Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:43

Müharibə potaşı bahalandırıb - Qərb mediası


Belarusda Belaruskali potaş mədənləri
Belarusda Belaruskali potaş mədənləri

Təhlilçilərin fikrincə, hətta qiymət artımı səngisə belə, uzunmüddətli orta göstəricidən yuxarı həddə qalacaq

Moskvanın Ukraynaya hücumu Qərbin Rusiya və Belarusdan gübrə idxalına sanksiya tətbiqiylə nəticələnib. “The Financial Times” qəzeti on il ərzində potaş bazarında izafi istehsal və ucuz qiymətlərin hökm sürdüyünü, indi isə tərsinə prosesin getdiyini yazır.

Qlobal təchizatın 40 faizini tutan Rusiya və Belarusa sanksiyalar alıcıların sayını artırıb. Bu fonda qlobal ərzaq böhranıyla bağlı xəbərdarlıqlar da güclənir.

Kənd təsərrüfatı ölkəsi Braziliyada son bir ildə qiymətlər 185 faiz artıb, tonu 1100 dolları keçib. Avropada isə qiymət 240 faiz bahalanıb, tonu 875 avroya yüksəlib.

Potaş suda həllolunan kaliumla zəngin mineraldır. Qarğıdalı, soya, düyü, buğda kimi vacib bitkilərin istehsalında vacib sayılan bu gübrənin təchizatında qəfil azalma dünyada məhsul yığımına təhlükə yaradıb.

Layihələr

Qəzet yazır ki, BHP şirkəti Kanadanın qərbi Saskaçevan vilayətindəki Yansen kəndində 5.7 milyard dollarlıq potaş layihəsinə 2027 deyil, 2026-cı ildə başlamağı nəzərdən keçirir. Dünyanın ən böyük mədən şirkəti olan BHP artıq layihənin ikinci fazada genişləndirilməsini tədqiq edir. Bu mərhələdə potaş istehsalı iki dəfə artırılaraq ilə 8 milyon tona çatdırılacaq.

Amazonda 2.5 milyard dollarlıq potaş mədən layihəsinin tərəfdarları da hərəkətə keçirlər. Ətraf mühitlə bağlı gərəkən lisenziyaları əldə etməkdən ötrü “Brazil Potash” yerli əhali ilə məsləhətləşməlidir.

Daha kiçik şirkətlərsə siyasi baxımdan sabit yurisdiksiyalarda yeni layihələrə başlamaq, yaxud onları tamamlamaq üçün kapital yığırlar.

Avstraliyanın “Highfield Resources” şirkəti bu il İspaniyada potaş layihəsinə başlamağı planlaşdırır, potensial tərəfdaşlarla danışıqlara başlayıb, Avropa bankları konsorsiumundan 312.5 milyon avroluq maliyyə paketini əldə etmək üzrədir.

“Ukraynaya müharibə başlayandan maraqda böyük fərq görürük”, – şirkətin başçısı İqnasio Salazar deyib.

Belarus bazara yol taparsa...

Qəzet yazır ki, potaşın qiymətlərində indiki artım əsasən Belarusun beynəlxalq bazarlara yol tapmaması ilə bağlıdır. Avropa İttifaqı və ABŞ bu ölkəyə sanksiyalar tətbiq edib, qonşu Litva isə dəmiryolları və limanlara çıxışını bloklayıb.

Belarus hazırda normal həcmin 5 faizi qədər, əsasən Çinə potaş satır. Ancaq Minsk Rusiyanın Baltik limanlarına yol tapa bilər ki, bu da sonucda qiymətlərdə azalmaya səbəb olar, İHS Markit şirkətindən Allan Piket deyir.

Təhlilçilərin fikrincə, hətta qiymət artımı səngisə belə, uzunmüddətli orta göstəricidən yuxarı həddə qalacaq. Almaniyanın K+S şirkəti bu yaxınlarda bir konfransda bildirib ki, bir ton üçün yeni başlanğıc qiymət 500 dollar səviyyəsində oturuşa bilər. Bu indiki real qiymətin yarısı, öncəki dekadanın ortalama qiymətindən isə iki dəfə çox deməkdir.

XS
SM
MD
LG