Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:36

Rusiyada özbək icmasının başçısına 4 il iş kəsildi


Usman Baratov
Usman Baratov

Moskva vilayətinin Stupinsk rayon məhkəməsi “Vatandoş” özbək icmasının başçısı Usman Baratovu 4 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.

Rusiya mediasının yazdığına görə o “düşmənçiliyi qızışdırmaqda” ittiham olunurdu.

Baratova qarşı cinayət işinin açılmasına səbəb onun “Odnoklassniki” platformasında yerləşdirdiyi post olub. Bu səhifədə Rusiyadakı yumurta qıtlığı müzakirə olunurdu.

Baratov isə səhifəyə toyuq şəkli yerləşdirib və onun adından yazıb: “Alın sizə yumurta! Xoruzları cəbhədən qaytarın”.

Bu post 2023-cü ilin dekabrında dərc olunub və Z-pabliklərinin və hərbi müxbirlərin diqqətini cəlb edib.

Onlar Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə şikayət yazıblar və bundan sonra Baratova cinayət işi açılıb. O Rusiya vətəndaşıdır.

Usman Baratov israr edir ki, onun işi üzrə linqvistik ekspertiza düzgün keçirilməyib və buna görə də bütün məhkəmə prosesi qanunsuzdur.

Baratov Rusiya məhkəməsini hakimiyyətin əlində “oyuncaq” adlandırıb və deyib ki, bu işə Avropa İnsan Haqları Məhkəməsində baxılmalıdır.

İstintaq Komitəsi bildirir ki, Baratov dindirmə vaxtı təqsirini etiraf etməyib.

Səfərbərlərin arvadlarına eyham edib?

Müstəntiqlər hesab edirlər ki, Baratov sosial media postu ilə “Rusiya Federasiyası vətəndaşlarının bir qrupunu, o cümlədən xüsusi hərbi əməliyyat (Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini belə adlandırır-red) iştirakçılarını alçaldıb.

Rusiyanın kremlyönlü blogerləri iddia edirlər ki, Baratov bu postda səfərbərlərin arvadlarına işarə edib.

Baratov bu iin fevralında ekstremist siyahısına əlavə olunub.

Özünə qarşı ittihamı şərh edən Baratov deyib ki, “satirik toyuq şəklinin xüsusi hərbi əməliyyatla heç bir əlaqəsi yoxdur”.

Bu arada Rusiya Dövlət Duması spikerinin müavini Pyotr Tolstoy milli icmaları və diasporaları kriminal strukturlarla eyniləşdirməyə çağırıb.

O deyib ki, “millətlərarası liberalizmə” son qoymaq və belə birlikləri ləğv etmək lazımdır.

XS
SM
MD
LG