Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31

"Cənab prezident, əvvəl yolu düzəlt..."


İllüstrasiya
İllüstrasiya

►Odunu kreditə alan kəndli

“Ölkə başçısı dəfələrlə deyib ki, kənd təsərrüfatı inkişaf etdirilsın. Torpaq sahələri əkilsin, bununla da həm əhalinin kənd təsərrüfatı məhsuluna tələbatı daxili imkanlar hesabına ödənilsın, həm də rayonlarda yaşayan əhalinin işsizlik səviyyəsi düşsün. Deyilənə görə, hətta bundan sonra istifadə olunmayan torpaqlara görə vergi də yığılacaq. Özü də o vergi kəndli üçün kiçik məbləğ deyil. Ancaq kəndli bu torpaqdan necə istifadə etsin?”

Lerikin Orand kəndinin sakinləri bu sualın cavabını axtarır.

Kənd sakini Sübhan Məmmədov AzadlıqRadiosuna danışır ki, kənddə yüz hektarlarla sahələr əkilməmiş qalıb:

“Biz də istəyirik kənd təsərrüfatı ilə məşğul olaq, torpaqlarımızı təyinatı üzrə istifadə edək. Ancaq torpaqlarımızı əkib becərə bilmirik. Susuzluq, yolsuzluq torpaqdan istifadəmizə əngəl olub. Prezident deyir, “kəndli, sənə torpaq vermişəm, get, dolan”. Kəndlinin biri mən. Mən də prezidentə deyirəm: “Cənab prezident, əvvəl kəndin yolunu, suyunu düzəlt, gübrənin, dərmanın qiymətini ceyran belindən aşağı sal, sonrası sən deyəndir””.

PREZİDENTƏ MƏKTUB YAZANDAN SONRA

Kənd sakini Etimad Salahov deyir, yay gəlir, yenə kəndin işsizləri qoltuqlarında nərd, domino ilə çayxanalara yığışır:

“1800 əhalisi olan kənddə işləyənləri barmaqla saymaq olar. Torpaq bizə baxır, biz torpağa. Kəndliyə təsərrüfatla məşğul olmağa şərait yaradılsa, çayxanada nə işi var? Kənddə hansı qapını söyürsən, ya pensiya ilə dolanır, ya da ünvanlı sosial yardımla. Halbuki, yolumuz, suyumuz, texnikamız olsa, torpağımızı əkib başımızı qatarıq”.

____________________________________________________________

Bunlara da bax:
«Xəstə» Beynəlxalq Bankın uzunmüddətli müalicəsi
Robotla seks, hətta nigaha girmək mümkün olacaq

____________________________________________________________

Kəndlilər sosial problemlərin bir ucunu aparıb Lerikin icra hakimiyyətinin başçısı Rövşən Bağırova bağlayırlar. Kənd ağsaqqalı Heydər Abbasov deyir, 9 ildir ki, başçı hər dəfə qucaqdolusu sosial problemlərlə yanına gələn kənd ağsaqqallarını şirin vədlərlə yola salır:

“Rayona başçı təyin olunduğu vaxtdan qapısına gedib-gəlirik. Hər il söz verir ki, “gələn il yaxşı olacaq”. Bala, biz də keçən ilin sonuna qədər gözlədik, səbrimiz tükəndi, yığışıb prezidentə bir məktub yazdıq. O məktubun səsi çıxandan başçının bizim kəndi görən gözü yoxdur”.

1500 MANAT, 700 MANAT DA FAİZ

Kəndlilərin deməsinə görə, kənddə mavi yanacağın olmaması xüsusilə də qış aylarında onlara əməllicə əziyyət verir. Yaxınlıqda meşə zolağı da yoxdur ki, qırıb yandırsınlar. Əsəd Şükürovun başına gələnlərsə kənddə az qala dastana çevrilib. Özü danışır:

“Ailə böyük, ev-eşik də genişdir. Qışda hər ay oduna azı 300-350 manat xərcləyirəm. Deməli, 3 ildir ki, borcla alıram odunu. Bu borcları sahiblərinə qaytarmaqdan ötrü də bankdan kredit götürmüşəm. İndi özünüz fikirləşin, belə çıxır ki, mən odunu kreditlə - yəni əlavə faiz ödəməklə alıram (gülür). Bankı ödəyənə qədər növbəti qış gəldi, bilmədim odun alım, ailəni yedirdim, yoxsa kredit verim. Banka borcu ödəyə bilmədim. İndi kürəyimə vurublar 1500 manatın böyründə 700 manat faizi, cəriməni, özümü də veriblər məhkəməyə. Bir sözlə, batıram”.

Deyir, kənddə bənzər aqibəti yaşayanlar az deyil.

XƏSTƏLƏRİ DƏ “UAZ”LA APARIRLAR

Kəndlə rayon mərkəzi arasındakı yolun uzunluğu vur-tut 14 kilometr olsa da, sakinlər danışır ki, son 10 ildə yola bir maşın torpaq da tökülməyib. Kənddən mərkəzə yalnız “UAZ”la gedib gəlmək mümkündür. Kəndə təcili yardım maşını gəlmədiyindən xəstələri də rayon xəstəxanasına “UAZ”la aparırlar.

Lerikin icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, kəndlərdə sosial layihələr həyata keçirilir.

Son bir ildə Cəngəmiran, Şingədulan, Mistan, Lüləkəran, Kəlvəz və Blaband kəndlərində yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri və xətləri dəyişdirilib. 50-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb. Pirasora və Ambu kənd tam orta məktəblərinə yeni bina tikilib, Sors kənd ümumi orta məktəbi, Sorsçay kənd ibtidai məktəbi əsaslı təmir edilib.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 100 yerlik uşaq bağçası, 180 şagird yerlik Boykəndil kənd tam orta və Əvilə kənd ümumi orta məktəbləri inşa edilib. Bu işlər növbəli qaydada həyata keçirilir. Ancaq hələ siyahıda iş görüləsi xeyli kənd var. Orand kəndi də belələrindəndir. Sakinlərə gözləmək qalır.

Buna da bax:

XS
SM
MD
LG