Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Özünü yalandan müflis qələmə versən...


Foto illüstrasiya
Foto illüstrasiya

-

16 il qüvvədə olmuş 458 maddədən ibarət İnzibati Xətalar Məcəlləsi (İXM) martın 1-dən tarixə qovuşur. Həmin gün qüvvəyə minəcək yeni məcəllədə sayca 609 və əvvəlkindən daha ağır cərimələr gətirəcək maddə var.

«MÜFLİSƏM» DEYİB, ALDATMAĞA CƏHD ETSƏN...

İndiyədək Azərbaycan məhkəmələrində müflisləşmə ilə bağlı bir çox şirkətin müraciətlərinə baxılıb. «Professional mühasib» jurnalının redaktoru, iqtisadçı Mehdi Babayev AzadlıqRadiosuna deyib ki, öz təcrübəsində saxta və ya qəsdən müflisləşmə halına rast gəlməyib. O, əvvəllər məhkəmələrin də belə hallara baxdığını düşünmür:

«Müflisləşmə məsələlərinə son zamanlarda çox təsadüf edilir. Bu, daha çox vergidən yayınma və qanundankənar fəaliyyətin ört-basdır edilməsi məqsədi güdür».

ƏVVƏL ƏVVƏLDƏ QALDI

İndən belə şirkəti yalandan və bilərəkdən ödəmə qabiliyyətsiz elan etməyə görə cərimə cəzası dəfələrlə artırılır. Borcun ödənməsini ertələməyə, möhlət almağa, borcun azaldılmasına nail olmağa, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditoru aldatmağa görə şirkətin rəhbəri min manatdan 2 minmanatadək, şirkətin özü isə 10-12 min manat civarında cərimələnə bilər. Bunadək belə hallarda cərimələr simvolik idi: şirkətin rəhbəri saxta müflisləşməyə çalışsaydı, onu ən pis halda 70 manat cərimə gözləyirdi. Şirkətin özü isə 110-200 manat arası pul ödəyib «can»ını qurtara bilərdi.

Hüquq dilində ödəmələrdən boyun qaçırmağın dolayı yollarından biri də «qəsdən müflisləşmə» adlanır. Məhkəmə şirkətin qəsdən ödəmə qabiliyyətsizliyi durumuna düşdüyünə qərar versə, bu işdə əli olan vəzifəli şəxsi 2 mindən 3 min manatadək, şirkətin özünü isə 10 mindən 15 min manatadək cərimələyə bilər. Hazırda bu cərimənin məbləği vəzifəlilər üçün 90 manatdan, şirkətlərin özləri üçün 240 manatdan çox deyil.

Son vaxtlar bankların müflisləşməsi halları geniş yayılıb. Yeni məcəlləyə əsasən, müflisləşən təşkilatın rəhbər və ya mülkiyyətçiləri hər hansı yollaöhdəliklərin icrasından yayınmağa cəhd edərsə, o zaman vurulan zərərin iki mislindən dörd mislinədək miqdarda cərimələnəcəklər. İndi qüvvədə olan cərimə məbləği 75-300 manat arasındadır.

Manat
Manat

BANKI ALDATMAĞA ÇALIŞMA

Bankdan kredit götürərkən saxta bilgilər təqdim edildiyi üzə çıxarsa, indiki kimi 50-75, 100-140 manatla yaxa qurtarmaq mümkün olmayacaq. Məhkəmə bu yolla götürülən gəlirin 2-4 qatı qədər cərimə tətbiq edə bilər. Krediti bir məqsədlə götürüb, başqa təyinatla xərcləyənləri də eyni cərimələr gözləyəcək.

XARİCƏ GEDƏN PUL QAYITMASA...

Xarici ölkələrlə ticarət əlaqəsində olan şəxslər əldə etdikləri xarici valyutanı müxbir bank vasitəsilə Azərbaycandakı bank hesabına köçürməlidir. Bu, məcburi tələbdir. Söhbət 20 min manatadək məbləğdən gedirsə, bu, inzibati pozuntu sayılır. Bu halda məhkəmə ölkəyə qaytarılması əngəllənən valyutanın 30-50 faizi həcmində cərimə məsuliyyəti müəyyən edə bilər. Hazırda həmin cərimənin sanksiyası 5 faizdən başlanır.

ELEKTRON TİCARƏTƏ «HARAM QATSAN»

Statistika Komitəsi məlumat verir ki, 2015-ci ildə elektron pərakəndə ticarət şəbəkəsində istehlakçılara bir il öncəkindən, az qala, iki dəfə çox – 12.8 milyon manatlıq istehlak məhsulları satılıb. Bunun əsas hissəsi məişətdə işlənən elektrotexnika mallarıdır. İnternet üzərindən 500 min manatlıq ərzaq alış-verişi gerçəkləşib.

Elektron ticarət sahəsində qanunvericiliyin pozulmasına görə kəsiləcək cəzalar 10-20 dəfədən çox sərtləşdirilib. Əvvəllər bu sahədə alıcının hüququnu pozan və dövlət orqanına yanlış məlumat verən satıcı təşkilat 200-250 manat cərimə ödəməli idisə, indi cərimələr 4 min manatdan başlanıb 6 min manatda bitir.

Bayraq.
Bayraq.

EVDƏ-HƏYƏTDƏ SƏS-KÜY SALANLARA CƏRİMƏDƏ GÜZƏŞT

Xatırlayırsınızsa, parlamentə göndərilən layihədə gecə saatlarında evdə səs-küy salıb qonşuları narahat etməyə görə vətəndaşın 300-400 manat cərimələnəcəyi deyilirdi. Yekun sənəddə həmin məbləğ 150-200 manata endirilib. Eyni xəta xidmət obyektində və ya istirahət yerlərində törədilərsə, obyektə cavabdeh olan şəxsi, məhkəmənin qərarından asılı olaraq, 2000-2500 manat gözləyir.

DÖVLƏT BAYRAĞINI DÜZGÜN ASMAYAN...

İXM-də Azərbaycan Respublikası Dövlət Bayrağından istifadə qaydalarını pozmağa görə cərimələr də ağırlaşdırılıb. Rəsmi mərasim və bayramlarda, adi günlərdə dövlət bayrağının qaldırılma (asılma), endirilmə, saxlanma qaydalarını pozan şəxslər 400-600 manat cərimələnə bilərlər. Eyni qaydaya əməl etməyən müəssisə və təşkilatlarsa 1500-2000 manat cərimə ödəməli olacaq. Hazırda dövlət bayrağına sayqısızlığın cəzası 90 manatı aşmır.

Xarici dövlət bayraqlarından istifadə qaydalarının pozulması da cəzasız qalmayacaq. Belə pozuntuya yol verən fiziki şəxslər martın 1-dən sonra 100-150 manat, vəzifəli şəxslər 500-800 manat cərimə ödəyəcəklər. Şirkət və təşkilatlar üçün cərimələr 70-100 manatdan 3-4 min manata qaldırılıb.

XS
SM
MD
LG