Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:49

'İki gün idi ailə qurmuşdum, istəmirdim şikəst olum, ona görə boynuma götürdüm...'


Müsəlman Birliyi Hərəkatının üzvü, toyundan iki gün sonra narkotik ittihamıyla həbs olunan Cavid Allahverdiyevə 4 il həbs cəzası kəsilib. Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 23-də ona hökm oxunub.

Cinayət işinin materiallarında iddia edilir ki, martın 17-də Biləcəri qəsəbəsində saxlanılan C.Allahverdiyevin cibindən təxminən 33 qram narkotik çıxıb.

Ancaq 27 yaşlı C.Allahverdiyev deyir ki, narkotik ittihamı yalandır. Sadəcə, dini inanclı fəallara, o cümlədən Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı repressiya dalğasının növbəti hədəfi özü olub.

O, “Bolt” şirkətində kuryer işlədiyini, 19 yaşından dini ibadətlə məşğul olduğunu, heç vaxt narkotikə əl uzatmadığını söyləyib.

“Dedilər ki, “zakazdır, getməlisən””

Allahverdiyevin sözlərinə görə, martın 17-də bibisi oğlunun maşınını Biləcəriyə ustaya aparıb geri dönərkən, 4 nəfər mülki geyimli onları saxlayıb:

“Həmin adamlar dedilər ki, “bandotdel”in işçiləridir (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin el arasında yayılmış adı -red.). Apardılar 26-cı bölməyə. Orada da dedilər ki, “zakazdır, getməlisən”. Telefonumun parolunu da verdim, yoxlayıb görsünlər ki, mənim nəsə əyri bir işim varmı?”

C.Allahverdiyev deyir ki, 26-cı polis bölməsində olarkən, etiraf ifadəsinə razılaşmayacağı halda, “bandotdel”in zirzəmisinə aparılıb, orada işgəncəyə məruz qalacağıyla hədələnib:

“Deyirdilər ki, orada elektrikə verəcəklər, əvvəl-axır boynuna götürəcəksən. İki gün idi ailə qurmuşdum, istəmirdim şikəst olum. Ona görə boynuma götürdüm ki, cəhənnəmə...”

C.Allahverdiyev əlavə edib ki, tutulanda üstündə 400 manat pulu vardı. Polislər onu götürsələr də, ailəsinə qaytarmayıblar.

Məhkəmədə dindirilən 26-cı polis bölməsinin 2 əməkdaşı isə iddia edib ki, C.Allahverdiyevi əməliyyat məlumatı əsasında saxlayıblar. Onlar deyiblər ki, Cavidin narkotik işiylə məşğul olması haqda məlumat almışdılar.

Polislər Cavidin üstündən çıxan pulu onun özünə qaytardıqlarını da deyiblər.

“Tanıyanların hamısı bilir ki...”

C.Allahverdiyevə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilmişdi.

Bu maddədə 5 ildən 12 ilədək cəza nəzərdə tutulub. Ancaq məhkəmə hökm çıxaranda, satış məqsədi sübuta yetirilmədiyindən, ittiham 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəyə tövsif olunub. Bu maddədə 3 ildən 8 ilədək həbs cəzası ola bilər.

C.Allahverdiyev bu hökmlə də razı deyil və ondan apellyasiya şikayəti verəcək.

Onun ailə üzvləri AzadlıqRadiosuna bildiriblər ki, həbsindən öncə C.Allahverdiyev daim narkomaniya və narkotik ticarətinə qarşı mübarizə aparırdı:

“Onu belə bir ittihamla həbs eləmək biabırçılıqdır, günahdır. Cavidi tanıyanların hamısı bilir ki, o, divarlara, ağaclara gəncləri narkomaniyadan çəkinməyə çağıran vərəqlər yapışdırırdı. Bunu təsdiqləyən videolar, şəkillər də var. Günahı olmayan adamı 4 il yox, lap 4 gün də həbsdə saxlamaq insafsızlıqdır. Bu adam cəmi iki gün idi ailə qurmuşdu...”

Xatırlatma

“Müdafiə Xətti” insan haqları təşkilatının məlumatına görə, Azərbaycanda 2023-cü il ərzində yüzlərlə dini inanclı şəxs narkotik ittihamıyla həbs olunub.

Onların əksəriyyətinin məhkəməsi hazırda davam edir. Həbs edilənlər narkotik ittihamının saxta olduğunu, şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaları təkzib edərək, sözügedən şəxslərin konkret cinayətlər üzündən məsuliyyətə cəlb olunduğunu bəyan edib.

XS
SM
MD
LG