Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

Moldovada Rusiyaya casusluqda şübhəli bilinən vəzifəli məmur həbs olunub


İon Kryange
İon Kryange

Moldovada məhkəmə ölkə parlamenti hüquq departamentinin başçısı İon Kryangenin həbsi barədə qərar verib.

O avqustun 1-də dövlətə xəyanətdə və qəsddə şübhəli şəxs qismində saxlanmışdı.

AzadlıqRadiosunun Moldav xidməti yazır ki, Kryangenin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarına Moldovanın maraqlarına ziyan vura biləcək məxfi informasiya ötürdüyü ehtimal olunur.

Kryange ilə bilrikdə Moldova Sərhəd Polisinin əməkdaşı da saxlanıb. Onun adı açıqlanmır. O da Kryange kimi 30 sutkalığına həbs edilib.

Moldova qanunları şübhəlilərin məhkəmə qərarı olmadan 72 sutka saxlanmasına imkan verir.

Bundan əvvəl AzadlıqRadiosunun Moldovadakı mənbələri bildirmişdilər ki, Kryange informasiyaları Rusiya səfirliyinin əməkdaşına ötürdüyü anda saxlanıb.

Xəbər verilir ki, Təhlükəsizlik Xidməti onun və ehtimal edilən əlbirinin evlərində, habelə parlamentin hüquq departamentində axtarış aparıb.

500 dollardan 2000 dollarədək

Prokurorluğun materiallarına görə saxlananlar Rusiya tərəfi ilə 2023-cü ildən əməkdaşlıq edirdilər.

Moldovanın PRO TV kanalı bildirib ki, Rusiya səfirliyi onlara dövlət sirri təşkil edən informasiyalara görə 500 dollardan 2000 min dollaradək pul ödəyirmiş.

Bu da xəbər verilir ki, axtarışdan və Kryange ilə sərhədçinin saxlanmasından sonra Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyi hərbi attaşesinin müavini Dmitri Kelovu “persona non grata” elan edib.

Məxfi məlumatları məhz onun qəbul etdiyi ehtimal olunur.

Kelov tanınmamış Dnestryanı respublikasındakı situasiyanı kurasiya edən vahid nəzarət komissiyasının – üçtərəfli strukturun üzvü olub.

Rusiya XİN Kişinyovun bu hərəkətini “dost olmayan akt” adlandırıb.

Əgər bu məlumatlar təsdiqini taparsa, bu, Moldovada son iki ayda baş vermiş ikinci belə insident olacaq.

Moldova 70 diplomatdan 45-ni qovsa da...

İyun ayında The Insider saytının jurnalistləri yazırdılar ki, Moldova baş qərargahının keçmiş rəisi İqor Qorqan Rusiyanın Moldovadakı attaşesi Aleksey Makarovla sıx münasibətdə olub.

Təhqiqat nəticələrində deyilir ki, Makarov Rusiya Baş Kəşfiyyat İdarəsi “GRU-nun kuratorudur”.

Qorqan hazırda casusluq ittihamı ilə həbsdədir.

The Insider saytının məlumatından sonra Moldova ölkədən Rusiya səfirliyinin 70 əməkdaş və işçisindən 45-ni çıxarıb.

Kişinyov bildirirdi ki, bu tədbir Moskvanın Moldovadakı vəziyyəti sabitsizləşdirməsinin qarşısının alınması ilə bağlı görülür.

Lakin Moldova rəsmilərinin məlumatına görə hətta Kişinyovda hazırda qalmaqda olan Rusiya diplomatlarının azı 2-si FTX əməkdaşıdır.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlananda Kişinyov birmənalı şəkildə Kiyevin və Qərbin tərəfində olduğunu elan edib.

Ötən ay Moldova Avropa İttifaqı ilə bloka üzvlüyə dair danışıqlara başlayıb.

XS
SM
MD
LG