Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Azərbaycan XİN-dən Paşinyana cavab


Nikol Paşinyan
Nikol Paşinyan

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN-in saytında yer alan açıqlamasında o deyib ki, Ermənistan baş nazirinin iddiaları bölgədə sülhün bərqərar edilməsinə növbəti zərbədir. Onun fikrincə, Paşinyanın "azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulmasını inkar etməsi Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir".

Nazirlik sözçüsü hesab edir ki, Ermənistan rəhbərliyi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib edib: "...Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin "ərazi iddiası" kimi təqdim edilməsi Ermənistanın ... siyasətinin bir göstəricisidir".

O vurğulayır ki, Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, "Qarabağın xalqı və hökuməti" kimi ifadələr işlətməsi qəbuledilməzdir.

"Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəalara hər vəchlə qarşı çıxması,... bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə "beynəlxalq mexanizmlər", "beynəlxalq zəmanət institutu" kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir", - Hacızadə sonda da vurğulayıb.

Paşinyan: Azərbaycan saziş adı altında Ermənistana ərazi iddiaları formalaşdırmağa çalışır

“Tez-tez bizim ictimai meydanlarda Ermənistan hökumətinin hansısa sənədi imzalamağa hazırlaşması mənfi siqnal kimi təqdim olunur. Sizi əmin etmək istəyirəm ki, əgər imzalamaya 2-3 gün qalsa, bu, pis deyil, gerçəkdən də çox yaxşı xəbərdir”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, danışıqlar prosesində proqres və nəticənin əldə olunması deməkdir.

“Ortalıqda sənəd varmı? Bilirsiniz ki, fevralın ortasında sülh sazişinin mümkün layihəsinə növbəti reaksiyamızı Azərbaycana təqdim etdik. 2-3 gün öncə Azərbaycandan layihəmizə reaksiya almışıq”, – Paşinyan vurğulayıb.

“Bu bizim üçün qırmızı xətdir”

Sənəddə proqresin olmasına gəlincə, baş nazir qeyd edib ki, müəyyən proqres görünür, ancaq daha çox irəliləyiş göründükcə, ortaya fundamental problemlər çıxır.

“Əvvəla, görürük ki, Azərbaycan mümkün sülh sazişi vasitəsilə Ermənistan Respublikasına ərazi iddiaları formalaşdırmağa çalışır. Bu bizim üçün qırmızı xətdir. Daha sonra görürük ki, Azərbaycan bu mətndəki təkliflər vasitəsilə, həm də Ermənistanın imzasıyla Dağlıq Qarabağda genosidə, yaxud etnik təmizləməyə mandat əldə etməyə çalışır. Bu da təbii ki, bizim üçün qırmızı xətdir”, – Paşinyan vurğulayıb.

Rəsmi Bakı, hələlik, bu iddialara münasibət açıqlamayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə ərazilərinin bir hissəsinə nəzarəti bərpa etsə də, Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

Paşinyan Qarabağ xalqının hüquq və təhlükəsizliyinin onlar üçün çox vacib məsələlərdən biri olduğunu, Bakı ilə Xankəndi arasında dialoqu vacib saydığını vurğulayıb.

İnteqrasiya məsələsi

Son günlər Qarabağdakı sülhməramlı kontingentin qərargahında Qarabağ erməniləri ilə görüşlər keçirilib.

“Bu görüşlərdən sonra aydın oldu ki, Azərbaycan inteqrasiya məsələsinin müzakirəsini təklif edir. Problem leksikonda deyil, onun mahiyyətindədir, Azərbaycanın sözünü tutmamasındadır”, – deyən Paşinyan Qarabağ xalqı və hökumətinin öz müqəddəratını təyin etməsinin vacibliyini qeyd edib.

Azərbaycan hakimiyyəti Qarabağın erməni əhalisini öz vətəndaşları saydığını deyir, onların hüquq və təhlüksizliyinin ölkənin daxili işi olduğunu bildirir.

Martın 13-də Prezident Administrasiyası Qarabağ ermənilərini görüş üçün Bakıya dəvət edib. Xankəndidəki separatçı rejimsə Azərbaycan hökumətinin onlarla reinteqrasiya məsələlərinin müzakirəsi üçün Bakıya dəvətini rədd edib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edib.

XS
SM
MD
LG