Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:35

Paşinyan bir daha konstitusiyanın dəyişdirilməsinə çağırıb


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 5-də bir daha Ermənistanın yeni konstitusiyasının qəbuluna çağırıb.

Bundan əvvəl Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini istəmişdi.

Baş nazir erməniləri 1995-ci ildə referendumda qəbul olunmuş indiki konstitusiyanın 29-cu ildönümü münasibətilə təbrik edib.

Paşinyanın bayram münasibətilə dərc etdiyi iki səhifəlik bəyanatda deyilir:

“Bizə xalqın yaratdığı, qəbul etdiyi və inandığı yeni konstitusiya lazımdır ki, xalq onda yazılanların onun yaratdığı dövlət ideyasını, bu dövlətdəki xalq və vətəndaşlar arasında münasibətləri əks etdirdiyini görsün”.

Azərbaycan prezidenti və başqa Azərbaycan rəsmiləri son həftələrdə bəyan edirlər ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi şərtdir.

Bundan əvvəl prezident İlham Əliyev demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Paşinyan da ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Konstitusiyada ziddiyyət doğuran məqam

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına ana qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb.

Baş nazirin sözlərinə görə yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır.

Öz növbəsində Ermənistan müxalifəti Paşinyanı Azərbaycanın bütün istəklərini yerinə yetirməkdə və əvəzində heç bir qarşılıq istəməməkdə ittiham edir.

Kiçik rəy sorğusu

Azatuyunun Yerevanın küçələrində apardığı ayaqüstü kiçik sorğu Paşinyanın xalqın indiki konstitusiyanı özünə yad hiss etməsinə və yeni konstitusiyaya istəməsinə dair iddialarına dəstəyin az olduğunu göstərib.

Sorğuda iştirak edən bir qadın deyib ki, “Ermənistana yeni liderlik lazımdır və qoy o liderlik yeni konstitusiyaya ehtiyac olub-olmadığını desin”.

Başqa bir şəhər sakini isə bildirib ki, əsas konstitusiya yox, onun icrasıdır.

Üçüncü sorğu iştirakçısı isə fikrini qəti bildirib: “Əliyev kimdir ki, bizə konstitusiyamızı dəyişməyi əmr etsin?”

Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər
Gözlə

No media source currently available

0:00 0:12:41 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG