Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:48

Naximov küçəsində bir daxma var… (Video)


Naxımov küçəsində bir daxma var ki...
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Naxımov küçəsində bir daxma var ki...

-

Bakının Zığ qəsəbəsindəki Naximov küçəsinə yolu düşən hər kəs üzərinə «İsti qutab satılır» elanı vurulmuş və qarşısındakı «piştaxtaya» kartof-soğan yığılmış bu taxta daxmanı görə bilər. Elə bu daxmanın sahibəsi olan Arifə Məmmədovanı da… Arifə xanım burada təkcə qutab bişirib satmır, oğlu ilə həm də bu daxmada ömür sürür…

Arifə Məmmədovanın daxması
Arifə Məmmədovanın daxması

«BU YER MƏNƏ 7 MİN MANATA BAŞA GƏLİB»

O, 35 il əvvəl ailə qurub. Deyir, elə təxminən o vaxtdan küçələrdədir. Gah o qapıda, gah bu qapıda, kirayədə qala-qala, şəraitsizlikdən, xəstəlikdən dörd övladını, həyat yoldaşını, anasını, atasını torpağa gömüb:

«Bundan əvvəl 4 il qarajda yaşamışam. İçərisinə həm satmaq üçün kartof-soğan yığırdım, həm də orada yaşayırdım. Döşəməsiz idi. Suyun, palçığın içində idik. Məcbur oldum, o qarajı bir nəfərə 2 min manata satdım. Pulun üstünü borcla-xərclə düzəldib bu bir parça torpağı aldım. Nə deyim axı, neçə illərdir küçələri gəzə-gəzə qalmışam. Bu yer mənə 7 min manata başa gəldi. Bankdan, oradan-burdan borc götürüb aldım. Demək olar ki, elə küçədə yaşayıram».

Arifə Məmmədova
Arifə Məmmədova

Borca-xərcə düşüb bu ərazidə balaca bir torpaq sahəsi götürüb, ətrafdan daşıyıb gətirdiyi taxtalardan üzərində daxma düzəldib, oğlunu da yanına alıb, içərisində həyatına davam edir... Ən böyük istəyi odur ki, bu taxta daxmanı daş evə çevirsin: «Heç hamamım, tualetim də yoxdur, yalvar-yaxarla qonşuların hamamına, tualetinə gedirəm... Mənim günümü, güzəranımı qonşulardan soruşun. Pal-paltarımızı da onlar verir».

«NƏ QUTAB ALAN VAR, NƏ MEYVƏ»

Daxmacığın içərisi darısqal, yarıqaranlıq, soyuq və dağınıqdır. Pal-paltarları yığmağa yer də yoxdur. Açılıb yığılan iki köhnə çarpayı var. Qonşular bağışlayıb.

Arifə xanım soyuducunun qapısını açır və bizə oraya yığdığı «taamları» göstərir. Şordan başqa gözə heç nə dəymir:

«Bax, belə dolanırıq... Heç nə yoxdur yeməyə… Məmurlar kabab yeyir, biz acından ölürük. Uşağımın əlləri qan azlığından ağappaqdır».

Manatın son dəyərsizləşməsi Arifə xanımın vəziyyətini daha da ağırlaşdırıb. Deyir, qutab üçün daxmaya yaxınlaşanların da ayaqları buralardan çəkilib. Heç tərəvəz-filan alan da yoxdur:

Daxmanın içərisi
Daxmanın içərisi

«Dolanışığım qutabdan çıxır, onu da heç kəs alıb yemir. Alver ölüb. Adamlarda pul yoxdur ki, qutab alıb yesinlər… Nə meyvə alan var, nə qutab…».

İCRA HAKİMİYYƏTİ DEYİR, İMKANI YOXDUR

Yaşadığı yerin icra hakimiyyətinə dəfələrlə müraciət edib ki, ev şəraitini yaxşılaşdırmasına kömək etsinlər. Məmurların arxasınca sürünməkdən yorulsa da, dərdinə əlac tapmayıb və çəkilib daxmasına...

Xətai rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, Arifə Məmmədovaya kömək imkanları yoxdur.

Görünür, bu balaca taxta daxmanı daş evə çevirməyin ağırlığı yenə Arifə xanımın öz çiyinlərinə düşəcək...

XS
SM
MD
LG