Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

'Gerçək rəqiblər siyasi meydanda olmasın deyə, qəfil seçkilər müəyyənləşdirilir'


'Komandir bizə deyirdi ki, get filankəsə səs ver' – Ordu və həbsxanalarda seçki
Gözlə

No media source currently available

0:00 0:11:56 0:00

'Komandir bizə deyirdi ki, get filankəsə səs ver' – Ordu və həbsxanalarda seçki

"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) ilə eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: "Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər".

Son illər Azərbaycanda seçkilərin əksəriyyəti növbədənkənar keçirilir. Parlament seçkilərinin 2020-ci ildə təqribən altı ay önə çəkilməsi "islahatların sürətləndirilməsi" ilə izah edildi. Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkisinin bu il fevralın 7-nə təyin edilməsinə də ölkənin bütün ərazilərində suverenliyin bərpası səbəb göstərilmişdi. Rəsmilər deyirdilər ki, bu tarixi prosesdən sonra ölkədə ilk seçkilərin prezident seçkisi olmasını vacib sayırlar.

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

Deputat: "Onların qarşılanması, yola salınması çox ciddi işdir"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, bu il parlament seçkilərinin bir neçə ay tezləşdirilməsində heç bir səbəb axtarmaq lazım deyil: "Burada səbəb böyük beynəlxalq tədbirin keçirilməsidir. Həmin tədbirə on minlərlə insan gələcək. Onların qarşılanması, yerləşdirilməsi, yola salınması çox ciddi işdir və bunun öhdəsindən gəlmək asan məsələ deyil".

Deputatın fikrincə, həmin günləri seçkilərin keçirilməsi mümkün deyil: "Seçkilərin erkən keçirilməsi çox ciddi hadisə deyil. Burada başqa səbəb də axtarmaq lazım deyil. Səbəb elə COP29 tədbirinin keçirilməsidir. Biz bu tədbirlərin Bakıda keçirilməsində maraqlıyıq. Ona görə də seçkilərin bir və ya bir neçə ay irəli çəkilməsi əslində heç nəyi dəyişmir. Yəni, siyasi partiyalar beş il ərzində buna hazırlaşıblarsa, deməli, hazırlaşıblar, əks təqdirdə bir ay ərzində bu hazırlıq heç bir nəticə verməz".

Seymur Həzi
Seymur Həzi

Seçkilərin önə çəkilməsi ehtimalına parlamentdə yer almayan müxalif partiyalardan da, hələlik, etirazlar yoxdur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi AzadlıqRadiosuna bildirmişdi ki, seçkilərlə bağlı tələbləri onların keçirilmə müddəti ilə bağlı deyil: "Mövcud seçki qanunvericiliyi ilə demokratik seçkilər keçirmək mümkün deyil. Ona görə də həm qanunvericilik, həm də seçkiqabağı və seçki zamanı insan haqları ilə bağlı vəziyyət dəyişməlidir".

Hələlik, müxalif düşərgədən səslənən belə tələblərə hakim düşərgədən müsbət yanaşma sezilmir. Onlar, bir qayda olaraq, iddia edirlər ki, həm qanunvericilik, həm də real şərait azad və ədalətli seçkilərə tam imkan verir.

"Seçici bir faktor olaraq ortadan qalxıb"

Siyasi şərhçi Nəsimi Məmmədli də düşünür ki, Azərbaycandakı seçkiləri demokratik ölkələrdə keçirilən seçkilərlə müqayisə etmək doğru olmaz. "Azərbaycanda həmin günlər sadəcə səsvermə günləridir. Azərbaycanda seçici bir faktor olaraq ortadan qalxıb. Hesab edirəm ki, Azərbaycanda son illər keçirilən bu kampaniyalar seçkilər deyil. Ona görə də bunun nə zaman, hansı formada keçirilməsi elə də əhəmiyyət daşımır", - N.Məmmədli AzadlıqRadiosuna bildirib.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Onun sözlərinə görə, bununla bağlı Azərbaycanda ciddi müzakirələr aparılmayıb: "Ona görə ki, hər kəs başa düşür ki, bu, Konstitusiyada təsbit olunmuş bir normanın, seçki təqviminin icra edildiyini işarələmək üçün nəzərdə tutulur. Yəni, beş il tamam oldu, bunu keçirdik".

N.Məmmədli qeyd edib ki, Konstitusiyaya görə, parlament seçkiləri beş ildən bir noyabrın ilk həftəsinin üçüncü günü keçirilir: "Amma növbədənkənar seçkilərlə bağlı da həm Konstitusiyada, həm də Seçki Məcəlləsində normalar müəyyənləşib. Burada da hüquqi baxımından heç bir problem yoxdur".

"Azərbaycan cəmiyyətini hazırlıqsız yaxalasınlar"

Onun fikrincə, əsas siyasi qayğılar isə onunla bağlıdır ki, Azərbaycan cəmiyyətini hazırlıqsız yaxalasınlar: "Seçkilərə maraq göstərən qüvvələr, fərdlər bu fürsətlərdən yararlana bilməsinlər. Yəni nə qədər az namizəd olsa, seçki proseduru həyata keçirən qurum üçün bu o qədər də asan başa gəlir. Bu amillər ortadan qalxsın, gerçək rəqiblər siyasi meydanda olmasın deyə, qəfil seçkilər müəyyənləşdirilir".

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Onda MSK dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Bir sıra müxalif partiyalar onun ümumilikdə nəticələrini tanımadıqlarını açıqlayıblar. Amma rəsmilər bunu əsasız sayır və tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG