Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:29

MSK-nın sabiq sədr müavininin qardaşı məhkəmə qarşısında


Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər Rayon Məhkəməsinin hakimi, ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə bu qurumun sədr müavini olub.
Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər Rayon Məhkəməsinin hakimi, ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə bu qurumun sədr müavini olub.

Yaxın günlərdə hakim önünə çıxacaq generallardan şikayətçi olanlar nələr danışır...

2015-ci ildə həbs edilən və 5 il cəza alan MTN polkovniki, nazirliyin İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov yenidən cinayət məsuliyyətinə cəlb olunub. O, yaxın günlərdə MTN generalı, İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevlə birlikdə məhkəmə qarşısına çıxarılacaq.

Şıxəliyev və daha üç nəfər haqqında cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

14 milyon rüşvət ittihamı

Şıxəliyev və Ələkbərovla birlikdə İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da mühakimə olunacaq. Adları çəkilən dörd nəfər mütəşəkkil dəstə kimi birləşib müxtəlif adamlara hədə-qorxu gəlməklə onların milyonlarla pulunu, əmlakını ələ keçirməkdə suçlanır. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Təqsirləndirilən şəxslərdən yalnız Şıxəliyev həbsdədir, digərləri haqqında istintaq dövründə alternativ qətimkan tədbirləri seçilib.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

"Əvvəl 1 milyon, sonra 700 min istədi"

General Şıxəliyevin, Məmmədovun əleyhinə xeyli ifadələr vardı. Bir çox zərərçəkmiş və şahidlər onlar tərəfindən hədələndiklərini, adları çəkilən şəxslərə pul verdiklərini iddia edirdilər.

"Bunlar mənim evimi satdırdılar. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, "şefin göstərişi var - ya həbs edilməlisən, ya da pul verməlisən". Əvvəl 1 milyon, sonra 700 min istədi. Axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlana, 300 min dollarını isə Vüsal Ələkbərova vermişəm", - zərərçəkmiş işadamı Namil Rzayev məhkəmədə belə demişdi.

Şıxəliyev isə həmin iclasda zərərçəkmişin dediklərini təkzib edərək nə nazirdən göstəriş, nə də bu adamdan rüşvət aldığını bildirmişdi.

Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib Bakıda Mərkəzi Univermaqda onların satışıyla məşğul olan Rauf Həsənov iddia edirdi ki, onu MTN polkovniki Füzuli Əliyev nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmaması üçün 100 min dollar pul istəyib. Ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu düzəldib verəcəyini vəd edib və buraxılıb. Onun sözlərinə görə, tələb olunan pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda onu saxlayıb MTN-nə gətiriblər: "Məni Yasin Məmmədovun yanına apardılar. O, sənəd göstərib həbs olunduğumu bildirdi. Buraxılmağım üçün 500 min dollar tələb elədi. Bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Yasin Məmmədov dedi ki, rəisi 300 min dollara razılıq verib. Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım".

"Zəng elədi ki, 300 min dollardan 200-ü çatmır"

Həsənovun sözlərinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları aparıb çatdırıb: "Evə qayıdandan yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenə ora qayıdıb, Yasin Məmmədova 200 dolları verdim...".

Məmmədov isə deyilənləri təkzib edib. O, haqqında söylənilən fikirlərin yalan olduğunu vurğulayaraq kimsədən nə pul tələb etdiyini, nə də aldığını bildirib.

Bir sıra zərərçəkmişlər Məmmədovun bir neçə il əvvəlki araşdırmalar zamanı cinayət məsuliyyətinə cəlb olunmamasını, onun haqqında çoxsaylı şikayətlərə baxmayaraq, DTX-da işinə davam etməsini qardaşının vəzifəsiylə əlaqələndirirdilər. Onlar dövlət orqanlarına şikayətlərində də bu haqda yazırdılar. Onun qardaşı Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər Rayon Məhkəməsinin hakimi, ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə bu qurumun sədr müavini olub. 2018-ci ildə baş nazirin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini təyin edilib. 2019-cu ildə hətta Aparat rəhbəri vəzifəsinin icrası da ona həvalə edilib.

"Məcbur olub torpağı Eldar Mahmudovun qohumuna verdim"

Şıxəliyev 2021-ci ilin aprelində başqa bir MTN generalı, nazirliyin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovla birlikdə həbs olunub. Sentyabrın əvvəlində Şirinovun işi məhkəməyə göndəriləndə Şıxəliyev və daha üç nəfərin işi ayrılıb.

Şirinov da məhkəmə qarşısına tək çıxarılmır. Onun tabeliyində işləmiş idarə rəisləri Elcan AbdullayevElman Tahirov, keçmiş əməliyyat müvəkkili Nadir Nəzirov da təqsirləndirilir. Onların işində dörd nəfər zərərçəkmiş qismində tanınıb ki, biri də Heydər Əliyev adına Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifovdur.

Zərərçəkmişlərdən biri Şirinovun keçmiş işçisi, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbə rəisi olmuş polkovnik Emin Abbasovdur. O, iddia edir ki, bizneslə məşğul olan qardaşı Elxan Abbasovla onun şəriki Vüqar Ağayevin 250 min pulunu, torpaq sahəsini zorla əllərindən alıblar: "Məcbur olub 19 noyabr 2009-cu ildə Nizami Şirinovun göstərişi ilə Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına qardaşımın Vüqar Ağayevlə şərik olduğu 5 hektar torpaq sahəsinə dair baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid elədi, əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu il noyabrın axırlarında 50 mini də Nizami Şirinova verdim...".

Vüqar Ağayev də zərərçəkmiş qismində tanınıb.

Şirinov və üç keçmiş işçisinin məhkəməsi sentyabrın 23-də başlayacaq.

Xatırlatma

Təqsirləndirilən sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrlə ittihamlar verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG