Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:35

'Polis qarşımızı almasaydı, 'Ovçular evi' də yerindəydi, şam ağacları da'


Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı. Video arxiv

«Vaxtında qarışmaq istədik ki, sökməsinlər, kəsməsinlər, ancaq 3-4 polis əməkdaşı bizi zorla uzaqlaşdırdı. Dedilər, «kişinin əlində sənədi var, icra hakimiyyətindən icazəsi var, qarışa bilməzsiz». Polis qarşımızı almasaydı, «Ovçular evi» də yerindəydi, şam ağacları da... İndi iş dayanıb. Ancaq nə ovçular evi var, nə də şam ağacları. Bunu edənlər qanun qarşısında cavab verməlidir».

50-DƏN ÇOX ŞAM AĞACI KƏSİLİB

«Azərbaycan» nəşriyyatının bir addımlığında yerləşən və «Ovçular evi» kimi tanınan bina sökülüb, ətrafındakı ağaclar kəsilib. Sakinlərin AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirməsinə görə, bir neçə gün əvvəl 50-dən çox şam ağacı kökündən kəsilərək «KamAZ»lara yüklənib və gecəylə ərazidən daşınıb.

Bu barədə «Qaynar xətt»ə danışan sakin Səyavuş Məhərrəmlinin sözlərinə görə, o və qonşuları ağac kəsiminin və söküntünün qarşısını almaqdan ötrü yaxınlıqdakı nəşriyyata gedib kömək də istəyiblər: «Ağaclar düz Beynəlxalq Mətbuat Mərkəzi ilə «Azərbaycan» nəşriyyatının burnunun ucunda kəsildi. Təəssüfləndirici haldır ki, bu qədər qələm əhlinin gözü qarşısında məhv edildi. Biri qabağa çıxıb araşdırmadı. Özüm maşın ustasıyam, yazı-pozu əhli olmasam da, belə hadisəyə biganə qala bilmirəm. Ancaq sağı-solu əli qələm tutanlar olan bir yerdə bu qədər ağac qırıldı. Getdim nəşriyyata, dedim, «gəlin, çəkin, yazın, bəlkə qarşısını ala bildiniz», heç kəs gəlmədi. Göz görə-görə binanın yerini xarabazara çevirdilər».

Ağaclar kəsilərkən sakinlər Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər. İki gün əvvəl nazirliyin nümayəndələri ərazidə olub, akt tərtib edilib. Sakinlər ərazidə həm yaşayış, həm də əyləncə mərkəzinin tikilməsi planlaşdırıldığını bildirirlər. Səyavuş Məhərrəmli: «Ovçular evi o vaxt (2010) yanandan sonra bağlandı, daha fəaliyyət göstərmədi. Heç kəs bilmədi ki, aqibəti necə oldu. O vaxtdan qapısından qıfıl asılmışdı. Bir neçə gün əvvəl ağır texnika gəldi, sökdü, getdi. Sonra da xəbər tutduq ki, burda həm yaşayış binası, həm də əyləncə mərkəzi tikmək istəyirlər».

"Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

ŞİRKƏT 130 MİN MANAT CƏRİMƏLƏNİB

Yasamal rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ərazidə iş dayandırılıb.

Prezidentin mətbuat xidməti aprelin 15-də «Ovçular evi»nin sökülməsi və ətrafındakı ağacların kəsilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Mətbuat prospektində yerləşən «Ovçular evi» ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda «Böyük Plaza» yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini gerçəkləşdirən şirkət mövcud qanunları pozaraq, ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. «Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə prezident İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib», – məlumatda deyilir.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv olunması barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib. Fakt üzə cinayət işi açılıb.

«POLİSLƏR CƏZASIZ QALMASIN»

«... Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır. Bu, biabırçılıqdır. Bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır». Bu, İlham Əliyevin 2014-cü il aprelin 13-də Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən sitatdır. Prezidentin bu çıxışından sonra da Bakı ərazisində ağac kəsimi dayandırılmayıb. 2014-cü ildən indiyədək AzadlıqRadiosu Bakının Binəqədi, Nərimanov, Xətai, Yasamal, Nizami rayonları ərazisində gecələr ağacların kəsilməsi və izinin itirilməsi ilə bağlı onlarla material təqdim edib.

Keçmiş «Ovçular evi»nin ətrafında yaşayanlar hesab edirlər ki, prezident şirkətlə yanaşı, söküntünün və yaşıllığın məhvini əngəlləyənləri ərazidən uzaqlaşdıran polisləri də cəzasız buraxmamalıdır. Yasamal rayon Polis İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG