Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:29

Paşinyan: ‘Ümid edirik ki, Rusiya...’


Nikol Paşinyan erməni icmasıyla görüşüb
Nikol Paşinyan erməni icmasıyla görüşüb

Paşinyan Rusiya Prezidenti ilə daimi ünsiyyətdə olduğunu, sonuncu dəfə mayın 31-də telefon söhbəti etdiklərini deyib

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan iyunun 1-də Fransada erməni icmasıyla görüşüb.

Həmin gün Paşinyanla görüşmüş Prezident Emmanuel Makron isə Azərbaycanı qüvvələrini “Ermənistanın suveren ərazisindən çəkilməyə” çağırıb.

Ermənistan bildirir ki, Azərbaycan qüvvələri mayın 12-də Sünik vilayətində onun ərazisinə bir neçə kilometr giriblər. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bəyan edib.

“Prezident Makron xarici təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun regionumuzda sabitlik və təhlükəsizliyin təminatına daha artıq cəlbində maraqlıdır və bundan ötrü fəali siyasət aparmaq niyyətindədir”, – Paşinyan deyib.

Onun sözlərinə görə, Makronla Minsk qrupu çərçivəsində Qarabağ sülh prosesinin bərpasından ötrü hansı addımların gərəkdiyini müzakirə ediblər.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə iyunun 2-də bildirib ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır: "Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük".

“Bu faktın təsdiqindən sonra...”

Rusiyanın roluna gəlincə, Paşinyan Rusiya Prezidenti ilə daimi ünsiyyətdə olduğunu, sonuncu dəfə mayın 31-də telefon söhbəti etdiklərini söyləyib. Paşinyan deyir ki, vəziyyətin həllinə oxşar yanaşma mövcuddur: Azərbaycan silahlı qüvvələri Ermənistan sərhədindən çəkilməlidirlər.

“Mövqeyimiz belədir ki, Azərbaycan, dediyim kimi, qoşunlarını çıxarmalıdır. Ümid edirik, Rusiya həm KTMT tərəfdaşı, həm də strateji tərəfdaş kimi bu mövqeni dəqiq formalaşdıracaq. Çünki bu faktın təsdiqindən sonra Azərbaycan qoşunlarının çıxmaması KTMT-nin 4-cü maddəsinin işə salınması deməkdir. Bu maddə mövcud hərəkətləri üzv ölkəyə qarşı təcavüz kimi qiymətləndirir”, – Paşinyan deyib.

Onun sözlərinə görə, mübahisəli hissədə Ermənistan sərhədiylə bağlı Rusiya ilə mövqeləri üst-üstə düşür. Paşinyan deyir ki, söhbət sovet vaxtı delimitasiya və demarkasiya olunmuş, keçmiş Sovet İttifaqın aid administrativ sərhədindən gedir, Ermənistanla Rusiyanın xəritələr və oxşardır.

Etirazçıların hücumu

AzadlıqRadiosu-nun Ermənistan xidməti görüşün etiraz aksiyası və insidentlə müşayiət olunduğunu yazır. Daşnaksutyun partiyası görüşü boykot edib, onlarla nümayişçi isə Ermənistan səfirliyi yanında təhqiredici şüarlar səsləndiriblər. Paşinyanın nümayəndə heyətini və jurnalistləri aparan kortec də hücuma məruz qalıb. Nümayişçilər jurnalistlərin olduğu avtomobilin ön şüşəsini və güzgüsünü sındırıblar. Polis kordon quraraq etirazçıları səfirlik binasına buraxmayıb.

Görüşə qatılanlar isə Paşinyanı alqışlarla qarşılayıblar.

Baş nazir əvəzi ötən gecə Belçikaya gedib. İyunun 2-də onun Brüsseldə ölkənin baş naziri, həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişellə görüşəcəyi gözlənir.

Prezident İlham Əliyev isə bu günlərdə bir daha bəyan edib ki, Azərbaycan dövlət sərhədində möhkəmlənəcək: “Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir".

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma 10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG