Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:39

Neft və qazın ən çox sərvət yaratdığı dörd ölkədən biri Azərbaycandır


Azərbaycan nefti və Yaponiyanın 1 kiloqramlıq beyni...
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

Azərbaycan nefti və Yaponiyanın 1 kiloqramlıq beyni... (Video arxiv. 2014)

Sərvətləri formalaşdıran dörd amil

Dünya Bankı "Millətlərin Dəyişən Sərvəti 2021: Gələcək üçün Aktivlərin İdarə Edilməsi" hesabatını və yenilənmiş məlumat bazasını yayımlayıb. Hesabatın metodologiyasına görə, hər bir ölkənin sərvəti dörd komponentin cəmindən formalaşır. Bunlardan ilki istehsal kapitalıdır. İstehsal kapitalı dedikdə maşın, qurğu və avadanlıq kimi insanların yaratdığı sərvətlər anlaşılır. Sərvətləri formalaşdıran ikinci amil bərpa olunan və bərpa olunmayan təbii sərvətlərdən ibarət təbii kapitaldır. Növbəti komponent insan kapitalıdır. İnsan kapitalı dedikdə işçi qüvvəsində əksini tapan bilik, bacarıq və təcrübə nəzərdə tutulur. Sərvətləri formalaşdıran sonuncu komponent xalis xarici aktivlərdir. Bunlara səhmlər, borc qiymətli kağızları, birbaşa xarici investisiyalar və digər ölkələrdə saxlanılan maliyyə aktivləri daxildir.

Hesabatda 1995-ci ildən bəri dünyada qlobal sərvətlərin həcmində artış yaşandığı bildirilir. Artıq orta gəlirli ölkələrin gəlir səviyyəsi yüksək gəlirli ölkələrə yaxınlaşmağa başlayıb. Amma hesabatda bu artımların yanında dayanıqlı iqtisadi inkişaf üçün risklərin də meydana çıxdığına diqqət çəkilir. Məsələn, yenə 1995-ci ildən bəri adambaşına düşən meşə sərvətlərinin həcmi 8 faiz azalıb. Ciddi azalma gözə dəyən istiqamətlərdən biri də dəniz balığı ehtiyatlarıdır. Pis idarəçilik və hədsiz ovlanma nəticəsində balıq ehtiyatları 80 faizə yaxın azalıb. Bu baxımdan, hesabatda xəbərdarlıq edilir ki, iqlim dəyişiklikləri ilə bağlı daha tutarlı addımlar atılmasa, belə problemlər daha da kəskinləşə və dayanıqlı irəliləyişə əngəl törədə bilər.

Hesabatda diqqətçəkən daha bir məqam aşağı gəlirli ölkələrlə bağlıdır. Dünya üzrə sərvət artsa da, həmin ölkələrin payında ciddi dəyişiklik olmayıb. Aşağı gəlirli ölkələr dünya əhalisinin 8 faizini əhatə etsə də, belə ölkələrin qlobal sərvətlərdəki payı 1 faizdən də aşağıdır. Halbuki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri, yəni dünya əhalisinin təxminən 20 faizinin yaşadığı cəmi 38 ölkə qlobal sərvətlərin 60 faizə yaxınına sahiblik edir.

Azərbaycanda vəziyyət necədir?

Hesabatda Azərbaycanla bağlı ən çox diqqət çəkən məqamlardan biri odur ki, bu ölkə dünyada təbii resurslar sayəsində sərvətin formalaşmasında ən çox paya sahib ölkələrdən sayılıb. Üç il öncəki göstəricilərə görə, Azərbaycanda yuxarıda qeyd edilən komponentlər üzrə formalaşan sərvətin 42 faizi neft və qaz hesabına yaranıb. Bu göstərici ilə Azərbaycan dünyada təbii sərvətlərin formalaşmasında ən çox payı olan dördüncü ölkədir. İlk üç yeri İraq (65 faiz), Səudiyyə Ərəbistanı (46 faiz) və Küveyt (46 faiz) tutur. İlk onluqda Azərbaycandan sonra qərarlaşan digər ölkələr Qətər, İran, Qabon, Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstandır.

Hesabatda Azərbaycanla bağlı diqqətçəkən daha bir məqam bu ölkədə sərvətin formalaşmasında insan kapitalının payının az olmasıdır. Dünya üzrə qlobal sərvətlərin 64 faizini insan kapitalı oluşdurduğu halda, Azərbaycanda bu göstərici cəmi 23 faizdir. Hətta aşağı gəlirli ölkələr qrupunda sərvətlərin formalaşmasında insan kapitalının payı 50 faizə yaxındır. Deməli, elə ölkələr belə Azərbaycanın göstəricilərini iki dəfə üstələyir. İnkişaf etmiş ölkələrin göstərici isə Azərbaycandan üç dəfə daha yüksək - 64 faiz həddindədir.

Azərbaycanın insan kapitalı ilə bağlı göstəriciləri region ölkələrindən də geridir. Məsələn, sərvətlərin formalaşmasında insan kapitalının payı Ermənistanda 60 faiz, Gürcüstanda 47 faizdir.

Sərvətlərlə bağlı Dünya Bankının bundan öncəki hesabatında da Azərbaycanda insan kapitalının payı aşağı idi. Həmin hesabata görə, insan kapitalı qlobal sərvətlərin 64; yüksək gəlirli ölkələrin sərvətlərinin 70; aşağı gəlirli ölkə sərvətlərininsə 41 faizini təşkil etdiyi halda, Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payı cəmi 14 faiz - aşağı gəlirli ölkələrin göstəricisindən də təxminən üç dəfə aşağı olub. Bu üzdən, Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payının az olmasının səbəbləri araşdırılmalı və insan kapitalının formalaşmasına təsir göstərən sahələrdəki mövcud durum dəyərləndirilməlidir. Bu, ölkədə dayanıqlı iqtisadi inkişafı əngəlləyən problemlərin müəyyənləşdirilməsi baxımından çox vacib amildir.

XS
SM
MD
LG