Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:52

Polşa F-35 qırıcıları almaq üçün 4.6 milyard dollarlıq müqavilə imzalayıb


Polşaya F-35A Lightning II qırıcı təyyarələri 2024 və 2030-cu illər arasında çatdırılacaq
Polşaya F-35A Lightning II qırıcı təyyarələri 2024 və 2030-cu illər arasında çatdırılacaq

Yanvarın 31-də Polşa Birləşmiş Ştatlarla 32 ədəd təkmil F-35 qırıcısının alınması üçün 4.6 milyard dollarlıq müqavilə imzalayıb.

Təhlilçilər bildirirlər ki, bu razılaşma Rusiyanın hərbi fəallığının artdığı bir dövrdə NATO-nun şərq cinahını gücləndirməlidir.

Polşa prezidenti Andrzej Duda deyib ki, “bu Polşanın hərbi qüvvələrinin, onun və Şərqi Avropanın təhlükəsizliyinin gücləndirilməsində tarixi bir gündür”.

Polşanın müdafiə naziri Mariusz Blaszczak müqaviləni imzaladıqdan sonra sənədi Deblində keçirilən təntənəli mərasim zamanı ABŞ-ın Polşadakı səfiri Georgette Mosbacher-ə təqdim edib.

Duda bildirib ki, bu, Polşa silahlı qüvvələrinin tarixində ən böyük sövdələşmə olub.

ABŞ Dövlət Departamenti Polşanın öz silahlı qüvvələrini modernləşdirmək səylərini təqdir edib.

Polşaya sözü gedən F-35A Lightning II qırıcı təyyarələri 2024 və 2030-cu illər arasında çatdırılacaq.

Beləliklə də, Polşa NATO-nun F-35 qırıcılarına sahib onuncu ölkəsinə çevriləcək.

Polşanın hərbi hava qüvvələrində hazırda 50-dək F-16 qırıcıları var.

Müxalifət bu sövdələşməni Polşa üçün maliyyə baxımından bahalı razılaşma kimi tənqid edib.

Tənqidçilər deyirlər ki, Polşa bu mükəmməl qırıcıların bütün imkanlarından istifadə edə bilməyəcək.

Müxalifət hökuməti habelə F-35-ləri heç bir tender keçirmədən almaqda günahlandırır.

Ötən il Polşa Amerikadan səyyar raket qurğularının alınması üçün 414 milyon dollar ödəmişdi.

Bundan başqa Varşava 2018-ci ildə ABŞ-dan Patriot raket sistemlərinin alınması üçün 4.75 milyard dollarlıq kontrakt imzalamışdı.

XS
SM
MD
LG