Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:47

5 min manat ver və parklanmaya icazə al?


Parklanma. Foto arxiv.
Parklanma. Foto arxiv.

Bakıda özəl klinika, restoran və başqa obyektlərin önündə parklanmaya icazə almaqdan ötrü keçmiş Bakı Nəqliyyat Agentliyinə (BNA) külli miqdarda rüşvət verildiyi iddia edilir. Agentliyin Yol hərəkətinin təşkili şöbəsi müdirinin müavini Vüqar Hüseynov və bu şöbənin məsləhətçisi Hikmət Vəlizadə həmin ittihamla həbs olunublar. Məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarında ayrıca paytaxtın Həsən Əliyev küçəsində yerləşən "New Med" klinikası və "Avrasiya Hospital", eləcə də "Kuzə" restoranın önündə hərəkətin tənzimlənməsindən bəhs edilir.

İttihama görə, "Avrasiya Hospital"ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olsa da, klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. İddia edilir ki, BNA-nın vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən 7 min manat istəyib. Son nəticədə 5 min alınıb. Ardınca həmin küçədə "qarşılıqlı yol hərəkəti qadağandır" nişanı quraşdırılıb və avtomobillər üçün hərəkət birtərəfli olub.

"New Med" klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alındığı iddia edilir.

Bakıda parklama: sürücülər yer qıtlığından və cərimələrdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

İddiaya görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Kuzə" restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib - 8 min manat istənilib, sonda 6 min 500 manat alınıb.

V.Hüseynov və H.Vəlizadəyə qarşı ittihamda yazılıb ki, Bakıda çoxmərtəbəli bina tikən şirkətlərdən birinin rəhbərindən də rüşvət tələb ediblər. Ancaq o, pul verməyə razılaşmadığından BNA-dan "parklanmanın təşkilinə icazə verilmir" yazılı cavabını alıb.

Hakim önünə çıxarılan təqsirləndirilən şəxslər ötən ilin iyunundan həbsdədirlər. Onların hər ikisinə Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Suçlananların heç biri özünü təqsirli saymır və yanvarın 9-da keçirilən məhkəmədə də bunu dilə gətiriblər. Onlar ittihamda yazılanları qəbul etməsələr də, daha dolğun ifadə vermək də istəməyiblər. Vəkillərin sözlərinə görə, hər ikisi şahidlər dindiriləndən sonra danışmaq istəyir.

Xatırlatma

Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb. Daha bir fərman əsasında Agentlik 2022-ci il fevralın 7-də Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Prezidentinin 19 aprel 2023-cü ildə imzaladığı növbəti fərmanla isə ləğv edilib və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansına keçirilib.

XS
SM
MD
LG