Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

Azərbaycan XİN Ararat Mirzoyanın ittihamlarına cavab verdi


Xankəndi sakinləri danışır: "Ən çox məktəblərin bağlı qalmasından narahatıq"
Gözlə

No media source currently available

0:00 0:15:54 0:00

Xankəndi sakinləri danışır: "Ən çox məktəblərin bağlı qalmasından narahatıq"

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 25-də bir gün əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına münasibət bildirib.

XİN hesab edir ki, “Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir”.

Açıqlamaya görə, “Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur”.

Habelə qeyd edilir ki, “Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır”.

Azərbaycan XİN hesab edir ki, 2020-ci il üçtərəfli bəyanatına əsasən “Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir”.

Açıqlamaya görə, Ermənistan Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyib.

Etnik təmizləmə ittihamı

XİN hesab edir ki, “müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır...”

XİN-in cavabında daha sonra deyilir:

“Azərbaycanın məqsədinin guya “etnik təmizləmə” və erməni sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi haqqı yoxdur”.

Mirzoyanın Qarabağla əlaqədar söylədiyi fikirlərə cavab olaraq XİN daha sonra bildirir:

“...Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir”.

Avropa rəsmisi Yerevanda "Laçın dəhlizi"ni müzakirə edir. Qazın kəsildiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Ararat Mirzoyan nə demişdi?

Yanvarın 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin xarici əlaqələr komitəsində etdiyi çıxışda demişdi ki, Azərbaycan hərəkətlərinə görə məsul tutulmalı, ona müəyyən beynəlxalq qaydaların mövcudluğu izah olunmalıdır.

Mirzoyan bu çıxışında da Laçın dəhlizinin bağlı olmasına görə Qarabağda humanitar böhran yaşandığını bildirmişdi:

“Açıq deyəcəyəm. Laçın dəhlizindən blokadanın qaldırılmasının iki nəzəri yolu var: hərbi və diplomatik. Ermənistan ikinci varianta tərəfdardır, amma bu halda beynəlxalq birliyin qətiyyətli müdaxiləsi və Azərbaycanın üzərinə güclü təzyiq göstərilməsi lazımdır”.

Ermənistanın xarici işlər naziri deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Qarabağda Azərbaycan vətəndaşı olmaq istəməyənlərin oranı tərk etməli olacağı barədə bəyanatı onların etnik təmizləmə keçirmək niyyətində olduqlarını göstərir.

Mirzoyan iddia edib ki, erməni tərəfi Bakının Azərbaycan və Ermənistan arasında normallaşmanın və Qarabağ probleminin paralel olaraq ayrı-ayrılıqda müzakirə edilməsinə dair təklifini qəbul edib, amma Azərbaycan, əksinə Qarabağın daxili məsələ olduğunu bəyan edir.

Dayanan danışıqlar

Son iki ildə müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqıları aparılıb. Amma ötən ilin sonları hər iki danışıqlar dayanıb.

Azərbaycan ötən ilin mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlamışdı. Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.

Amma Ermənistan tərəfi də danışıqlarda beynəlxalq vasitəçilik istəmişdi. Baş nazir Nikol Paşinyan demişdi ki, onlar təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və Dağlıq Qarabağın yekun statusunu gündəmə gətiriblər.

Azərbaycan rəsmiləri isə demişdilər ki, münaqişə başa çatıb, status müzakirə mövzusu ola bilməz.

Qarabağdakı separatçı rejim: 'Az da olsa, dəhlizdən mal buraxılır'
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Dəhlizdə son yaşananlar…

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Rəsmi Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırıb.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Qarabağ tanınmayan qurumun “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan da söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG