Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Omikron: 'Bir neçə həftəyə biləcəyik'


İllüstrativ foto
İllüstrativ foto

Türkiyə, İsrail daxil, bir sıra ölkələr də Afrikanın cənubuna səyahət qadağaları tətbiq edib

Noyabrın 29-da ABŞ Prezidenti Co Bayden ictimaiyyəti koronavirusun Omikron ştammı və Birləşmiş Ştatların buna reaksiyasi haqda bilgiləndirəcək. Məlumatı Ağ ev yayıb. Avropa ölkələri isə Afrikanın cənubunda aşkarlanmış bu ştamma ilk yoluxmaları qeydə alırlar.

Yeni ştammın daha yoluxucu, mövcud vaksinlərin effektinin daha az ola biləcəyi ilə bağlı narahatlıq artır, amma hələ çox şey aydın deyil.

COVID-in daha təhlükəli variantı peyda olub
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Vaksinlər

Cənubi Afrikanın tibb assosiasiyası bildirib ki, Omikrona yoluxanlar xəstəliyi ağır keçirmirlər, amma onların çoxu gənclərdir, onlarda ağırlaşma ehtimalı onsuz da azdır.

ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi noyabrın 28-də Prezident Baydenə məlumat verib. Ekspertin fikrincə, yeni ştammla bağlı dəqiq informasiyanın əldə olunması iki həftə çəkə bilər.

Fauçi deyir ki, mövcud vaksinlərin “COVID-in ağır hallarına qarşı müəyyən qoruma” təmin edəcəyinə inanır. ABŞ səhiyyə rəsmiləri peyvəndlənmiş amerikalıları buster dozaları vurdurmağa çağırıb.

Sürətlə yayılır

Milli Səhiyyə İnstitutunun Direktoru Frensis Kollinz Fox News-a deyib ki, səhiyyə orqanlarının Omikronu virusun sərt ştammı elan etməsindən ötrü daha çox dataya ehtiyac var.

“Bunu bir neçə həftəyə biləcəyik”, – Kollinz deyib.

Omikron artıq Avstraliya, Belçika, Botsvana, Britaniya, Danimarka, Almaniya, Honq Konq, İsrail, İtaliya, Niderland, Fransa, Cənubi Afrika və Kanadada aşkarlanıb.

Fauçi noyabrın 28-də ABC-yə müsahibəsində deyib ki, yeni ştamm “mütləq” Birləşmiş Ştatlara çatacaq.

“Sürətlə yayıla bildiyini göstərməkdədir. İndi bizi narahat edən məsələ də budur”, – o, NBC-yə müsahibəsində sözlərinə əlavə edib.

Səyahət qadağaları

Artıq Birləşmiş Ştatlar da digər ölkələrə qoşularaq səyahət qadağaları ilə virusun yayılmasının qarşısını almağa çalışır.

Noyabrın 29-dan Afrikanın cənubundakı səkkiz ölkənin istənilən birində olmuş bütün xarici vətəndaşların ölkəyə girişi yasaqlanır. ABŞ amerikalılara həmin ölkələrə getməməklə bağlı da xəbərdarlıq edib.

Həmin ölkələrdə olmuş ABŞ vətəndaşları və qanuni ABŞ rezidentlərinin Birləşmiş Ştatlara girişinə icazə verilir və onlar üçün hər hansı yoxlama, yaxud izləmə tələbi açıqlanmayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen dərhal tədbir görməyə çağırıb.

“Bu Omikron ştammına çox ciddi yanaşırıq və indi zamanla yarışdığımızı bilirik”, – von der Leyen noyabrın 28-də bildirib.

Onun sözlərinə görə, alimlər və istehsalçılar yeni ştammın gücüylə bağlı tam mənzərəni 2-3 həftəyə əldə edəcəklər.

Cənubi Afrikanın gileyi-güzarı

Türkiyə, İsrail daxil, bir sıra ölkələr də Afrikanın cənubuna səyahət qadağaları tətbiq edib.

Cənubi Afrika isə qadağaları tənqid edərək Omikron ştammını aşkar etdiklərinə görə cəzayla üzləşdiklərini bildirib.

“Əla elmi alqışlamaq lazımdır, cəzalandırmaq yox. COVID-19 pandemiyasının idarə olunmasında qlobal ictimaiyyətlə əməkdaşlıq və tərəfdaşlıqlar lazımdır”, – Beynəlxalq Münasibətlər Nazirliyi bəyanatında bildirib.

Bəyanatda deyilir ki, ölkə rəsmiləri səyahət qadağaları qəbul etmiş ölkələrlə müzakirələrə başlayıblar, qərarlara yenidən baxılacağına ümid edirlər.

XS
SM
MD
LG