələlik bu barədə heç bir açıqlama verilməyib.

Moskva öz mövqeyində qalır

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 13-də keçirdiyi brifinqdə deyib ki, sülh müqaviləsinin imzalanması vaxtını Bakı və Yerevan müəyyən etməlidirlər.

“Biz Bakı və Yerevanın qarşılıqlı münasibətlərini normallaşdırmaq və sülh müqaviləsi imzalamaq barədə razılaşma əldə etməsini alqışlamışıq. Biz onların əsirləri hamını hamıya prinsipi ilə dəyişdirmək barədə qərarını da alqışlamışıq. Bu, qarşılqılı etimadın möhkəmləndirilməsinə xidmət edir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri razılaşmalar axarında barışıq üçün əlavə imkanlar açır”.

Zaxarova əlavə edib ki, Moskva partnyorlara “balanslı razılaşmanın” əldə olunmasında bundan sonra da köməklik etməyə hazırdır:

“Belə bir sənəd regionda etibarlı sülhün və sabitliyin bünövrəsi ola bilərdi”.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, əgər Yerevanın sülh prosesinin prinsiplərinə dair təklifləri qəbul olunarsa, Ermənistan Azərbaycanla sülh müqaviləsini bu ilin sonunadək imzalamağa hazırdır. Lakin o əlavə etmişdi ki, bunu etmək o qədər də asan olmayacaq.

Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına heç bir maneə görmür.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG