Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:46

Britaniyada Omikronun ‘bacısı’ tapılıb


London Oksford-strit
London Oksford-strit

Ekspertlər bundan dərhal narahat olmamağı məsləhət görürlər, beləki yeni ştammın daha sərt olması barədə məlumatlar yoxdur

Britaniyanın səhiyyə rəsmiləri inanırlar ki, koronavirusun Omikron variantının yeni ştammı aşkar olunub.

GB News saytı yazır ki, artıq “Omikronun bacısı” adını qazanmış bu ştammın hələ dekabrda Omikron dünyaya yayılmağa başlayandan az sonra qeydə alındığı bildirilir.

Omikronun alt qrupu hesab olunan ştamm BA.2 adlandırılıb. O Omikronun daha geniş yayılmış orjinal ştammı BA.1-dən fərqlənir.

Buna baxmayaraq ekspertlər bundan dərhal narahat olmamağı məsləhət görürlər, beləki yeni ştammın daha sərt olması barədə məlumatlar yoxdur.

Omikronun vaksinlənmiş adamlarda daha yüngül simptomlar yaratdığı məlumdur.

Bundan başqa yeni ştamma yoluxmaların sayı hələki çox azdır.

Bununla belə alimlər ehtimal edirlər ki, bu ştamm daha yoluxucu ola bilər.

Britaniya Səhiyyə İdarəsinin direktoru doktor Mira Çand deyib ki, yeni alt variant özünü virusların adi “təkamül və mutasiya” kontekstində aparır:

"Bizim fasiləsiz genom müşahidəmiz yeni ştamları aşkar etmək və qiymətləndirmək imkanı verir”.

Bir neçə həftəyə daha dəqiq məlumatlar olacaq

London İmperiya Kollecindən viroloq Tom Pikok isə Twitter-də yazıb ki, yeni ştammın vaksinlərlə “münasibəti” orjinal variantdan minimum fərqlənə bilər.

O bildirir ki, Hindistan və Danimarkadan alınmış erkən məlumatlar iki ştamm arasında dramatik fərqin olmadığını göstərir.

Ekspertin sözlərinə görə, bu barədə qarşıdan gələn həftələrdə daha qəti fikir yürütmək mümkün olacaq:

"Şəxsən mən gözləmirəm ki, BA.2 ştammının hazırkı Omikron dalğasına əhəmiyyətli təsiri olacaq”.

Britaniyada yanvarın 20-ə olan məlumata görə 52 milyon nəfərə COVID-19-a qarşı vaksinin birinci dozası vurulub.

İkinci dozanı alanların sayı 48 milyona çatıb.

Bütövlükdə 37 milyon nəfərə buster və ya üçüncü, gücləndirici vaksin dozası vurulub.

Yanvarın 21-də Britaniyada COVID-19-a 95 min 787 yoluxma qeydə alınıb.

Son bir gün ərzində 288 nəfırin vəfat etdiyi bildirilir. Beləliklə pandemiyanın əvvəlindən indiyədək Britaniyada koronavirusdan toplam ölüm sayı 153 min 490 olub.

Lakin hesablamanı ölüm şəhadətnaməsinə COVID-19 yazılmış hallarla aparan Milli Statistika İdarəsinin məlumatına görə vəfat edənlərin sayı 177 mindir.

XS
SM
MD
LG