Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:31

Qətl ittihamı ilə 4 il həbsdə qalıb bəraət alan: 'Cinayəti aça bilmirdilər, fağır adamam, yıxmışdılar üstümə'


Polad İsmayılov
Polad İsmayılov

Qəsdən adam öldürmə ittihamı ilə 11 il azadlıqdan məhrum edilən və 4 il həbsdə qalan Polad İsmayılova bəraət verilib. O, dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Hökmü Rövşən Rəfiyev, Xaqani Məmmədov və Elçin Hüseynovdan ibarət hakimlər kollegiyası çıxarıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib. Onlar P.İsmayılova bəraət verməklə yanaşı, bu işin istintaqını aparan şəxslər haqqında da xüsusi qərar çıxarıb.

P.İsmayılovun 50 yaşı var. O, 2011-ci ilin fevralında Zaqatalada 61-yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanırdı. Hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs olunub. Öncə ona polisə müqavimət ittihamı ilə – İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 10 sutka həbs cəzası verilib. Sonradan S.Əyyubovanın qətli ilə bağlı ittiham da irəli sürülüb. İddia edilib ki, P.İsmayılov inzibati həbsdə olduğu müddətdə məktub yazaraq 9 il öncə törətdiyi cinayətə görə vicdan əzabı çəkdiyini və indi etiraf etdiyini göstərib.

Cinayət işinin materiallarına görə, "Mega Trans" MMC-də yük maşını sürən P.İsmayılov Zaqatala-Balakən bölgəsində olarkən evini müxtəlif adamlara günlük kirayə verən S.Əyyubovanın evində qalırmış. O evdə, elə gün olub, eyni vaxtda 10-15 nəfər gecələyirmiş.

Qətlin səbəbinə gəlincə, iddia olunur ki, P.İsmayılov hadisədən bir neçə il öncə S.Əyyubovanın evinə qadın gətirib. Ev sahibi bir müddət sonra bu haqda polisə məlumat verib. Bu üzdən aralarında ədavət yaranıb.

Bundan başqa, evin sahibəsi hadisədən bir gün öncə gecə P.İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası yatacaq. Səhər oyananda P.İsmayılov həmin çarpayının boş olduğunu görərək qadının ona yalan danışdığını düşünüb. Beləcə, ondan qisas almaq fikrinə düşüb.

Bu ittihamla 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 11 il həbs cəzası kəsilib. Şəki Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bu il mayın 26-da Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib. Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası bu işdə çoxsaylı ziddiyyətlər olduğunu əsas gətirərək yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarıb.

"Bildim ki, bunlardan nə desən, gözləmək olar"

P.İsmayılov Şəki Apellyasiya Məhkəməsində təkrar araşdırmalar zamanı bildirib ki, 4 ilə yaxındır törətmədiyi cinayətə görə cəza çəkir. Onun sözlərinə görə, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər. O vurğulayıb ki, cinayəti işgəncə, təhdid yolu ilə onun üzərinə qoyublar: "Əl-ayağımı skoçladılar, o qədər döydülər, deyiləsi deyil. Gördülər ki, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm?!. Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla həyatıma necə davam eləyim, ona görə razılaşdım...".

Dekabrın 28-də məhkəmədə prokuror 11 illik hökmün qüvvədə saxlanmasını istəyib. Dövlət ittihamçısı Abdulla Abdullayev bildirib ki, P.İsmayılovun bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib.

P.İsmayılovun vəkili Zabil Qəhrəmanovsa müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq ona bəraət verilməsini istəyib.

"Polad İsmayılovun qan qrupu birinci qrupdur, hadisə yerindən tapılmış qan isə üçüncü qrupdur. Yazıblar ki, evə Yeganə adlı qadını gətirib. Niyə prokurorluq o Yeganənin kimliyini müəyyənləşdirməyib, onu dindirməyib? Çünki belə bir boşanmış adam yoxdur, yalandır. Hadisədən sonra kranın altından qanlı bıçaq tapılıb. Polad İsmayılovsa ifadəsində deyir ki, öldürəndən sonra bıçağı aparıb Kürdəmirdə çaya atmışam. Cinayət evin başqa otağında baş verib, Polad İsmayılovsa videogörüntülərdə zalı göstərir...", - deyə vəkil işdəki ziddiyyətlərin bir qismini sadalayıb.

"Gec də olsa, ədalət oldu"

P.İsmayılovun özü son sözündə təqsirsiz olduğunu vurğulayıb və məhkəmədən ədalətli hökm çıxarmasını istəyib.

Ardından müşavirəyə gedən hakimlər təxminən 15 dəqiqə sonra geri qayıdaraq bəraət hökmünü elan ediblər.

P.İsmayılov həbsdən çıxandan sonra AzadlıqRadiosuna açıqlamasında deyib ki, törətmədiyi cinayət onun boynuna qoyulmuşdu. Bu baxımdan, azadlıq onun haqqı idi: "Bu haqqımın qaytarılmasında mənə yardım edən vəkilimə, bəraət hökmünü çıxaran hakimlərə, həmçinin Ali Məhkəmədə işimə düzgün baxan Rəşad Abdulova minnətdaram. Cinayəti aça bilmirdilər, mən də fağır adamam, yıxmışdılar üstümə. Amma Allah var, gec də olsa, ədalət oldu...".

XS
SM
MD
LG