Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:55

Omikron bu ölkələrdə dominant ştamma çevrilir


Arxiv fotosu
Arxiv fotosu

Baş nazir Boris Conson Britaniyada bir nəfərin Omikrona yoluxandan sonra öldüyünü bildirib

Danimarka və Norveçin səhiyyə rəsmiləri COVID-19-un Omikron variantının bu həftə hər iki ölkədə dominant ştamma çevriləcəyini proqnozlaşdırırlar. İndiyədək dünyada Delta ştammı yoluxmaların əksəriyyətini əhatələyib.

Britaniyanın səhiyyə naziri dekabrın 13-də deyib ki, Omikron növbəti 48 saat ərzində Londonda dominant ştamma çevriləcək. Bu, ötən ayın sonu Cənubi Afrikada aşkarlanmış Omikronun necə sürətlə yayıldığını göstərir.

“Heç bir ştamm belə sürətlə yayılmayıb”

“COVID-19-un heç bir ştammı belə sürətlə yayılmayıb”, – Səhiyyə naziri Sacid Cavid parlamentdə deyib.

Baş nazir Boris Conson Britaniyada bir nəfərin Omikrona yoluxandan sonra öldüyünü bildirib. Bu, dünyada Omikrondan ilk təsdiqlənmiş ölüm halıdır.

Kanadada COVID-19-a yoluxmaların bir neçə günə sürətlə artacağı gözlənir. Sıx məskunlaşmış Ontario vilayətində hazırda yoluxma sayı yüksəkdir.

Birləşmiş Ştatlarda isə Şükranlıq bayramından bəri yoluxmalar 40 faizdən çox artıb. Adamlar bayramı ailələri, dostları ilə birlikdə qeyd ediblər.

Kaliforniya qapalı məkanlarda maska taxmağı məcburi edəcəyini elan edib. Nyu Yorkda bu yaxınlarda oxşar addım atılıb.

Buster doza

Çində isə şimali Tiancin liman şəhərində Omikrona ilk yoluxma qeydə alınıb. Virus xaricdə olmuş bir şəxsdə tapılıb, karantinə alınıb.

Dünya Səhiyyə Təşkilatı Omikron ştammının “çox yüksək” qlobal risk yaratdığını bildirib. İlkin dəlil bu variantın vaksin qorumasından yüksək səviyyədə yayındığını üzə çıxarıb.

Bəzi ölkələrin səhiyyə rəsmiləri əhalini buster dozaları vurdurmağa çağırıblar. Gücləndirici dozanın bu ştamma qarşı əlavə qoruma yaratdığı güman edilir.

İlkin araşdırmalar Omikronun yüksək yoluxucu olduğunu, amma Deltaya nisbətən daha yüngül simptomlara səbəb olduğunu göstərib.

Ancaq alimlərin fikrincə, onun sürətlə yayılması Deltaya yoluxmalarla mübarizə aparan xəstəxanalara əlavə təzyiq yaradır.

XS
SM
MD
LG