Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Ermənistan parlamentində gərginlik. Müxalifət zaldan çıxarılıb [Video]


Ermənistanın Milli Məclisində aprelin 20-də vəziyyət yenidən gərginləşib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, buna müxalifət deputatlarından birinin tribunadan verdiyi bir bəyanat səbəb olub.

Keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının deputatı Taqui Tovmasyan hökumətin inkişaf proqramının müzakirəsi zamanı deyib ki, o siyasi etiraz aksiyası keçirir və parlamenti tərk etməyəcək:

“Mən sizə imkan vermərəm ki, ölkənin bir nömrəli tribunasından yenə də yalan danışıb Artsaxın (Qarabağ-red) ermənilərə məxsusluğunu və ya bütünlükdə erməni xalqının tarixini şübhə altına alasınız. Bəsdir, ayılın və məsuliyyətinizin qədərini bilin”.

Bu bəyanatın ardınca parlamentin spikeri Alen Simonyan translyasiyanın dayandırılmasına göstəriş verib və zala təhlükəsizlik əməkdaşlarını çağırıb.

Təhlükəsizlik xidməti Tovmasyanı və başqa müxalifətçi deputatları zaldan çıxarıb.

Zaldan çıxarılan Tovmasyan daha sonra jurnalistlərə deyib:

“Hazırda konkret qanunsuzluq baş verir. Bizi Milli Məclis sədrinin göstərişi ilə kobud güc tətbiq edərək parlamentin iclas zalından çıxarıblar və bizə iş yerimizə daxil olmaq qadağan edilib. Bu açıq qanunsuzluq, insan haqlarının və deputatın fəaliyyət hüququnun birbaşa pozulmasıdır...”

Paşinyan: Sərhədin bu hissəsinə aid bizim və azərbaycanlıların ümumi rəyi var

“Bizim Teğ kəndindən sərhədin 11 kilometri keçir. Biz bunun 5 kilometrini mübahisəli hesab edirik”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O əlavə edib ki, mübahisəli sahə 1.4 kilometr də azalıb.

Paşinyan izah edib ki, sərhədin bu sektoruna düzəliş edilib:

“Bu o deməkdir ki, bu sahəyə aid bizim də, azərbaycanlıların da ümumi rəyimiz var. Bu həm də o deməkdir ki, Ermənistan sərhədçiləri bu sərhəddən müəyyən məsafədə dayanırlar, o biri tərəfdən isə Azərbaycan sərhədçiləri bu sərhəddən müəyyən məsafədə dayanırlar”.

Nikol Paşinyan bildirib ki, “mübahisəli qalan 3.6 kilometrlik sahə də dəqiqləşdiriləcək və bu mövzu bağlanacaq”.

Bundan əvvəl

Martın 30-da Azərbaycan bəyan etmişdi ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə balı Azərbaycan silahlı qüvvələri bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları nəzarətə götürüb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti o vaxt bildirmişdi ki, bu sahədə ən azı 5 nöqtədə Azərbaycan silahlı qüvvələri sərhəddən 100-300 metr içəridə yerləşib.

Lakin MTX-nin az sonra verilən bəyanatında bildirilirdi ki, sərhədin dəqiqləşdirilməsi ilə bağlı aparılan işdən sonra “vəziyyət xeyli yaxşılaşıb”.

O vaxt Teğ kəndinin sakinləri azərbaycanlıların onların əkin sahələrində yerləşməsindən şikayət etmişdilər.

Onda Nikol Paşinyan demişdi ki, sərhədin 12 kilometrlik sektorunun 7 kilometrində sərhəd məntəqələrinin yerləri müəyyənləşdirilib və qalan 5 kilometrlik sahə üzrə dəqiqləşdirmə işləri aparılır.

Paşinyan: 'Sülh istəyirik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Xatırlatma

Aprelin 11-də Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya olunmamış hissəsində, Ermənistanın Teğ kəndi yaxınlığında iki tərəfin orduları arasında silahlı toqquşma baş verib.

Atışmada Azərbaycan tərəfindən 3, Ermənistan tərəfindən 4 hərbçinin həlak olduğu xəbər verilib.

Tərəflər qanlı insidentə görə qarşılıqlı ittihamlar səsləndiriblər.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG