Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:45

Qərb müttəfiqləri Orbanın Moskvaya səfərinə mənfi reaksiya veriblər


Macarıstanın baş naziri Viktor Orban Ladimir Putinlə mətbuat konfransından əvvəl
Macarıstanın baş naziri Viktor Orban Ladimir Putinlə mətbuat konfransından əvvəl

Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Moskvaya gəlib. Onun mətbuat katibi Bertalan Xavaşi deyib ki, Macarıstan lideri Rusiyaya özünün “sülh missiyası çərçivəsində” səfər edib.

Orban Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və onlar Ukraynadakı vəziyyəti, habelə Macarıstan və Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinə münasibəti məsələsini müzakirə ediblər.

2 saat yarımdan çox çəkən danışıqlardan sonra keçirilən mətbuat konfransında Putin bir daha iddia edib ki, Moskva danışıqlara hazırdır, amma Kiyevdə hələ də “qələbəyədək müharibə ideyasından əl çəkməyiblər”.

Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün təklif-ultimatumunu bir daha bəyan edib: Ukrayna öz qoşunlarını Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarmalıdır və Kiyev NATO-ya üzvlük niyyətindən imtina etməlidir.

Orban isə vurğulayıb ki, “Avropaya sülh lazımdır”. O bildirib ki, Putinlə Ukraynada sülhə nail olunması yollarını müzakirə edib.

Macar liderinin sözlərinə görə o Putinin mövcud “sülh təşəbbüslərinə” və onun “atəşkəs təklifinə” münasibətini öyrənmək istəyib:

"Mən Putinin üç mühüm məsələ - atəşin dayandırılması, sülh danışıqları və müharibədən sonrakı Avropada vəziyyətə dair fikrini eşitmək istəyirdim və eşitdim. Mən anladım ki, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır və müharibəni sona çatdırmaq üçün çox addımlar atmaq lazım gələcək. Amma ən mühümü budur ki, biz təmas qurduq. Mən gələcəkdə də bu istiqamətdə işləyəcəyəm”.

Kiyev rədd edir

Ölkəsi hazırda Avropa İttifaqına sədrlik edən Orban iyulun 2-də Kiyevdə olmuş və prezident Volodimir Zelenski ilə görüşmüşdü.

Orban bu görüş zamanı atəşin dayandırımasını təklif etmişdi. O vurğulamışdı ki, bu, Rusiya ilə danışıqların “tempini” artıra bilər.

Ukrayna XİN bəyan edib ki, Viktor Orbanın Moskvaya səfəri Kiyevlə müzakirə olunmayıb:

"Xatırladırıq ki, bizim dövlətimiz üçün “Ukrayna barədə Ukraynasız heç bir razılaşma ola bilməz” prinsipi dəyişməz olaraq qalır və biz bütün ölkələri bu prinsipə riayət etməyə çağırırıq. Realist ədalətli sülhün bərpasının yeganə yolu prezident Zelenskinin sülh formuludur”.

Borrel: Putinin həbs orderi unudulmasın

Avropa Şurasının prezidenti Şarl Mişel deyib ki, Avropa İttifaqında sədrlik Rusiya ilə Aİ adından əlaqələrə mandat vermir:

"Avropa Şurası dəqiq qərar verib: Rusiya təcavüzkardır, Ukrayna qurbandır. Ukrayna barədə Ukraynasız heç bir müzakirələr aparıla bilməz”.

Avrop İttifaqının xarici işlər komissarı Jozep Borrel deyib ki, Viktor Orbanın Moskvaya səfəri sırf Macarıstan-Rusiya münasibətləri çərçivəsində edilib.

Borrelin sözlərinə görə Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibəti Vladimir Putinlə hər hansı rəsmi təmasları istisna edir:

"Buna görə də Macarıstanın baş naziri Aİ-ni heç bir formada təmsil etmir”.

Borrel bir daha xatırladıb ki, Haaqa məhkəməsi Putinin həbsinə order verib və bu order qüvvədədir.

Şolts Putinə necə reaksiya verib?

Putinin özü isə bəyan etmişdi ki, Orban Rusiyaya yalnız “köhnə partnyor” kimi deyil, həm də Aİ-nin sədr ölkəsinin lideri kimi gəlib.

Onun bu bəyanatına Almaniya kansleri Olaf Şolts dərhal reaksiya verib. O deyib ki, Orban Putinin yanına Macarıstanın baş naziri kimi gedib və Avropa Şurasının xarici siyasətini Şarl Mişel təmsil edir.

Avropa İttifaqınlın bir nümayəndəsi adının çəkilməməsi şərtilə AzadlıqRadiosuna deyib ki, Orban Moksva səfəri barədə Brüsseli məlumatlandırmayıb.

NATO-nun baş katibi Yens Stoltenberq isə deyib ki, bu səfərdən xəbəri olub, amma Orban Putinlə danışıqlarda NATO-nu təmsil etmir.

Şərhçilər vurğulayırlar ki, Viktor Orban Moskvanın Ukraynaya təcavüzkar hücumundan sonra Kremllə sıx əlaqələrini saxlayan yeganə ölkə başçısıdır.

XS
SM
MD
LG