Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

İntihara əl atan seçki müşahidəçisi: “Dözə bilmirdim artıq”


Arxiv fotosu
Arxiv fotosu

.
“Gördüm ki, heç nə dəyişməyib. Ona görə intihara əl atdım. İstədim bu şəkildə etirazımı bildirim”. 30 saylı Suraxanı seçki dairəsində müşahidəçi kimi iştirak edən Zakir İsmayılov AzadlıqRadiosuna belə deyir.

O, noyabrın 1-də 1 saylı məntəqədə səsvermə başlayandan səslərin sayılmasına qədər prosesi izləyib. Söylədiyinə görə, səslər sayılanda gördüklərindən elə sarsılıb ki, yanacaq dolu butulkanı üstünə boşaldıb özünü yandırmaq istəyib. Ancaq yaxşı ki, yaxınlıqda olan başqa müşahidəçi və vəkillər kibriti və benzin dolu qabı əlindən ala biliblər.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”


MÜƏLLİM, HƏRƏKATÇI, SİYASİ MƏHBUS

Qısaca bir arayış da verək. Zakir İsmayılov Bakıdakı 281 saylı məktəbdə müəllimdir. Ona zəng vuranda dərsdə idi. Pıçıltıyla söylədi: “Belə bir pünhan söhbəti şagirdlərimin qarşısında etmək istəməzdim. Dərs bitsin, danışaq”.

Zakir İsmayılov 2003-cü il seçkilərində də müşahidəçi olub. Seçkilərdən sonra paytaxtdakı kütləvi etirazlarda iştirak edib. Buna görə də 4 il 6 ay şərti olaraq azadlıqdan məhrum edilib. Heç bir partiyanın üzvü deyil, sadəcə “hərəkatçı” olduğunu söyləyir.

Onunla seçkidən iki gün sonra danışdıq. Səsində, danışığında yaşadıqlarından necə sarsıldığı hələ də duyulurdu. Emosional yox, sakit danışırdı. Yorğun, süst adamlar kimi... Bəzən fikrini tam ifadə edə bilməkdə çətinlik çəkirdi, bəzən araya pauzalar girirdi, bəzən də mətləbin birini qoyub o birinə keçirdi.

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

- Zakir müəllim, həmin gün məntəqədə nə gördünüz ki, intihar haqqında düşündünüz?

- 30 saylı Suraxanı seçki dairəsinin 1 saylı məntəqəsində müşahidəçiydim. Məntəqə 76 saylı məktəbdə yerləşir. Heç kəsi təmsil etmirdim. Sadəcə, müşahidəçi idim.

Onu da deyim ki, mən seçki məhbusu olmuşam. 2003-cü il prezident seçkilərində etirazlarda iştirak etdiyimə görə mənə 4 il yarım şərti iş veriblər. Küçələrdəki etirazlarda mən də vardım. Polisə müqavimət maddəsi ilə tutdular.

İndi qayıdaq parlament seçkilərinə. Səhər saat 8-in yarısında məntəqəyə gəldim. 2003-cü ildən bu yana seçkilərdə iştirak etməmişdim. Mərkəzi Seçki Komissiyasının sədri mətbuatda çıxış edirdi ki, obyektiv, Məcəllənin qaydalarına uyğun seçki keçiriləcək.

Mən də öyrənmək istədim ki, görüm 2003-cü il seçkilərindən nəylə fərqləncək bu seçkilər?

Məntəqədə 229 nəfər səs verdi. Siyahıda da 1308 nəfər seçici vardı. 7 tamamda qapılar bağlandı və səssayma başlandı. Gördüm ki, qutudan 575 bülleten çıxdı. Buna etiraz etdim. Sonra da narazılıq yarandı.

Qərara gəldim ki, intihara əl atım. Elə qapıdan çıxanda bu qərara gəldim. Amma orda bir nəfər müşahidəçi vardı, yanacağı əlimdən alıb atdı, vəssalam. Ondan sonra da belə süst düşdüm. Yerdə oturdum.

Buna da bax: ABŞ Azərbaycandan narahatdır, lakin onunladır

- Siz 2003-cü il seçkilərini də müşahidə etmisiniz. O zaman da dediyniz kimi, saxtakarlıqlara şahid olmusunuz, kütləvi həbslər zamanı siz də tutulmusunuz. Baş verənlər sizin üçün yeni olmamalıydı. Bu dəfə nə baş verdi ki, sizi canınıza qıymağa vadar etdi?

- Məni buna vadar edən o oldu ki... Mən neçə müddətiydi bunları görmürdüm. MSK sədrinin, prezidentin ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun çıxışlarından sonra məndə belə qənaət yaranmışdı ki, vəziyyət dəyişib.

Gözümün qabağında 229 adam seçki bülleteni atıb qutuya, amma qutudan 575 bülleten çıxdı. Axı necə oldu? Buna görə narazılığımı komissiya sədrinə çatdırdım. Bir az etiraz etdim, mənə dedilər ki, “oturun kənarda, yaşlı adamsınız, polis çağırarıq, apararlar sizi. Oturun, müşahidə aparın ancaq”, - söylədilər.

Mən məhkəmə görmüşəm, seçki görmüşəm... O cavan uşaqlar da (müşahidəçiləri nəzərdə tutur – red.) narazılıq etdilər, həyəcan keçirdilər. Bir anlıq xəyalımdan keçdi ki, bəsdir daha, dözə bilmirəm buna... Ondan sonra o uşaqlardan biri əlimdən alıb butulkanı dəniz tərəfə tulladı.

Buna da bax: Şamaxıda seçki etirazları

- Sizin intiharınız nəyi dəyişəcəkdi?

- Nə dəyişərdi? O qədər adam buna etiraz edir ki, o qədər oxumuşam mətbuatda: “seçki saxta keçdi, Avropa da müşahidə etdi, xeyri olmadı”.

Amma bu dəfə gözümlə gördüm. Bir də 2003-cü ildə bunun şahidi olmuşdum. Düşündüm ki, bəlkə bu yolla seçkini təşkil edənlər, keçirənlər anlayalar: “Bu cür olmaz”. İnsan olaraq artıq dözə bilmirdim.

Buna da bax: Öncə hansı qanun gəbul edilsin? (Foruma yaz, fikirlərin yayılsın)

- Bu, çıxış yolu idimi?

- Bu affekt hal məndə saat 7-dən sonra yarandı... Bununla bağlı şikayətimi DSK-ya da yazmışam. Demişəm ki, “tədbir görün”. Nə tədbir görəcəklər bilmirəm... Belə vəziyyət olmaz. Etirazımı başqa nə cür ifadə edim? Bilmirəm.

ÖZÜNÜ YANDIRMAQ İSTƏYİRDİ... CUMDUQ, QOYMADIQ

Həmin məntəqədə mübarizə aparan Aqşin Gülüşovun vəkili Zaur Zeynalov da baş verənləri AzadlıqRadiosuna təsdiqlədi: “1 saylı məntəqədə Zakir müəllim haqsızlıqlara, saxtakarlıqlara görə özünü yandırmaq istəyib. Biz də müdaxilə etdik, imkan vermədik”.

Zaur Zeynalov da məntəqədə 229 səs verdiyi halda seçki qutusundan iki dəfə çox bülleten çıxdığını deyir: “Zakir müəllim bunları görüb hirsləndi. Onlara etirazını bildirdi. Gördü onlar öz işindədi, sayan, əhəmiyyət verən yoxdu. Onda dedi ki, “özümə qəsd edəcəm”. Çəkildi məktəbin küncünə. Mən də gördüm ki, butulkanı götürüb əlinə, töküb özünü yandırmaq istəyir. Biz də cumduq, qoymadıq. Şükür Allaha, imkan vermədik”, - deyir deputatlığa namizədin vəkili.

MSK MƏLUMATSIZDIR

Deyilənlərlə bağlı 30 saylı Suraxanı dairə seçki komissiyasının sədri Fikrət Məmmədovla əlaqə saxlaya bilmədik, gün ərzində mobil telefonuna zəng çatmadı.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli AzadlıqRadiosuna bildirdi ki, bununla bağlı onlara hər hansı məlumat daxil olmayıb.

XS
SM
MD
LG