Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:42

Paşinyan: 'KTMT-Azərbaycan müharibəsini təhrik etmək istəmirik'


Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'

“Detallı sülh sazişi bizə çətinliklər yarada bilər”, – bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə hökumət saatında deyib.

O, çərçivə sazişi modeli yanaşmasını, böyük konkretlik olmadan cızılan çərçivə sənədini nəzərdə tutduğunu sözlərinə əlavə edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də Yerevanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir.

“Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”, – Paşinyan vurğulayıb.

Status məsələsi necə oldu ki...

Baş nazir Qarabağın statusu məsələsinin niyə təhlükəsizlik və hüquq məsələsinə çevrildiyini də dolayısı ilə qeyd edib: “Bizim status deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsi irəli sürməyimizin səbəbi Rusiyanın mövqeyini qəbul etmıyimizdir”.

Rusiyanın təkliflərinə gəlincə, Paşinyan deyir ki, bu məsələdə hakimiyyətin mövqeyi müxalifətlə, Qarabağda səslənən mövqelərlə oxşardır və Ermənistan bu təklifə daha öncə razılaşıb. Təklif isə belədir: Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq.

“Hakimiyyət bu razılaşmanı çoxdan, 2021-ci ilin yanvarından qəbul edib. Ancaq korrektlik səbəbindən bu haqda danışmırdı. Rusiya Federasiyası prezidentinə minnətdaram ki, bizə mövzunu izah etmək imkanı verdi”, – Paşinyan vurğulayıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 31 oktyabr Soçi görüşündən sonra deyirdi ki, Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Azərbaycan və Ermənistan liderləri Soçidə Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla görüşüblər. Paşinyan Soçi görüşündən sonra deyib ki, sülhməramlıların müddətinin uzadılması təklifi rədd olunub. Ancaq ona da eyham vurub ki, Rusiya hərbi kontingentinin müddətinin uzadılmasına etiraz mexanizmi ləğv oluna bilər.

“KTMT-Azərbaycan müharibəsini təhrik etmək istəmirik”

Paşinyan ümidvar olduğunu deyib ki, KTMT-nin noyabrın 23-də Yerevanda keçiriləcək sammitində Rusiyanın başçılıq etdiyi bu hərbi blok Ermənistanın mövqeyini aydın dəstəkləyəcək, Azərbaycan silahlı qüvvələrindən 2021-ci ilin mayında tutduğu mövqelərdən, Ermənistan ərazisindən çıxmasını tələb edəcək.

Azərbaycan isə ötən ilin mayında Ermənistanın ərazisinə girmədiyini, mövqelərini dəqiqləşdirdiyini deyirdi.

“KTMT bizə aydın dəstək verməliydi... Biz indi KTMT-Azərbaycan müharibəsini təhrik etmək istəmirik. Xeyr. Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti və əlaqələrimizn gələcəyi məhz bu məsələyə bağlı olacaq”, – baş nazir söyləyib.

Azərbaycanla Ermənistan arasında sentyabrın ortasında baş verən sərhəd toqquşmalarından sonra KTMT sərhədə faktaraşdırıcı missiya göndərməklə kifayətləndi. Həmin toqquşmalarda hər iki tərəfdən üst-üstə 300-dək hərbçi həlak olub.

Bakının tələbi, anklavlar

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Paşinyan dünənki çıxışında Azərbaycanın tutduğu ərazilərdən çıxması qarşılığında tələbini də açıqlayıb: Bakı tələb edir ki, Ermənistan da işğal olunmuş ərazilərdən çıxsın, ancaq Paşinyan hansı ərazilərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Prezident İlham Əliyev sentyabr toqquşmalarından sonra Ermənistanın ərazi müdaxiləsi ittihamlarını rədd edib, sərhədlərin delimitasiya olunmadığını bildirib.

Putin Qazaxın kəndlərinimi nəzərdə tutur?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Paşinyan anklav adı çəkməsə də, şimal-şərq hissədən söhbət getdiyini, Ermənistanın həll variantına hazır olduğunu deyib.

“Bunu rədd etmirik. Niyə? Çünki dörd erməni kəndinin böyük hissəsi işğal olunaraq onların ərazisindədir. Konkret nümunə çəkə bilərək. Tavuş rayonunun Berkaber kəndinin əkin sahələrinin 70 faizə yaxını işğal olunub. Bu, 1991, 1992-1994-cü illərdə baş verib. Sərhəd xəttini, göstərdiyinuz xəttin hüquqi əsaslandırmasını göstərib. Bu halda biz də sərhəd boyunca nə Azərbaycan, nə də Ermənistanın işğal olunmuş ərazisinin qalmamasına gedə bilərik... Biz bu həll variantlarına getməyə hazırıq, bu məsuliyyəti üzərimə götürməyə hazıram”, – Paşinyan vurğulayıb.

Azərbaycan- Ermənistan müharibəsi başlayanda Azərbaycana aid Qazaxın yeddi və Naxçıvanın bir kəndi Ermənistanın, Ermənistana aid Başkənd isə Azərbaycanın nəzarətinə keçib. Beynəlxalq Böhran Qrupu bir müddət öncə yazırdı ki, Azərbaycan sentyabr toqquşmalarından sonra hazırda Ermənistanın nəzarətində olan səkkiz kəndi geri almaq üçün Yerevana təzyiq göstərə bilər.

Qoşunları qarşılıqlı geri çəkmək

Sülh sazişinin imzalanması müddətinə gəlincə, Paşinyan sülh sazişi bağlanana, yaxud qüvvəyə minənədək sərhədlərin delimitasiyasını bitirməyin real olmadığını söyləyib. Ancaq Yerevan bu problemin həllini təklif edir:

“Qoşunları geri çəkməklə 1990-cı ildə mövcud olanı gerçəkləşdirə bilərik. Qoşunları qarşılıqlı geri çəkmək, monitorinq mexanizmi yaratmaq, sərhəd zonasında qoşun saxlamamaq, bu ərazini sərhəd xidmətinə vermək,... bundan sonra sakit şərtlərdə delimitasiya prosesinə keçmək, bu isə bir neçə il çəkə bilər”.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatı əsasında Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

9 noyabr atəşkəs bəyanatı və daha sonra imzalanmış üçtərəfli bəyanatlarda regionda kommunikasiya xətlərinin açılması nəzərdə tutulub.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG