Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:32

'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'


Nardaran hadisələri. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran hadisələri. İllüstrasiya. Gündüz Ağayev.

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrilə bağlı həbs edilən və ikinci qrupun tərkibində mühakimə olunan şəxslər də işgəncələrdən şikayətlənirlər. Onlar məhkəmədə ifadə verərkən, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ-də) işgəncə gördüklərini, alçaldıcı davranışlara məruz qaldıqlarını iddia edirlər.

“Nardaran işi” üzrə ikinci qrupda 12 nəfər hakim önünə çıxarılıb. Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov, İdarə Heyətinin üzvləri Ağaəli Yəhyayev, Nahid Qəhrəmanov da onların arasındadır. İşə Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'Nardaran işi-3': 'Üzərimdə kitab olsaydı, polisə getməmiş onu gizlədərdim də'

Martın 3-də keçirilən məhkəmə iclasında öncə təqsirləndirilən şəxslərdən Vüsal Alış ifadə verib. O da həbsdə olan ilahiyyatçı Taleh Bağırovun sədri olduğu Müsəlman Birliyi Hərəkatının üzvüdür.

Vüsal Alış deyir ki, Nardaranda 6 nəfərin öldürüldüyü polis əməliyyatından 4 gün sonra - 2015-ci il noyabrın 30-da evindən mağazaya gedərkən saxlanılıb. Sözlərinə görə, dərhal əllərini qandallayıb, evlərinə axtarışa aparıblar: “Evə girənlər “bandotdel”in əməkdaşları idi. Guya evdən silah tapmışdılar. Onlara dedim ki, kim bu silahı qoyubsa, Allah bəlasını versin. Cavab verdilər ki, “Allah elə sizi cəzalandırır”.

Bütün bu proseslərin dörd yaşlı övladının gözləri önündə yaşandığını söyləyən Vüsal Alışı evindən birbaşa BMCMİ-yə gətiriblər. Onun sözlərinə görə, yol boyu təhqir ediblər, idarədə də axtarış protokolunu imzalamasını istəyiblər. Razılaşmayıb.

Buna da bax: 'Nardaran işi-2': 'Biz insan kimi yaşamaq istəyirik...'

“21-ci əsr Azərbaycanı üçün “Bandotdel” biabırçılıqdır”

“Mənə dedilər ki, “bandotdel”i polis bölməsi ilə səhv salma, burada ayrıca işgəncə otaqları var. Hətta kişiliyindən məhrum ola bilərsən. Heç kim də bizə heç nə deyə bilməz. Ona görə də öz xoşunla imzala. Sanki erməni əsirliyindəydim. Şöbə rəisi Kərim Əlimərdanov dedi ki, baxarsan, Nardaran əməliyyatında iştirak edənlər mükafatlandırılacaq, çünki tapşırıq yuxarıdan gəlib. Deyirdi ki, Taleh Bağırzadəni (Taleh Bağırov nəzərdə tutulur – red.) narkotik ittihamı ilə həbs etmək istəyiblər, amma Aşurada sərt danışıb, ona görə plan dəyişib. Ssenari də belə olub ki, Taleh Bağırzadə Cəmil Həsənli və Əli Kərimli ilə əlbir olub, silahları da Abbas Hüseyn paylayıb. Məndən tələb olunan addımları atmayanda, ailəmlə hədələdilər. Mən görürdüm ki, “bandotdel”də adamları gecələr döyür, üstlərinə nəcis tökürlər. Bu hərəkətlərdən, eləcə də ailəmin həbsindən qorxub, dedikləri sənədləri imzaladım”, - Vüsal Alışın ifadəsindəndir.

O, istintaqdakı ifadələrinin yalan olduğunu deyərək, onlardan imtina edib. “Bandotdel”də saxlanıldığı 28 gün ərzində ailəsinin onun öldü-qaldısından xəbərsiz olduğunu söyləyən Vüsal Alışın sözlərinə görə, orada ona, hətta dərman da vermirdilər: “Dərman istəyəndə, söyürdülər. “Bandotdel” 21-ci əsr Azərbaycanı üçün biabırçılıqdır… Arzu edirəm bizim başımıza bu oyunları gətirənlər də bir gün ora düşsünlər və görsünlər, nə var, nə yox”.

Buna da bax:​ Məhkəmə Nardaran məhbusunun işgəncə iddiasını rədd etdi

Vüsal Alış üzləşdiyi haqsızlıqlar haqda müxtəlif orqanlara 420 ərizə yazdığını, hər dəfə formal cavab aldığını deyir. İşgəncələrlə bağlı məhkəməyə müraciəti də nəticəsiz qalıb.

O, ifadəsində dəfələrlə heç bir cinayət törətmədiklərini, günahsız olduqlarını vurğulayıb: “Bizim həbsimiz şərtidir. Əslində, kişilik, ləyaqət, şərəf həbs olunub. Azərbaycandakı şərəfli insanların hamısı bu aqibətlə üzləşir. Bir qrup adam bu xalqa düşmən kəsilib. Xalqı yazıq günə qoymaq istəyirlər. Təcridxanalarda yer qalmayıb. 6 nəfərlik kameraya 20 nəfər salırlar. Hədəf Taleh idisə, niyə Nardaranı üç gün blokadada saxladılar? Bu, soyqırımıdır. Biz dəyərlərimiz üçün qurbanıq. Və biz hər bir halda qalibik”.

“Onların əleyhinə ifadə ver, üç il şərti cəza ilə çıx”

Təqsirləndirilənlərdən Seymur Aslanov da BMCMİ-də ifadələrini işgəncə altında imzaladığını deyərək, onlardan imtina edib. Bildirib ki, Kərim Əlimərdanov ondan kamera önündə silahı Taleh Bağırovdan alması haqda danışmağı tələb edib. Bu məqsədlə ona işgəncə verilib.

Buna da bax:​ 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'

Təqsirləndirilən İsa Şükürov da işgəncələrdən danışıb. Söyləyib ki, “bandotdel”də beysbol topu ilə başına-başına vurublar: “Kərim Əlimərdanov mənə “Vorovskoy molla” deyirdi. Soruşdum ki, bu nə deməkdir? Dedi, sənə hamı İsa Lənkəranlı deyir, deyəsən, Rövşən Lənkəranskini özünə ideal seçmisən. Mən də cavab verdim ki, mənim idealım İmam Hüseyndir. Bir Allah bilir ki, Taleh Bağırzadə ilə bağlı sənədə qol çəkdirmək üçün mənə nə əziyyətlər veriblər”.

Taleh Bağırovun müavini Elçin Qasımov ötən məhkəmə iclaslarında ifadə versə də, bu gün müəyyən əlavələri olub. Dediyinə görə, 2015-ci ilin sentyabrında AXCP-nin qurultayındakı çıxışını “bandotdel”də gətirib ortaya qoyublar, videoya baxa-baxa da onu döyüblər.

“Sabunçu Rayon Polis İdarəsində mənə deyirdilər ki, sən Maştağadansan, düşmüsən ortaya, qanundan danışırsan, get göyərtini ək. Onda deputatlar qanun qəbul eləsinlər, yazılsın ki, bakılılar ancaq göyərti əkə bilər. Hərçənd, oliqarxlar göyərtini də nəzarətlərinə götürüblər. AXCP-nin qurultayında 6 dəqiqəlik çıxışım olub, sən demə, orada “bandotdel” də çəkirmiş. Bizi AXCP, Milli Şura ilə birlikdə dövlət çevrilişində ittiham etmək istəyirdilər. “Bandotdel”də Şahlar Cəfərov qurultaydakı çıxışımı gətirib Kərim Əlimərdanova göstərdi. 6 dəqiqəlik çıxışa baxa-baxa mənə işgəncə verdilər. Dedim, yaxşı ki, 36 dəqiqə çıxış etməmişəm, yoxsa məni öldürərdilər. “Bandotdel”də mənə dedilər ki, AXCP və Milli Şura ilə əməkdaşlıq haqda ifadə ver, 3 il şərti cəza ilə azadlığa çıx”, - Elçin Qasımovun sözləridir.

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

Məhkəmə martın 10-da davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ 'Kasıblarla varlılar arasında uçurum dərinləşib'

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyərək, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

BMCMİ əməkdaşları isə təqsirləndirilənlərin işgəncə haqda söylədiklərinin yalan olduğunu söyləyirlər.

XS
SM
MD
LG