Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:41

'Nardaran işi-2': 'Lapşini həyətdə gəzdirirlər...'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

“O gün Kürdəxanı təcridxanasında Lapşini gördüm, həyətdə gəzdirirdilər. Görün, bizə necə davranırlar, ermənipərəst Lapşinə necə hörmət edirlər", - Nardaran hadisələrinə görə həbs olunan İsa Şükürovun sözləridir.

O, 2015-ci ilin noyabrında Nardaranda ikisi polis, dördü yerli sakin, 6 nəfərin öldüyü əməliyyatdan sonra həbs edilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə ikinci qrupun tərkibində mühakimə olunur. Bu qrupda Müsəlman Birliyi Hərəkatı sədrinin müavini, ilahiyyatçı Elçin Qasımov da daxil, 12 nəfər hakim önünə çıxarılıb.

Buna da bax:​ 'Nardaran işi-3': 'Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar'

“Nardaran-2” məhkəməsində artıq təqsirləndirilənlərin ifadələri yekunlaşıb, indi zərərçəkənlərin dindirilmə mərhələsidir. Martın 31-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları zərərçəkən qismində ifadə veriblər. İttihama görə, onlar 2015-ci il noyabrın 5-də polis idarəsinin qarşısında etirazçılarla polis arasında toqquşmada zərər çəkiblər.

Həmin gün Elçin Qasımovu saxlayıb, Sabunçu RPİ-yə gətiriblər. Onun günahsız olduğunu, şərləndiyini iddia edən bir qrup adam da idarənin qarşısına toplaşaraq, ilahiyyatçının buraxılmasını tələb edib.

Buna da bax:​ Ombudsman-ın nümayəndəsi Lapshin-lə görüşüb

“Mənə “cənab kapitan” deməlisiniz...”

Zərərçəkmiş polis məhkəmədə deyib ki, həmin gün futbol üzrə yığma komandanın oyununda asayişi qoruyarkən, onlara idarənin qarşısına qayıtmağı əmr ediblər. Qayıdarkən, orada bir qrup adamın toplaşdığını görüblər: “Həmin adamlar bizə daş atırdılar. “Kaska”ma daş dəydi. Özümüzü müdafiə etmək istəyəndə, bizi əhatəyə aldılar. Qandalımı çıxartdılar. Polis heç nədən qorxmur, amma adam kütlə görəndə həyəcanlanır. Rabitə vasitəm, qandalım itmişdi, qalxanım çatlamışdı. Mən bu adamları tanımıram”.

Polis vəkillərin suallarını cavablayarkən, itən əşyalara görə maaşından tutulmadığını bildirsə də, mənəvi zərər çəkdiyini sözlərinə əlavə edib.

“Bizi tanımırsan, özün heç bir ziyan çəkməmisən, bura niyə gəlmisən? Nə qədər pul verib işə düzəlmisən?”, - Elçin Qasımov onu sual yağışına tutub.

Buna da bax:​ Taleh Bağırovun tərəfdarına 10 maddə ilə ittiham verilib

Polis sualları cavablamayıb. Hakim zərərçəkənin sualları anlamadığını deyəndə, Elçin Qasımov etiraz edib: “O zaman anlaqsız adamı niyə gətirmisiniz buraya?".

Polis kapitanı Xəyyam Camalov da bənzər ifadə verərək deyib ki, toqquşma zamanı ona daş dəyib.

Təqsirləndirilən İsa Şükürov ona sual vermək istəyəndə, polis əsəbiləşib: “Mən kapitanam, mənə “cənab kapitan" deyə müraciət etmək lazımdır”.

Bu məhkəməyə sədrlik edən hakim Mayıl Bayramov İsa Şükürovun sual verməsinə imkan vermədiyindən, polis də çıxıb gedib.

Buna da bax:​ 'Nardaran məhbusu'nun işgəncə iddiası rədd edilib

Bu durum Elçin Qasımovu əsəbləşdirib: “Bu, hələ polis kapitanıdır, onun davranışını gördünüz. İndi bilin ki, bunlar idarədə bizə necə zülm eləyiblər. Bunlar polis adına ləkədirlər. Camaatın pulunu yeyib, indi gəlib adam olublar”.

İsa Şükürov suallarını verməyə imkan yaradılmadığına görə hakim Mayıl Bayramovdan Ali Məhkəməyə şikayət edəcəklərini söyləyib.

Məhkəmə aprelin 7-də davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ 'Nardaran işi-3': 'Bandotdel'də iki Mehman söhbəti

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG