Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

Neftə qlobal tələbat ‘çökə’ bilər


Reuters yazır ki, aprel ayında qlobal neft tələbatı günə 18.7 milyon barrel azala bilər.

Mart ayında qlobal tələbatın günə 10.5 milyon barrel azalacağı gözlənilir.

Goldman Sachs investisiya bankı bildirir ki, bu, minlərlə insanın həyatına son qoyan koronavirus pandemiyası və onun ucbatından bütöv iqtisadiyyatların bağlanması ilə əlaqədardır:

“Bu ölçüdə tələbat sarsıntısı OPEC təşkilatının aparcı üzvlərinin hasilatı potensial olaraq ixtisar etməsinin və ya dondurmasının nəticələrini mənasız edəcək”.

Bank bildirir ki, tələbatın bu şəkildə iflası günə bir neçə milyon barrel neftin bazardan çıxalması ilə nəticələnəcək.

Goldman Sachs bankının gəldiyi qənaəti dünyanın ən böyük müstəqil neft ticarətçisi Vitol da bölüşür.

Vitol təhlilçiləri neftə tələbatın gələn həftə ərzində günə 15-20 milyon barrel arasında azalacağını proqnozlaşdırırlar.

Vitol şirkətinin baş icraçı direktoru Russell Hardy Bloomberg saytına müsahibəsində deyib ki, indiyədək belə bir hal görünməyib.

Reuters bildirir ki, dünya boyunca iqtisadi fəaliyyətlərin dayanması aviasiya və avtomobil yanacağına olan tələbatı kəskin şəkildə azaldıb.

Quyuları sadəcə olaraq bağlamaq lazım gələcək

Goldman Sachs bankının analitikləri deyirlər ki, tələbatın belə çöküşü neft hasilatının günə bir neçə milyon barrel ixtisar olunmasını tələb edəcək.

Neft qiymətləri martın 26-da üçgünlük dirçəlişdən sonra yenidən düşüb. Bu xəbərin yazıldığı vaxt Brent markasından olan neftin bir barrelinin qiyməti 28.65 dollar idi.

Ekspertlər ehtimal edirlər ki, tələbat azalmasının ardınca 2020-ci ilin sonunda gözlənilən qiymət dirçəlişi xeyli kəskin olacaq.

Bununla belə neftin bir barrelinin yalnız 40 dollar həddinə yüksələ biləcəyi gözlənilir.

Forbes yazır ki, neft şirkətləri artıq tələbatın çökməsinə 2020-ci il üçün öz kapital xərc büdcələrini 40 milyard dollardan çox kəsməklə reaksiya verirlər.

Bu da qeyd olunur ki, anbar çatışmazlığına görə neft nəhəngləri öz quyularını sadəcə olaraq bağlamağa məcbur olacaqlar.

Səudiyyə ilə Rusiya barışsa belə...

The Wall Street Journal qəzeti yazır ki, koronavirus pandemiyası Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsi aparan Kremlin hasilatı artırmaq planlarını pozub.

Qəzetin Moskva müxbiri xəbər verir ki, bu vəziyyət Rusiyanın iri neft şirkətlərinin rəhbərləri arasında çaxnaşma yaradıb.

Rusiya bu ayın əvvəllərində OPEC-lə hasilatın ixtisarına dair razılaşmadan imtina etdikdən sonra neftin qiyməti 42 faiz düşüb.

Forbes sual edir: prezident Trump Səudiyyəni və Rusiyanı qiymət müharibəsini dayandırmağa sövq edə bilərsə, vəziyyət dəyişə bilərmi?

Məqalədə bu suala mənfi cavab verilir: Rusiyanın və Səudiyyənin razılaşacağı təqdirdə yalnız günə 1, 5 milyon barrel ixtisar oluna bilər.

Bu, koronavirusun gətirdiyi dağıntının qarşısında heç nədir.

XS
SM
MD
LG