Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:43

MTN polkovnikinin pensiya kartına da həbs qoyulub


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Ləğv olunmuş MTN-in həbsdəki polkovniki Səlim Məmmədovun pensiya kart hesabına da həbs qoyulub. Bu haqda məhkəmədə Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general Akif Çovdarov, onun tabeliyində işləmiş Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun mühakiməsi yanvarın 25-də davam etdirilib. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri, amma Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

Bugünkü məhkəmədə vəkil Cavid Rzazadə pensiya kart hesabının üzərindən həbsin götürülməsi haqda vəsatət qaldırıb.

Buna da bax:​ 'Prokuror yanımda çıxarıb 10 min verdi...'

AİLƏSİ DOLANA BİLMİR

Səlim Məmmədov özü də ailəsinin, tələbə, məktəbli və bağçaya gedən üç övladının çox çətin vəziyyətdə olduğunu, dolana bilmədiklərini deyib. Ailənin haradansa gəliri olması üçün hesabın üzərindən həbsin götürülməsini istəyib.

Amma məhkəmə vəsatəti təmin etməyib.

Ardınca Akif Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmənin təxirə salınması haqda vəsatət qaldırıb. Deyib ki, generalın durumu ağırdı, o, məhkəmədə iştirak edə bilmir. Üstəlik, Çovdarovun durumu ilə bağlı ekspertiza təyin olunub. Ekspertin qarşısındakı suallardan biri də Çovdarovun məhkəmədə iştirak edib-edə bilməməsi haqdadi. Vəkil hesab edir ki, ekspertiza bu məsələyə aydınlıq gətirənə qədər məhkəmə təxirə salınmalıdı.

Elə Çovdarov özü də məhkəməyə məcburi gətirilməsinə etiraz edib, deyib ki, prosesdə iştirak etmək iqtidarında deyil.

Buna da bax: General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.

300 MİN DOLLAR BEH VERİBLƏR

Bugünkü məhkəmədə zərərçəkmiş Mübariz Məmmədov da ifadə verib.

İttihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən Akif Çovdarov onun müştərisi olur və adamı Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşırlar. Bunun üçün də 300 min dollar beh verilir. Lakin sonradan bəlli olur ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi.

Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra Mübariz Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla Mübariz Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.

Buna da bax:​ Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

Amma məhkəmədə Mübariz Məmmədov deyib ki, Akif Çovdarovdan şikayəti və tələbi yoxdu. Bununla belə, istintaqdakı ifadəsini də təsdiqlədiyini bildirib.

Məhkəmədə fasilə elan olunub. Fasilədən sonra Çovdarov məhkəmə iştirak edə bilmədiyini deyib, bu üzdən prosesin təxirə salınmasını istəyib.

Məhkəmə bu səbəbdən yanvarın 30-na qədər təxirə salınıb.

XATIRLATMA

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax:​ 'Dedi, deyəsən, hara gəldiyini, MTN-in gücünü bilmirsən...'

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG