Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

Avropada qaz ucuzlaşır, Azərbaycanda ÜDM azalır


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır?

Azərbaycanda 2023-cü ilin yanvarında 9 milyard 690.2 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz azdır.

2023-cü il dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyində bu il Azərbaycanda neft hasilatının 4.6 faiz azalması proqnozlaşdırılıb. Qeyd edilib ki, əmtəəlik qaz hasilatı isə 6.2 faiz artacaq. Qaz hasilatının artımı hesabına neft-qaz sektoru üzrə ÜDM-də artım proqnozlaşdırılıb.

A.Badamov
A.Badamov

Deputat: "Statistika ilin ilk ayına görə verilib…"

Milli Məclisin deputatı Azər Badamov "Turan"a bildirib ki, statistika ilin ilk ayına görə verilib və ilin sonuna vəziyyətin necə olacağına dair proqnoz vermək çətindir: "Keçən il yaxşı göstəricilərlə başa çatdırılıb. İndi isə ilin birinci ayı ilə bağlı, ola bilsin, statistik göstəricilər tam açıqlanmayıb, tam hesablanmayıb".

Deputat azalmanın baş verəcəyini düşünmədiyini qeyd edib: "Qeyri-neft sektoru inkişaf edir, göstəricilərdən də görünür ki, artım var. Neft sektorunda isə, ola bilsin ki, hesablamalar tam öz əksini tapmayıb deyə, belə nəticələr açıqlanıb. Haradasa azalmanın olması ilə bağlı məlumat yoxdur".

"Avropada qazın qiyməti ucuzlaşıb"

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, təqdim olunmuş statistikaya əsasən, Azərbaycanda neft hasilatı və ixracatı azalıb: "Eyni zamanda, Avropada qazın qiyməti ucuzlaşıb. Bu baxımından da neft və qaz ixracatından valyuta gəlirləri azaldığından ÜDM-də eniş qeydə alınıb".

Onun fikrincə, böyük ehtimalla bu istiqamətdə problemlər davam edəcək və fevralda da tənəzzül qeydə alınacaq: "Çünki fevral ayında Türkiyədəki zəlzələdən dərhal sonra Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını dayandırmışdılar. İxracatı fevralın 12-də bərpa ediblər".

Q.İbadoğlu
Q.İbadoğlu

O hesab edir ki, yanvar tənəzzülünün səbəblərdən biri də həmin ayda alıcılıq qabiliyyətinin düşməsidir: "Həm də yanvar ayında pensiyalarda və maaşlarda artımın olmaması alıcılıq qabiliyyətini aşağı salıb. Bu da ticarət və xidmətin dövriyyəsinə təsir edən əsas faktor kimi son nəticədə Ümumi Daxili Məhsulun tənəzzülünü şərtləndirib. Digər səbəblər arasında yanvarda məcmu istehlakın azalması, inhisarçı şirkətlərin vergi ödəməməsinə görə büdcədən maliyyələşən dövlət xərcləmələrinin azalması, eləcə də iş yerlərinin bağlanmasının çoxalması ola bilər".

"Hər şey qiymətdən və hasilatdan asılıdır"

Q.İbadoğlu deyir ki, ÜDM-nin tənəzzülü əhaliyə birbaşa təsir gücündə deyil: "Uzunmüddətli dövrdə bu təsirləri hiss etmək mümkündür. Təbii ki, burada əsas faktor dünya bazarlarında neft və qaz qiymətləridir . Azərbaycanda neft və qaz hasilatıdır. Ölkədə ÜDM bu iki faktordan asılı vəziyyətdədir".

İqtisadçının sözlərinə görə, fevralda indeksləşdirilmiş pensiyaların ödənməsi alıcılıq qabiliyyətini stimullaşdıra bilər və martda iqtisadi artım mümkün görünür: "Amma Azərbaycanda iqtisadi artım olanda da əhali heç vaxt ondan faydalanmayıb. İqtisadi tənəzzül olanda isə onun yükünü əhalinin çiyninə qoyurlar və xərclərini əhaliyə ödədirlər".

DSK-nın açıqlamasına görə, 2022-ci ildə ölkədə 133.8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4.6 faiz çox ÜDM istehsal olunmuşdu.

XS
SM
MD
LG