Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:55

'Azərbaycanda sistemin özü `paket' üzərində qurulub'


Vergilər nazirliyində
Vergilər nazirliyində

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir qrup yüksəkvəzifəli əməkdaşının məhkəməsi dövlət idarələrində “paket maaş” məsələsini yenidən gündəmə gətirib.

Bu dəfə 500 və ya min manatdan deyil, ortastatistik Azərbaycan vətəndaşının ağlına gətirməyəcəyi məbləğlərdən söhbət gedir. Məsələn, sözügedən nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin rəhbəri Cəfər Cəfərov “Rabitə işi” araşdırılarkən, istintaqa ifadəsində ayda 50 min manat "paket" əməkhaqqı aldığını təsdiqləyib. Yüksəkvəzifəli məmurun “paket maaş”ının məbləğindən çox, ardınca dediyi sözlər – “rabitə sahəsində peşəkar mütəxəssis kimi, gördüyü işlərin müqabilində bu məbləğin az olması”nı söyləməsi təəccüb doğurub.

Buna da bax:​ Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"

Nazirliyin digər yüksəkvəzifəli şəxsləri də istintaqda ayda, azı, 30 min manat qeyri-rəsmi maaş aldıqlarını təsdiqləyiblər.

“Paket maaş” məsələsi ilk dəfə 10 il öncə - keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsində ona qarşı səslənən ittihamlarda əksini tapmış və şahid ifadələrində göstərilmişdi.

“Paket maaş” nədir deyə soruşsanız, mütəxəssislərdən təxminən bu cavabı alarsınız: “Bu maaş rəsmi ştat maaşı deyil, işçiyə vaxtaşırı və qeyri-rəsmi verilir, üstəlik, qurumun rəsmi mühasibatlığında da əksini tapmır”.

Buna da bax:​ '153 milyon iki nəfərin rəhbərliyilə mənimsənilib'

Bəs “paket maaş”ın büdcəyə hansı təsiri var? Belə “əməkhaqqı” “çirkli pul” anlayışına daxil olaraq, hüquqi məsuliyyət yaradırmı?

AzadlıqRadiosu bənzər sualları iqtisadçı və hüquqçulara, millət vəkillərinə, dövlət məmurlarına ünvanlayıb.

Natiq Cəfərli: 'Fərhad Əliyevin vaxtında büdcə 2 milyard idi, ona görə “paket maaş”lar da kiçik idi...'
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

“Sağlam rəqabətə zərbə vura biləcək qədər böyük məbləğlərdir”

“Fərhad Əliyevin vaxtında dövlət büdcəsi 2 milyard manat idi, ona görə “paket maaş”ların məbləği də nisbətən kiçik idi. Neft gəlirləri artdıqca, məmurların da iştahı artdı”, - iqtisadçı Natiq Cəfərlinin sözləridir. O, Azərbaycanda ikili mühasibatın beynəlxalq maliyyə qurumlarının da diqqətini çəkdiyini deyir: “Biz burdakı məbləğləri, həcmi bilmədiyimizdən, “paket maaş”ın bütövlükdə həcmini deyə bilmərik, amma bir neçə il əvvəl Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ölkə iqtisadiyyatının yarısının “kölgə iqtisadiyyatı” olduğunu söyləmişdi”.

Buna da bax:​ Vergiyığanların qanuni gəlir mənbəyi artsa da...

İqtisadçı deyir ki, “korrupsiya sxemləri” vasitəsilə həm büdcə xərcləri şəffaf xərclənməyib, həm də korrupsiya yolu ilə yığılan vəsait məmurlar arasında bölünərək, ölkə iqtisadiyyatına basqı yaradıb: “Bu məbləğlər bazarda rəqabətə qeyri-sağlam təsir edə biləcək həcmdədir”.

Natiq Cəfərli artıq “paket maaş” dövriyyəsinin daralmağa başladığını söyləyir. Onun sözlərinə görə, neft gəlirlərinin azalması, istər-istəməz, “paket maaş”ın həcmini də azaldır.

“Zəhmətsiz gəlir”

Başqa bir iqtisadçı - Rəşad Həsənov bir müddət öncə “paket maaş”ın həcmini hesablamağa cəhd göstərib. O yazır ki, ölkədə 50-65 min nəfər 200 manatla 30 min manat civarında paket şəklində maaş alır: “Ümumiyyətlə, hər ay bu yolla bazarlara təxminən 70-85 milyon manat, il ərzində isə, orta hesabla, 950 milyon manat vəsait daxil olur”.

Buna da bax:​ 100 milyonluq layihə icra edir, amma 2-3 işçisi var

Rəşad Həsənovun fikrincə, bu məbləğ “zəhmətsiz gəlir” sayıldığından, onu alanların da çoxu bunu daha rahat xərcləyiblər.

“Çirkli pulların tərkib hissəsidir”

Hüquqşünas Əkrəm Həsənov “paket maaş”ı heç də “rahat gəlir” saymır, çünki bu, hüquqi məsuliyyət doğurur. O, AzadlıqRadiosu-na deyir ki, mənbəyi qanunsuz olduğundan, “paket maaş” çirkli pulların tərkib hissəsi sayılır: “Bu vəsait vergidən gizlədilir. Tutaq ki, nazir öz müavinlərinə, idarə rəhbərlərinə, şöbə müdirinə əlavə maaş verir və bu məbləğ rəsmi qeydiyyata alınmır. Bu zaman ortaya sual çıxır: Nazir bu vəsaiti haradan alıb məmura verir? Demək, ya büdcədən ayrılan vəsaiti korrupsiya yolu ilə mənimsəyir, ya da nazirlik kommersiya fəaliyyəti ilə məşğuldur, ya da bunların heç biri deyil, sadəcə, rüşvətdir”.

Əkrəm Həsənov: 'Nazir bu vəsaiti haradan alıb məmura verir? Demək, ya büdcədən ayrılanı mənimsəyir...'
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

Əkrəm Həsənovun sözlərinə görə, sadaladığı yollar çirkli pul mənbəyi sayılır və bu vəsaiti verən də, alan da hüquqi məsuliyyətə cəlb edilməlidir: “Axı alan da bilir ki, bu, qeyri-qanunidir, amma qəbul edir”.

Buna da bax:​ Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

Hüquqşünas deyir ki, məsələnin üstü açılanda vəsaitin qaytarılması onu qaytaranı hüquqi məsuliyyətdən azad etmir: “Türkiyədə bir qanun qəbul edib, zorladığı şəxslə zorlayanı evləndirmək istəyirlər. Lap buna oxşayır, üstü açılsa, gətirim geri qaytarim, canımı həbsdən qurtarım. Ancaq fikrimcə, kimsə bu məbləği geri qaytaracaqsa, bu, sadəcə, onun məsuliyyətini yüngülləşdirəcək amil sayıla bilər”.

“Qanunda “paket maaş” anlayışı yoxdur”

“Qanunda “paket maaş” deyilən bir şey yoxdur ki, onun qarşısının alınması üçün hansısa dəyişikliyə ehtiyac yaransın”, - Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyev AzadlıqRadiosu-nun sualını cavablarkən belə deyir. O, “Rabitəçilər işi” məhkəməsindən xəbərdardır, prosesi izləyir, ifadələri oxuyur və məhkəmə başa çatmadan “paket maaş” etiraflarını şərh etmək istəmir: “İş hələ yarımçıqdır, məhkəmə yekunlaşsın, o zaman görəcəyik, ayrı-ayrı epizodlar üzrə cinayət işi qaldırılacaq, ya yox. Hələlik, təqsirsizlik prezumpsiyası var”.

Fərəc Quliyev: 'Maaş olar, işçi də qol çəkib alar. 'Paket maaş olmaz ki!'
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

Ancaq deputat “qara mühasibat”ın büdcəyə ciddi zərər vurduğunu düşünür: “Maaş olar, işçi də qol çəkib alar. “Paket maaş” olmaz ki! Biz qanun da qəbul eləmişik ki, yaxşı işçi bəlli məbləğdə həvəsləndirici mükafatlar alsın”. Onun fikrincə, qanunsuz ödənişlər alan şəxs qanun qarşısında cavab verməlidir.

Buna da bax:​ '2 milyon nazirə, milyonyarım da müavinə verdim'

Vergilər Nazirliyi “paket maaş”ın önünü kəsir?

Vergilər Nazirliyi bu məsələyə cavabdehlik daşımır. Qurumun analitik-informasiya şöbəsindən AzadlıqRadiosu-na verilən məlumatda qeyd olunur ki, onlar biznes strukturlarının vergilərinə nəzarət edirlər: “Qeyri-leqal məşğulluq, işçilərə ödənilən əmək haqlarının düzgün sənədləşdirilməməsi, bəzən ikili mühasibat aparılması kimi hallar vergi və sosial ayırmaların ödənilməsindən yayınmaya səbəb olduğuna görə, Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində qeyri-leqal məşğulluğun leqallaşdırılması və qeyri-leqal əmək haqlarının verilməsinin qarşısının alınması istiqamətində əlaqədar dövlət qurumları ilə davamlı nəzarət tədbirləri həyata keçirir”.

Dövlət qurumlarının maliyyə məsələlərinin idarə olunmasına məsul qurum, təbii ki, Maliyyə Nazirliyidir. Bu qurum AzadlıqRadiosu-nun “paket maaş”la bağlı sualını hələ cavablandırmayıb.

Buna da bax: ‘Rabitəçilər işi’ndə Eldar Mahmudovun oğlunun adı çəkilib

“Özünüzü yormayın, əfəndilər”

Yüksəkvəzifəli şəxslərin gözqamaşdıran “paket maaş” etirafları sosial şəbəkələrdə də diqqətdənkənar qalmayıb. “Facebook” istifadəçisi Xalid Vahidoğlu yazır: “elə deyirlər, elə bil "paket maaş" təkcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində olub. Guya digər dövlət qurumlarında işləyənlər başqa planetdən gələn mələklərdir” yazır və əlavə edir: “Məmurların həyat tərzinin özü belə "paket maaş"ın miqdarını hesablamağa imkan verər. Özünüzü yormayın, əfəndilər, sistemin özü paket üzərində qurulub. Sadəcə, Novruzəli əskikdir”.

Kamran Bünyad adlı sosial şəbəkə istifadəçisi nazir müavininin maaşı ilə aldığı “paket” arasındakı fərqə təəccüblənir: “Nazir müavininin rəsmi maaşı – 1100; aldığı paket 30 min manatdır. Mən həmişə dostlara deyirdim ki, siz 2200 manata ölkənin bütün yükünü çiyinlərinizə alaraq baş nazir olardınızmı? Şəxsən mən yox! Çünki ortabab şirkətdə bundan daha yaxşı maaşla bir departamentin yükünü daşımaqla mükəlləf ola bilərsiniz. Məncə də, o boyda nazir və komitə rəhbərləri o qədər maaşa dolana bilməzlər və əslində, o maaşa dövlətə qulluq etmək çox çətin olar. Bir tək cənab prezident 15 min manatlıq maaşla birtəhər dolana bilər”.

XS
SM
MD
LG