Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Elektron nəzir qutusu haqda: 'İnsanlarımız öyrəşib pulu əllə verməyə'


Nəzir qutularına yığılan pullar hara gedir? 'Bu, hoqqabazlıqdır'
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

Nəzir qutularına yığılan pullar hara gedir? 'Bu, hoqqabazlıqdır' (2022)

Bakının Yasamal rayonunda yerləşən məscidlərin birində müxtəlif vaxtlarda bir neçə nəzir qutusu oğurlanıb. Bu haqda bugünlərdə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən bildirilmişdi.

Azərbaycanda illərdir nəzir qutuları, ora toplanan pulların təyinatı müzakirə mövzusudur. Əvvəllər bu pullara, əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzarət etdiyi ilə bağlı iddialar səslənib. Amma QMİ rəhbərliyi belə iddiaları təkzib edib. "Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?", - illər öncə QMİ rəhbəri Allahşükür Paşazadə mətbuata bildirmişdi.

Bir ildən çoxdur isə nəzir qutuları ilə bağlı məsələləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirməlidir. "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliyə əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, onları nağd, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və yaxud internet vasitəsilə qəbul edə bilərlər. Lakin buna baxmayaraq, ənənəvi nəzir qutuları qalmaqdadır.

Allahşükür Paşazadə nəzir pulu haqda
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən açıqlamaya görə, ianələrin elektron şəkildə toplanması və sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Amma, hələlik, Komitədən layihənin detallarını öyrənmək mümkün olmayıb.

"Elektron formada mümkün deyil"

Milli Məclisin deputatı Fazil Mustafa isə "Turan"a bildirib ki, nəzir qutuları ilə bağlı məsələ cəmiyyətdə müzakirə olunur, amma bunun elektron formada həyata keçirilməsi mümkün deyil: "Çünki Azərbaycanda çoxsaylı cahillər vəsaiti mütləq özləri bu qutuya salmaq istəyirlər və onlar bundan zövq alırlar. Onların elektron qaydaya maraq göstərməsi ciddi səslənmir".

Buna baxmayaraq, F.Mustafanın fikrincə, kiminsə nəzir qutusuna pul salmaq vərdişi varsa, bunu elektron qaydada etməsi daha uyğun olardı: "Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə olunub. Nazirlər Kabinetinin hansı qərar çıxaracağı hələ bəlli deyil, amma məsələ burasındadır ki, cəmiyyəti bu cahillikdən qurtarmaq yollarını axtarmaq lazımdır".

'Beşbarmaq'da nəzir qutularına yiğılan pul hara gedir?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

"Nəzir qutularından təyinat üzrə istifadə olunmur"

Deputat hesab edir ki, nəzir qutularından təyinat üzrə istifadə olunmur: "İnsanlar daha çox xeyriyyə işləri ilə məşğul olsalar, daha yaxşı olar. Mən nəzir qutularının bu formada işləməsinin tərəfdarı deyiləm. Bu gün universitetin qapısına nəzir qutusunu qoysanız, hətta tələbələr yaxşı qiymət almaq üçün ora pul atacaq. Ona görə də insanlara bunun mənasız olduğunu aşılamaq üçün işlər görmək daha yaxşı olar, nəinki qanunvericilik yolu ilə bu ənənəni yaşatmaq".

"Bəlkə, o pullar İrana verildi?"

İlahiyyatçı Tural İrfan AzadlıqRadiosuna bildirib ki, əvvəllər bu məsələdə şəffaflıq olmayıb. Onun fikrincə, bəzi hallarda mənimsəmələr də olub: "Məscidlərdəki nəzir qutularında yığılan vəsaitlərin indiyə qədər tam hara xərclənməsi ilə bağlı heç bir məlumat yoxdur. Bəlkə, o pullar İrana verildi?! İnsanlarımız belə şeyləri başa düşmür, gedir pulu verir ora, amma bilmir ki, o pul hara gedir?.. İnsanlarımız bunu bilsin və aparsın o pulu kasıb, xəstə adama versin".

Ekspertin sözlərinə görə, məsələni qısa bir zamanda tənzimləmək mümkün deyil: "Bu icmalar, bu pulu yeyən adamlar buna o qədər vərdiş ediblər ki, indi bunu onların əlindən almaq vaxt aparacaq. Digər tərəfdən, bu, elektron qaydada olsa da, insanlarımız öyrəşib pulu aparıb əllə verməyə. Bəzən qanun qəbul edilir, amma bizim insanlarımız öz xurafatçılıqlarından əl çəkmirlər".

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə ayrılıqda danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG