Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:20

'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'


Ziya Məmmədov
Ziya Məmmədov

"O, milyonlarla manatını, bağlamalarla qızıl-zinət əşyalarını, milyonlarla xarici valyutasını saxlamaq üçün mənə verirdi. Mən də onları yaşadığım həyətimizdə torpağa basdırırdım, maşının yük yerində gəzdirirdim, evimizdəki köhnə əşyaların içində gizlədirdim...".

Söhbət bu yaxınlaradək nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxışovdan gedir. Onun milyonlarla pulunu, bağlamalarla qızılını gizlətdiyini deyən isə öz qohumu Rövşən Əhmədovdur.

Çingiz Baxışov 2014-cü ilin yanvarında Ziya Məmmədovun müşaviri təyin edilib. Daha əvvəl Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, ona qədərsə "Avtonəqliyyat" Servis Departamentinin rəisi olub.

Buna da bax:​ 'Güzgünü sındırmaq cəhdi'

Çingiz Baxışovla Rövşən Əhmədov qohumdurlar - anaları əmiqızıdır. Rövşən Əhmədov uzun müddət onun tabeliyində işləyib, münasibətləri də yaxın olub. İndi isə Ç. Baxışov qohumunu onun 800 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməkdə suçlayır.

"695 mini özümün, 50 mini bir qızımın, 55 mini də o biri qızımın"

Çingiz Baxışov qohumundan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Onun şikayəti əsasında da Rövşən Əhmədov ötən il aprelin 4-də həbs olunub. Artıq Rövşən Əhmədovun məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yaxın günlərdə Rövşən Əhmədov məhkəmədə ifadə verəcək.

Çingiz Baxışov iddia edir ki, qohumunun ələ keçirdiyi 800 min manatlıq daş-qaşın 695 min manatlığı onun, 55 min manatlığı bir qızının, 50 mini də o biri qızının olub.

Məhkəmənin hazırlıq iclasında qısaca danışan Rövşən Əhmədov ittihamı qəbul etmir. Deyir ki, Çingiz Baxışov onu şərləyir.

Buna da bax:​ Əliyev devalvasiyadan sonra hansı islahatları aparıb?

İstintaqda üzləşmədə də onun yalan danışdığını bildirib.

Rövşən Əhmədovun sözlərinə görə, 2003-cü ildən Nəqliyyat Nazirliyində Çingiz Baxışovun rəhbərlik etdiyi departamentdə müfəttiş kimi işə düzəlib. 2005-ci ildən Çingiz Baxışov öz pullarını, qızıl-zinət əşyalarını onun evində gizlədib: "Çünki mənə etibar edirdi. Gizlədib saxlamaq üçün mənə etibar elədiyi əşyalar sırasında milyonlarla manat, qızıl-zinət əşyaları, milyonlarla xarici valyuta və s. olurdu".

Rövşən Əhmədovun dediyinə görə, işdə rəhbəri olan qohumunun təkcə var-dövlətini gizlətməyib, onun başqa göstərişlərini də yerinə yetirib. Məsələn, kimdən pul almaq lazım idisə, gedib alıb, kimə pul vermək lazım olubsa, gedib verib.

Rövşən Əhmədov bildirib ki, qohumu 2015-ci ilin əvvəlində ona saxlamaq üçün iki bağlama qızıl-zinət əşyaları verib. O da heç bağlamaların içini açıb baxmadan gizlədib saxlayıb. Bir müddət keçəndən sonra sahibi bağlamaları geri istəyəndə aparıb verib: "Bağlamaları mənim yanımda açmadı, o biri otaqda açdı. Gəlib dedi ki, "iki yox, üç bağlama vermişdim". Nə qədər dedim ki, iki bağlama idi, inanmaq istəmədi. Əlacsız qalıb, evi axtarmağa icazə istədim. Gəldim, yoldaşımla iki gün evi axtardıq. Bir neçə gündən sonra Çingiz zəng eləyib, üzrxahlıq elədi ki, bağlamanın biri evdəymiş. Məni nahaqdan günahlandırdığı üçün onu qınadım, üzrxahlıq elədi. Amma 2015-ci ilin yayında yenidən evinə çağırıb, bir torbanın içində - bu dəfə üç bağlama verdi. 2016-cı ilin fevralında qızımın toyu idi. Toy öncəsi kənar adamların evə çox gəlib-getdiyini nəzərə alaraq, fikirləşdim ki, bağlamaları aparım verim. Onunla danışdım, evlərinin blokunda Çingiz zəng elədi ki, "evdə heç kim yoxdur, bağlamaları qızım Fatmagilə apar". Təxminən 20 dəqiqəyə qızıgildə oldum. Qızı evdə yox idi, qapını kürəkəni Ayaz açdı. Zəng eləyib Çingizə dedim ki, Fatma evdə yoxdur, Ayaza verməyimi istədi, mən də verdim".

Buna da bax:​ Azərbaycan məmurlarının pulları üçün «cənnət» ölkə

"Oğlumu Qarabağa göndərib şəhid qaytarmaqla hədələdi"

Fevralda Çingiz Baxışov xəstəxanaya düşüb, bir müddət sonra isə oğlunun ad gününə görə xaricə gedib. Oğlu Avstriyada yaşayır. Novruz bayramı ərəfəsində ölkəyə qayıdıb.

"Martın 30-da zəng eləyib dedi ki, "səninlə işim var". Getdim. Çingiz "skoçu" açılmış iki bağlamanı göstərib dedi ki, "içindəki qızıllar yoxdur". Amma üçüncü bağlamanın "skoçu" açılmamışdı. Çingiz özü açdı, məlum oldu ki, bu bağlamada hər şey yerindədi. Tələb elədi ki, o biri iki bağlamadakı qızılları da gətirib yerinə qoyum. Dedim ki, bu bağlamalar fevralın 1-dən - iki aydır ki, Fatmanın evindədir", - Rövşən Əhmədov ifadəsinin davamında danışıb.

Rövşən Əhmədov düşünür ki, qohumu onunla ədavət aparır, çünki bu hadisədən az əvvəl maşına görə aralarında mübahisə olub. Dediyinə görə, polisə verməzdən əvvəl onu oğlunu işdən qovdurmaqla, cəbhə bölgəsinə göndərib, şəhid kimi geri qaytarmaqla hədələyib.

Nazirin keçmiş müşavirinin özü ilə yanaşı, iki qızı da zərərçəkən kimi tanınıb. Zərərçəkən tərəf olaraq, onları məhkəmənin hazırlıq iclasında Paşa Səfərov təmsil edib. O, məhkəməyə bildirib ki, zərərçəkənlər təqsirləndirilən Rövşən Əhmədovdan maddi ziyanla yanaşı, mənəvi ziyanın da ödənilməsini tələb edirlər - mənəvi ziyana görə ata 20 min, qızların hər biri isə 10 min manat istəyir.

Buna da bax:​ Vahid Əhmədov: «Ofşor zonalardan vəsaitin geri çağırılması elə də asan iş deyil»

Rövşən Əhmədovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsin həbsdən buraxılması barədə vəsatət qaldırıb. Qeyd edib ki, onun 800 min manatlıq qızıl-brilyantı ələ keçirməsi barədə ittiham absurd və nağıldan başqa bir şey deyil: "Çingiz Baxışovun özünün ifadəsindən başqa heç bir sübut yoxdur. Bəlkə elə özləri hardasa itiriblər, satıb xərcləyiblər? Bu adamın haqqında həbs qərarının verilməsi üçün heç bir mötəbər sübut olmayıb".

Amma vəkilin vəsatəti təmin edilməyib.

Məhkəmə baxışı noyabrın 22-nə təyin olunub.

XS
SM
MD
LG