Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:56

Rəy sorğusu: NATO-ya üzv ölkələrdə alyansa müsbət baxırlar


Şimali Atlantika Müqaviləsinin imzalanmasının 75-ci ildönümü ərəfəsində Londonda NATO ölkələrinin bayraqları.
Şimali Atlantika Müqaviləsinin imzalanmasının 75-ci ildönümü ərəfəsində Londonda NATO ölkələrinin bayraqları.

NATO-nun 13 ölkəsində yetkin yaşlıların ortalama 63 faizi bu müdafiə alyansına müsbət yanaşır, 33 faizi isə mənfi fikirdədir. Bunu Vaşinqtonda yerləşən "Pew Research Center" iyulun 2-də açıqladığı rəy sorğusunda bildirir.

İyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə sammiti gözlənilir.

Bu il yanvarın 5-dən mayın 21-dək keçirilən sorğuda 35 ölkədə 44 min 166 nəfərin rəyi öyrənilib.

NATO-ya müsbət yanaşma artıb

2019-cu ildə son sorğudan bəri Türkiyədə NATO-ya müsbət yanaşma artıb. Son bir ildə macarıstanlılar da alyansa daha xoş baxmağa başlayıblar. İspaniya, İsveç, Böyük Britaniya və ABŞ daxil azsaylı ölkələrdə isə 2023-cü ildən bəri NATO-ya müsbət yanaşma azacıq düşüb.

Macarıstan, Polşa və Türkiyədə respondentlərdən soruşublar ki, NATO-ya üzvlük onların ölkəsi üçün vacibdirmi? Macarıstan və Polşada hər 10 respondentdən 8-i, Türkiyədə isə təxminən 6-sı buna inandığını söyləyib.

Volodimir Zelenski
Volodimir Zelenski

Zelenskiyə inam azalıb

Sorğu zamanı dünyada Ukrayna prezidenti Volodimir Zelenskiyə necə yanaşıldığı da öyrənilib. 35 NATO və qeyri-NATO ölkəsində rəyi soruşulanların ortalama 40 faizi deyib ki, Zelenskinin dünya işlərində düzgün olanı etdiyinə inanır. 46 faiz isə buna inanmır. Yalnız yeddi ölkədə rəyi soruşulanların əksəriyyəti deyib ki, Zelenskinin beynəlxalq məsələləri idarə etmək bacarığına inanır. Avropanın bir neçə ölkəsində və Şimali Amerikada ona etimad ciddi şəkildə azalıb.

Avropada Ukrayna prezidentinə etimad ölkədən ölkəyə fərqlənir. İsveçdə hər 10 yetkin yaşlıdan 8-i Zelenskiyə inanırsa, Macarıstanda təxminən elə bu qədəri inanmır.

2023-cü ildən bəri bir çox ölkələrdə Zelenskiyə etimad əhəmiyyətli düşüb. Ən böyük azalma Polşadadır, ötən ildən Ukrayna liderinə etimad 22 faiz azalıb.

ABŞ, Türkiyə, Macarıstan və Polşada Ukraynaya yardım məsələsində ictimaiyyətin fikri haçalanır. Amerikalıların 24 faizi deyir ki, Vaşinqton Ukraynaya yetərincə yarım göstərmir. 2023-cü ilin noyabrında bu göstərici 18 faiz idi. Amma yenə də daha çox amerikalı (31 faiz) düşünür ki, ABŞ həddən çox yardım edir. 25 faiz doğru miqdarda yardım olunduğunu bildirir.

Macarıstanda 61 faiz, Türkiyədə 46 faiz respondent ölkələrinin Ukraynaya doğru həcmdə yardım göstərdiyini söyləyib.

Vladimir Putin
Vladimir Putin

Rusiya və Putini xoş görənlər

2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayan Rusiya və lideri Vladimir Putinə yanaşma çox neqativdir, amma sonuncu rəy sorğusundan bəri bəzi ölkələrdə rəylərdə azacıq istiləşmə də müşahidə olunur.

Sorğu keçirilən 35 ölkədə ortalama 65 faiz respondent Rusiyaya pis baxır, 73 faiz isə Rusiya liderinin dünya işlərində düzgün olanı etdiyinə inanmır.

Amma məsələn, Argentinada son bir ildə Rusiyaya yaxşı baxanların sayı 11, Putinə inananların sayı 9 faiz artıb.

Bəzi Avropa ölkələrində sağ qanad populist partiyaya müsbət yanaşanlar Rusiya və Putinə də daha isti baxırlar. Məsələn, 2023-cü ildə Almaniyada AfD (Almaniya üçün Alternativ) partiyası tərəfdarlarının 26 faizi Putinə inanırdı. İndi bu göstərici 45 faizdir, işğaldan öncəki inam səviyyəsinə yaxındır. Başqa yerlərdə də durum təxminən belədir.

XS
SM
MD
LG