Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:47

Paşinyan sülhməramlıların Qarabağda 15-20 il qalmasını istəyir


Rusiyanın sülhyaratma kontingenti Qarabağda, arxiv foto
Rusiyanın sülhyaratma kontingenti Qarabağda, arxiv foto

Paşinyan istəyir ki, Rusiya prezidenti belə təkliflə çıxış etsin və deyir, lazım gəlsə "mən də edəcəm". Amma o, həm də bunu tək onun qərar verə biləcəyi məsələ saymır

“Soçidə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazıram”.

AzadlıqRadiosunun erməni xidməti, "Azatutyun" yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da hakim “Mülki müqavilə” partiyasının qurultayında çıxışı zamanı deyib.

Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.

“Biz Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Artsaxda [Dağlıq Qarabağ - red.] mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Rusiya Prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya Prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”, - Paşinyan bildirib.

‘Putin Azərbaycanı da hədələyir’ – Yerevan və Bakıdan ekspertlər
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Qarabağdakı separatçı rejim isə Rusiyanın Qarabağda müddətsiz qalmasını istəyir.

AzadlıqRadiosunun erməni xidməti separatçıların rəhbəri Arayik Arutyunyanın Facebook səhifəsində paylaşımına istinadən yazır ki, o ilk növbədə Rusiya sülhməramlı qüvvələrinin missiyasının müddətsiz uzadılmasını vacib sayır. O bunun həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, 2020-ci ilin noyabrından etibarən Rusiya sülhməramlıları onların təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. Onun fikirincə, ikinci əsas parametr isə statuslarının ən azı indiki vəziyyətdə saxlanmasıdır.

9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına əsasən, Rusiya sülhməramlı kontingentinin bölgədə qalma müddəti, tərəflərdən birinin ilkin 5 illik müddətin bitməsinə 6 ay qalmış edəcəyi müraciətdən asılıdır.

Soçidə Qarabağla bağlı hər hansı sənədin imzalanması ehtimalına gəlincə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin görüşünü gözləmək lazım olduğunu deyib. Məlumatı RİA Novosti yayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bu il sentyabrın ortalarında iki ölkə sərhədində yenidən vəziyyət gərginləşib, ağır silahlar işə düşüb. Nəticədə hər iki tərəfdən ümumilikdə 300-dən çox hərbi qulluqçu həlak olub. Lakin bir neçə günə tərəflər arasında yenidən atəşkəs bərpa edilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG