Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:29

Məhkəmə Nardaran məhbusunun işgəncə şikayətinə baxmaqdan imtina etdi


Abbas Hüseynov
Abbas Hüseynov

Qaradağ rayon məhkəməsi Nardaran hadisələri ilə əlaqədar 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun işgəncə şikayətinə baxmaqdan imtina edib.

Bu haqda AzadlıqRadiosu-na vəkil Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, məhkəmə şikayəti icraata götürməyib. Qərarı da bu cür şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmaması ilə əsaslandırıb.

Yalçın İmanov
Yalçın İmanov

Məhkəmənin bu qərarını qanunsuz və əsassız sayan Yalçın İmanov apellyasiya şikayəti verib.

Buna da bax: Nardaran məhbusu Qobustan həbsxanasını məhkəməyə verdi

Nardaran məhbusu Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşdə deyib ki, iyulun 22-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından Qobustan həbsxanasına gətirilən kimi burada işgəncələrə məruz qalıb. Məhbusun sözlərinə görə, onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Ardınca həbsxananın rəisi Avtandil Ağayev onu öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, dəyənəklə döyüb. Daha sonra soxulcanlarla dolu olan cərimə təcridxanasına (“kars”) salıblar.

Buna da bax: Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

Abbas Hüseynovla görüş zamanı onun üzərində xəsarət izləri gördüyünü deyən vəkil işgəncə iddiaları ilə əlaqədar Baş Prokurorluğa, Ombudsman Aparatına və məhkəməyə müraciət edib.

Avqustun 10-da Qaradağ rayon Məhkəməsinə təqdim edilmiş şikayətdə Abbas Hüseynovun Avropa Konvensiyasının 3-cü maddəsilə təminat verilən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulması faktının tanınması, işgəncə verənlərin cəzalandırılması tələbi qoyulub.

Buna da bax: Abbas Hüseynovun anası: ‘Neftin pulunu yeyiblər. Biz nə yemişik?’

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG