Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Polis: 'İçəridən səslər gəlirdi ki, atəşi dayandırmayın'


Taleh Bağırzadə
Taleh Bağırzadə

Nardaran işi: "Bandotdel"in həyətində dişlərimi sındırdılar

"Allah şahiddir ki, sən yalan danışırsan. And içirsiniz ki, düzgün ifadə verəcəksiz, amma danışdıqlarınızın hamısı yalandır, saxtadır. Quraşdırılmış oyundur ki, insanlara böhtan atsınlar. Mən yaralanmışam, evin içində olmuşam. Evin içində də divarda mənim başımın qanı olub".

Bunu "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərdən Zakir Mustafayev məhkəmədə dindirilən polis Ceyhun İmamverdiyevə deyib.

...başıma tapançanı dirədilər ki, “səsini çıxarma, yoxsa vurulacaqsan”

İmamverdiyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşıdır. O, avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində həm zərərçəkmiş, həm də şahid qismində ifadə verib.

“SƏSLƏR GƏLİRDİ Kİ, ATƏŞİ DAYANDIRMAYIN”

O bildirib ki, 2015-ci il noyabrın 26-da səhər idarədə Kərim Əlimərdanovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib və günorta saat 13.00 radələrində Nardarana gediblər:

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

"Xüsusi tədbir idi. Mövqe seçdik, əməliyyata başladıq. Mən hasardan tullandım həyətə. İki nəfər polis də qapıdan girdi həyətə. İçəri girəndə qarşı tərəf qumbara atdı, partladı. Başladılar sol və sağ tərəfdən atəş açmağa. Xəbərdarlıq oldu ki, atəş açılmasın, amma xəbərdarlığa tabe olmadılar. Biz də atəş açdıq. Sonra ikisi - Zakir Mustafayevlə Fərhad Balayev əlində qumbara hasarı aşdılar. İçəridən səslər gəlirdi ki, “atəşi dayandırmayın”. Etibar İsmayılov əlində xəncəri sağa-sola yellədirdi. Xəncəri əlindən aldım, cibindən də qumbara çıxdı. Hamısını zərərsizləşdirəndən sonra hal şahidləri dəvət olundu. Təcili tibbi yardım çağrıldı, yaralıları xəstəxanaya apardı".

Vəkil Yalçın İmanov hakimlərin nəzərinə çatdırıb ki, Ceyhun İmamverdiyevin ibtidai istintaq zamanı verdiyi ifadə başqa polis əməkdaşlarının ifadələrilə sözbəsöz eynidir.

Polis: «İçəridən səslər gəlirdi ki, “atəşi dayandırmayın”. Etibar İsmayılov əlində xəncəri sağa-sola yellədirdi».

Vəkil polisdən soruşub ki, Fərhad Bünyadov adlı şəxsi tanıyırmı? İmamverdiyev tanımadığını deyib. Bu yerdə vəkil onun nəzərinə çatdırıb ki, istintaqdakı ifadəsində Fərhad Bünyadovun adını çəkib, onun barəsində danışıb.

“DİŞLƏRİMİ SINDIRDILAR”

C. İmamverdiyev təqsirləndirilən şəxslərdən Etibar İsmayılovu zərərsizləşdirdiyini bildirsə də, qarşı tərəf bu barədə deyilənlərin həqiqətə uyğun olmadığını vurğulayıb. Qeyd edib ki, bu adamı ilk dəfə "bandotdel"də görüb:

"Məni mətbəxdən çıxanda itələdilər, bir kənara çəkdilər, başıma tapançanı dirədilər ki, “səsini çıxarma, yoxsa vurulacaqsan”. Sonra da iki polis girdi içəri".

Buna da bax: Taleh Bağırov: «Kimdənsə 1 manat aldığımı sübut eləsələr...»

E. İsmayılov deyir ki, üzərində qumbara, xəncər olması barədə fikirlər də yalandır: "Mətbəxdə məni vurdular, burnumdan qan gəldi. Sonra maşında döydülər. Biri ayağımın üstünə çıxdı, arxadakı başıma təpiklə vurdu. "Bandotdel"in həyətində dişlərimi sındırdılar. Nardaranda əməliyyat 5 dəqiqədən artıq çəkmədi. Hal şahidləri yox idi. Mənə dedilər, “səni tutan adamla üzləşdirəcəyik”, soruşdum, “məni tutan kimdi?” Dedilər, “indi görəcəksən”. Bu gəldi. Bir dəfə onda görmüşəm".

Təqsirləndirilən şəxslərdən hələ də bədənində iki güllə daşıyan Şamil Abduləliyev də bildirib ki, yaralıları xəstəxanaya polislərin çağırdığı təcili yardımın aparması barədə C.İmamverdiyevin dedikləri yalandır, onu xəstəxanaya əməliyyat bitib, polislər gedəndən sonra kənd camaatı çatdırıb.

“QAÇANLA İŞİMİZ YOX İDİ”

Polis: «İçəridən səslər gəlirdi ki, “atəşi dayandırmayın”. Etibar İsmayılov əlində xəncəri sağa-sola yellədirdi. Xəncəri əlindən aldım, cibindən də qumbara çıxdı...»

Başqa bir təqsirləndirilən Zakir Mustafayev də bu polisin yalan danışdığını bildirib: "Mən onu may ayında üzləşmədə görmüşəm. Burada dediklərini orada da dedi. Hətta ona suallar verdilər ki, "niyə qaçanda tutmamısan?" Dedi ki, "qaçanla bizim işimiz yox idi". Deyir ki, guya, mən əlimdə qumbara, hasardan tullanmışam. Mən əlimdə qumbara hansı sürətlə tullanmışam ki, orada bunlar məni zərərsizləşdirə bilməyiblər? Təşvişə düşən insan əlində nə varsa, atıb qaçır. Bu, absurddur. Məntiqsiz bir şeydir. Sadəcə, bunları öyrədiblər ki, belə danış".

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

Məhkəmə prosesi sentyabrın 1-də davam edəcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG